İDMAN

08 Oktyabr

"Mənə Azərbaycan pasportu veriblər" - Əli Qurbani

"Azərbaycan millisinin baş məşqçisi oyunumuzdan razıdır. O, bütün oyunlarımı izlədikdən sonra klubumun meneceri ilə danışdı və məni yığmaya dəvət etdi. İran yığmasında oynamaq imkanım olmadığı üçün bu təklifi müsbət cavablandırdım".

Fins.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın futbolçusu Əli Qurbani "varzesh3.com" saytına müsahibəsində Azərbaycan millisinə çağırılması barədə danışarkən deyib.

Cənubi azərbaycanlı hücumçu yığmada oynamaq üçün bütün sənədlərinin hazır olduğunu bildirib: "Mənə Azərbaycan pasportu veriblər. Hazırda ikili vətəndaşlığım var və bu yığmada oynaya bilərəm. Bu, mənim İranı tərk etməyim demək deyil. İran mənim ilk və son evimdir".

30 yaşlı oyunçu Azərbaycan Premyer Liqası ilə İran çempionatını müqayisə edib: "Liqanın səviyyəsi yaxşıdır. Klublarda hər cür şərait var. İdman obyektləri, oyun və məşq meydanları, paltardəyişmə otaqları yaxşı vəziyyətdədir. Hansısa klubda çatışmazlıq olsa, onu oyuna buraxmırlar. Burada keyfiyyətli oyunçular çıxış edir. Komandalar taktiki cəhətdən yaxşı oyun göstərirlər. İranda isə şərtlər fərqlidir. Çempionatda daha çox komanda iştirak edir. Azərbaycan futbolundakı şərait oradakından yaxşıdır. Bu isə yarışın keyfiyyətinə təsir edir. Texnika və istedad baxımından iranlı futbolçular öndədirlər. Bu mənada, iranlı oyunçu istənilən liqada çıxış edə bilər".

O, "Sepahan"dan ayrıldıqdan sonra"Sumqayıt"a keçidi barədə də danışıb: "Vəziyyət elə gətirdi ki, qısa zamanda növbəti komandamı seçməli oldum. Hər şey çox ani baş verdi. Anlaşdıq və mən "Sumqayıt"a qoşuldum. Hətta mövsümün ortasında Yunanıstandan təklif almışdım. Amma həmin vaxt komandanı tərk edə bilmədim".

Ə.Qurbani bildirib ki, İran millisində oynamamağı çox istəyib: "İran millisinə dəvət almağı çox istərdim, amma təəssüf ki, bu olmadı. İndi bu, demək olar ki, mümkün deyil. Bu, həyatımın ən böyük peşmanlığı olaraq qalır. İran millisində oynamaq çox istəyirdim və düşünürəm ki, bir neçə dəqiqə belə milliyə oynamaq haqqım var idi, amma heç nə olmadı. Yaşım da yavaş-yavaş arıtr və özüm üçün daha yaxşı şərait yaratmaq, həyatım və idman gələcəyim üçün ən yaxşı qərarı verməyə çalışdım."