İDMAN

07 May

FİFA AFFA-ya oyun vaxtlarının azaldılmasını məsləhət edəcək

FİFA koronavirus pandemiyası səbəbindən dayandırılan ölkə çempionatları ilə bağlı AFFA da daxil olmaqla, yerli futbol federasiyalarına müxtəlif təkliflər göndərməyə hazırlaşır.

Fins.az-ın məlumatına görə, ali futbol qurumu çempionatlar bərpa olunduqdan sonra təqvim sıxlığının yaranacağını nəzərə alaraq, oyun vaxtlarının azaldılmasının tərəfdarıdır.

Qurum ölkə çempionatlarında matçların 90 dəqiqədən, həmçinin fasilələrin 15 dəqiqədən az olması ilə bağlı məsləhət verəcək. FİFA rəhbərliyi bununla futbolçuların çox yüklənməyəcəklərini və zədələnmə ehtimallarının azalacağını düşünür. Həmçinin oyunlar zamanı əvəzləmələrin sayının 4 və ya 5-ə yüksəldilməsi variantı da nəzərdən keçirilir.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən Belarus istisna olmaqla, Avropanın bütün ölkələrində milli çempionatlar dayandırılıb. Azərbaycan Premyer Liqasında isə mübarizə XX turdan sonra yarımçıq qalıb.