İDMAN

01 Noyabr

VIII tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulacaq.

Fins.az-n məlumatına görə, son oyun günündə 2 qarşılaşma baş tutacaq.

Əvvəlcə Sumqayıtda şəhərin eyniadlı komandası ilə "Neftçi" üz-üzə gələcək. 7 turdan sonra aktivində 14 xalı olan "gənclik şəhəri" təmsilçisi turnir cədvəlinə başçılıq edir. Rəqibindən 1 xal geri qalan "ağ-qaralar" isə 2-ci pillədə qərarlaşıb. İndiyədək Azərbaycan çempionatında 32 dəfə qarşılaşmış komandaların duelində meydan sahibləri 11, qonaqlar 16 qələbə qazanıb. 5 qarşılaşma heç-heçə başa çatıb. Ayxan Abbasovun başçılıq etdiyi komanda bu matçlarda 40 qol vurubsa, flaqman 52 dəfə fərqlənib. "Sumqayıt” son 6 matçda meydanı qolsuz tərk etməyib. “Neftçi” son üç səfər görüşündə qələbə qazanıb.

Tura "Azersun Arena"da "Qarabağ" - "Keşlə" oyunu ilə yekun vurulacaq. Eyni xala (9) sahib komandalardan meydan sahibləri 4-cü, qonaqlar 5-ci sırada yer alıblar. Klublar bunadək Premyer Liqada 63 dəfə rəqib olublar. Bunların 29-da Ağdam klubu, 13-də paytaxt təmsilçisi qələbəyə sevinib. 21 qarşılaşmada qalib müəyyənləşməyib. Qolların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü nəzərə çarpır - 76:40. “Keşlə” son 8 oyunda qələbə qazanmayıb. “Qarabağ” son 5 ev matçını qolsuz tərk etməyib.

Azərbaycan Premyer Liqası

VIII tur

14:00. "Sumqayıt" - "Neftçi"

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Kapital Bank Arena"

16:00. "Qarabağ" - "Keşlə"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
"Azersun Arena".

Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" evdə "Sabah"ı 2:1 hesabı ilə məğlub edib. "Zirə" isə öz meydanında "Səbail"lə qolsuz heç-heçəyə razılaşıb