İDMAN

11 Oktyabr

Soydaşlarımız millini Tallində tək qoymayacaq

Bu gün Tallində Estoniya - Azərbaycan futbol qarşılaşması baş tutacaq.

Fins.az xəbər verir ki, Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev, eksklüziv açıqlamasında oyuna olan yüksək marağı vurğulayıb: “Nəinki Estoniyadan, hətta Latviya, Litva, Finlandiya və İsveçdən də həmyerlilərimiz komandamızı dəstəkləmək üçün gələcək. Bayraqlarımız hazırdır və Tallin soyuğunda komandamızı isti ürəklə qarşılayacağıq.”

Hacıyev, ötən ilki matçda olduğu kimi daha çox azarkeşin olacağını düşünür və “Keçən oyunda 2:0 hesabı ilə qalib gələn millimizin bu gün də eyni uğuru təkrarlayacağına inanırıq,” - deyə əlavə edib.

Baş məşqçi Fernandu Santuşun sərəncamında 23 futbolçu yer alıb. Matç, Aydın Bayramov, Zamiq Əliyev və Vadim Abdullayev üçün debütlə əlamətdar olacaq. Hal-hazırda, Bədavi Hüseynov 73 görüş ilə komandada rekordçudur, Ramil Şeydayev və Emin Mahmudov isə 50-dən çox matç keçiriblər. Emin Mahmudov, bu gün 15-ci qolunu vurduğu halda, milli tarixinin ən yaxşı bombardiri adını qazanacaq.

Tallindəki matç, həmçinin bəzi futbolçular üçün yubileylə də əlamətdar olacaq. Aleksey İsayev 25-ci, Rahil Məmmədov 20-ci, Ozan Can Kökçü isə 10-cu dəfə milli forma geyinməyə hazırlaşır.

Estoniya - Azərbaycan matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Zemfira Ms
Fins.az