İDMAN

30 May

Peşəkar Futbol Liqası "İrəvan" klubu ilə bağlı qərarını verib

Peşəkar Futbol Liqası "İrəvan" klubu ilə bağlı qərarını verib.

Fins.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

"İrəvan" Futbol Klubu AFFA-nın Lisenziya Komissiyası tələblərinə cavab verə bilmədiyinə görə növbəti mövsüm üçün I Liqa yarışlarında iştirak üçün lisenziya əldə edə bilməyib. Bununla yanaşı, klub tərəfindən PFL-ə bu halda hər bir kluba apelyasiya müraciəti üçün təqdim edilən 10 günlük müddətdən də istifadə edilməyəcəyi ilə bağlı elektron məktub ünvanlanıb.

Bütün bunları nəzərə alan PFL Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, Əvəzedicilər liqası və I Liqa yarışlarının 2023-2024-cü illər mövsümünün Əsasnaməsinin 3-cü (Yarışların təşkili və keçirilmə şərtləri) maddəsinin 10-cu bəndini rəhbər tutaraq aşağıdakı qərarları qəbul edib.

Qərara əsasən, "İrəvan" Lisenziyalaşdırma tələblərinə cavab vermədiyi üçün I Liqa yarışlarından kənarlaşdırılıb.

Bu mövsüm I Liqada sonuncu yeri tutmuş "Araz Saatlı" qarşıdakı mövsümdə I Liqada mübarizə aparmaq üçün II Liqada ikinci yeri tutmuş "Cəbrayıl" komandası ilə pley-off matçlarında mübarizə aparacaq. Pley-off oyunlarının detallarını PFL sonradan açıqlayacaq.