"Qarabağ” futbol klubunun Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”suna uduzması klubun maliyyə baxımından ciddi ziyana səbəb olub.
Fins.az xəbər verir ki, bu məğlubiyyət “Qarabağ”ın Liqa mərhələsinə vəsiqə qazanaraq 18,62 milyon avro əldə etmə şansını itirməsi ilə nəticələnib.
Əgər “Qarabağ” Avropa Liqasının eyni mərhələsində oynasa, bu, Ağdam klubuna 4,31 milyon avro qazandıracaq. Beləliklə, Çempionlar Liqasındakı pley-offdakı məğlubiyyət “Qarabağ”a təxminən 14,31 milyon avroya başa gəlib ki, bu da təxminən 27 milyon 70 min manata bərabərdir.
Avropa Liqasının əsas mərhələsində hər qələbə 450 min avro, heç-heçə isə 150 min avro qazandıracaq. Bu rəqəmlər Çempionlar Liqasında müvafiq olaraq 2,1 milyon avro və 700 min avroya bərabərdir.