İDMAN

13 May

Avropa ölkələrində futbol yarışlarının bərpa olunacağı tarixlər tədricən açıqlanır

Avropa ölkələrində futbol yarışlarının bərpa olunacağı tarixlər tədricən açıqlanır. Portuqaliya və Çexiya çempionatlarının da davam etdiriləcəyi gün artıq elan edilib.

Fins.az xəbər verir ki, pandemiyaya görə dayandırılan futbol üzrə Portuqaliya çempionatı iyunun 4-dən bərpa olunacaq. Bu barədə ölkənin Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat verilib. Bu zaman təhlükəsizlik qaydalarına, karantin rejiminin tələblərinə futbolçuların tam riayət etməsi ciddi nəzarət altında saxlanacaq. Portuqaliya Premyer Liqası martın 9-da 25-ci turda yarımçıq dayandırılıb. Hələlik 24 turdan sonra “Portu” 60 xalla liderdir. 1 xal geri qalan “Benfika” ikincidir. İlk üçlüyü isə 46 xalla “Braqa” tamamlayır.

Çexiyada da çempionatın bərpa tarixi ilə bağlı rəsmi açıqlama verilib. Peşəkar futbol liqası yarışın mayın 23-dən davam etdirilərək iyulda başa çatdırılacağını bildirib. Digər ölkələrdə olduğu kimi burada da oyunlar azarkeşsiz təşkil olunacaq. Ümumiyyətlə Çexiya çempionatında çıxış edən 16 komandadan 13-ü yarışın bərpasının lehinə səs verib. Yalnız “Karvina”, “Opava” və “Zlin” klubları bu qərara qarşı çıxıb.

Hazırda 24 turdan 58 xal toplayan Praqanın “Slaviya” komandası yarış cədvəlinə başçılıq edir. Əlli xalı olan “Viktoriya Plzen” isə ikinci, “Yablonets” klubu isə 40 xalla üçüncü yerdədir.