İDMAN

18 Noyabr

Federasiya rəsmisi: "Erməni cüdoçular bizim üçün əsas rəqib olmayıb"

Bakı, 18 noyabr Fins.az 

"Milli komanda Avropa çempionatına tam heyətlə yollanıb. Bakıda və Çexiyanın paytaxtı Praqada götürülmüş koronavirus testlərinin nəticəsi mənfi olub. Yarışın keçiriləcəyi arenada da idmançılardan testlər götürüləcək".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı qarşıdakı Avropa çempionatı barədə danışarkən deyib.

Federasiya rəsmisi idmançıların medal şanslarını yüksək qiymətləndirib: "Hər bir cüdoçumuzun medal şansı var. Hamısı yarışa tam hazırdıq. Amma həmişə hansı idmançının medal qazanmasına öyrəşmişiksə, onlardan da medalların gəlməsi realdır. Sürpriz nəticələrin qeydə alınacağını düşünmürəm".

Baş katib 66 kq-dakı Orxan Səfərov və Nicat Şıxəlizadənin medala layiq olduqlarını, 73 kq-da yer alan Rüstəm Orucovdan isə qızıl medal gözlədiklərini sözlərinə əlavə edib: "Eyni çəkidəki Telman Vəliyev gənc və perspektivlidir, qitə çempionatına iddialı yollanıb. Çexiyaya təcrübə toplamağa yox, medal qazanmağa gedib".

Federasiya rəsmisi digər cüdoçuların da şanslarından danışıb: "90 kq-da Məmmədəli Mehdiyevin də uğurlarını görmüşük, Avropa çempionatında imkanlarından maksimum istifadə etsə, uğur qazana bilər. 100 kq-dakı Zelim Kotsoyev və Elmar Qasımov dəfələrlə medallar qazanıblar. 100 kq-dan yuxarı çəkidə Uşanqi Kokauri bir neçə dəfə sübut edib ki, sürpriz nəticələr əldə etməyə qadirdir. 2018-ci ildə Bakıdakı dünya çempionatında finala çıxdı və gümüş medal qazandı. O da potensiallıdır var və medal qazanma şansına malikdir".

Babanlı qadın cüdoçuların da medal əldə edəcəyinə inandığını sözlərinə əlavə edib: "Qadınlar son turnirlərdə ilkin görüşlərdə qələbə qazana bilirlər. Bu isə olimpiada üçün çox vacib lisenziya xallarıdır. Yarışlarda mərhələ adlamaları onları Yay Olimpiya Oyunlarına daha da yaxınlaşdırır. Avropa çempionatında da xallar qazanacaqlarına inamımız var. 78 kq-dan yuxarı çəkidəki İrina Kindzerska medal ümidlərimizdən biridir. 57 kq-da Aleksandra-Larisa Florian isə əvvəlki illərdə beynəlxalq yarışlarda dəfələrlə medal əldə edib. Ümid edirik ki, öz təcrübəsini burada da göstərəcək".

Federasiya rəsmisi Ermənistanın Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqəyə, Xorvatiyanın Poreç şəhərindəki gənclər arasındakı Avropa çempionatına qatılmağını söyləyib: "Praqadakı Avropa çempionatının ilkin siyahısında bir idmançı var. O gəlib çıxıbmı və ya testinin nəticəsi necə olub, bəlli deyil. Bu axşam yarışın püşkü atılacaq. Onda hər şey bəlli olacaq. Qatılsalar və ya qatılmasalar belə, heç vaxt bizim üçün əsas rəqib olmayıblar. Cüdoçularımız daim onlar üzərində asanlıqla qələbə qazanırlar".

Qeyd edək ki, Avropa çempionatı 19 - 21 noyabrda gerçəkləşəcək.