Bakı, 23 noyabr Fins.az
Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatının ardından cüdoçuların dünya reytinqi açıqlanıb.
Fins.az-ın məlumatına görə, siyahıda bir sıra dəyişikliklər baş verib.
Bu, Azərbaycan idmançılarından da yan ötməyib. Dörd cüdoçumuz öz çəkisində “Top-10”da, dördü isə ikinci “onluq”da yer alıb.
Praqada bürünc medal qazanan Rüstəm Orucov (73 kq) xal hesabını 6575-ə çatdırıb. 1 pillə irəliləyən təmsilçimiz reytinq cədvəlinin zirvəsinə yüksəlib.
Avropa çempionatında gümüşə yiyələnən İrina Kindzerska (+78 kq) da bir addım irəliləyib. O, 5464 xalla dünya 4-cüsüdür.
Avropa üçüncüsü Məmmədəli Mehdiyev (90 kq) 5-ci pillədə qalıb – 4309 xal. Praqada uğursuz çıxış edən Elmar Qasımovun (100 kq) da mövqeyi dəyişməyib. O, 3994 xalla 10-cudur.
Digər cüdoçularımız “onluq”dan kənarda qalıb. Hidayət Heydərov (73 kq) 3346 xalla 11-ci, bir pillə geriləyən Zelim Kotsoyev (100 kq) 3267 xalla 13-cüdür. Avropa çempionu Orxan Səfərov (66 kq) 6 pilləlik sıçrayışa nail olub. O, 2276 xalla 16-cı sırada yer alıb. Mövqeyini iki pillə pisləşdirən Uşanqi Kokauri (+100 kq) 2518 xalla 19-cudur.