İDMAN

04 Aprel

PFL Azərbaycan çempionatını davam etdirmək niyyətindədir

Avropa Peşəkar Futbol Liqalarına (EPFL) üzv olan liqaların videokonfransı keçirilib.

Fins.az xəbər verir ki, qitənin futbol üzrə lider ölkələri – İngiltərə, Almaniya, İtaliya, Fransa və İspaniya təmsilçilərinin də iştirak etdiyi konfrans qurumun prezidenti Lars Krister Olsenin başçılığı ilə təşkil olunub.

Təşkilatın aktiv üzvlərindən biri kimi Azərbaycan Peşəkar Futbol Liqası (PFL) da videokonfransda nümayəndə ilə təmsil olunub. Qurum öz təkliflərini verib, liqalarımızdakı ümumi vəziyyəti iştirakçıların diqqətinə çatdırıb.

 

Konfransda UEFA, EPFL və ECA (Avropa Klublar Assosiasiyası) prezidentlərinin birgə imzası ilə üzv ölkələrə ünvanlanmış məktubda qeyd olunan məsələlər əsas müzakirə mövzusu olub. Məktubda yerli çempionatların vaxtından öncə – reqlamentə əsasən bütün oyunlar oynanılmadan başa vurulmasının düzgün olmadığı bildirilib.

Belçika Pro Liqa təmsilçisi çempionatın hazırkı göstəricilərlə yarımçıq başa vurulması ilə bağlı təklif xarakterli qərarı barədə də konfrans iştirakçılarına və təşkilata geniş icmalda məlumat verib. Bu və digər məqamlardan irəli gələn məsələlərlə bağlı aşağıdakı məqamlar məsləhət görülüb:

– EPFL öz üzvlərini hər şey məlum olmadan 2019/20 mövsümünün başa çatması və 2020/21 mövsümünün başlaması ilə bağlı qərar verməkdə tələsməməyə çağırır;

– Yarışların ədalətli davamlılığını fərdi maraqlara qarşı qorumaq hər bir liqanın məsuliyyətidir;

– Bütövlüyü qorumaq üçün hər bir liqanın atdığı bütün addımların EPFL ilə koordinasiya edilməsi vacibdir;

– Əgər həmin ölkədə icazə verilib və razılaşdırılıbsa, yerli çempionatlar mümkün qədər tez davam etdirilə bilər. Bu, təbii ki, rəsmilərin icazəsi və yarışların keçirilməsi zamanı iştirakçı olan hər kəs üçün tamamilə təhlükəsiz şərait olduqda baş verəcək;

– Yerli çempionatlar 2020/21 UEFA yarışları üçün seçmə mərhələlər başlamadan tamamlanmalıdır;

– Yerli çempionatların 2020/21 mövsümünün sentyabrın ortasından gec və UEFA yarışlarının oktyabrın ortasından sonra başlaması real görünmür.

EPFL üzvləri UEFA nəzdində yaradılan iki İşçi Qrupunda iştirak edərək, ölkələrinin maraqlarını müdafiə edir. Birinci İşçi Qrupu dayandırılan yerli çempionatların və UEFA səviyyəli yarışların davam etdirilməsi üçün yekun optimal oyun cədvəli variantını mayın ortasına kimi hazırlayıb təqdim edəcək. Ancaq bu, pandemiyanın indiki vəziyyətinə görə nəzərdə tutulan tarixdir və İşçi Qrupu gedişatın hər hansı formada dəyişə biləcəyini də nəzərə alaraq, son tarix kimi may ayının ortasına kimi işini davam etdirəcək.

Bu səbəbdən, federasiyalara, assosiasiyalara və liqalara tələsik qərar verməmələri, çempionatlarını başa vurmaları üçün hazırda yetərincə zaman olduğu bildirilib.

PFL isə, öz növbəsində, elə ilk gündən liqaların davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb. Bildirilib ki, hazırda ölkəmizdə bütün idman qurğuları bağlıdır.

İdman ictimaiyyəti dövlətin virusa qarşı apardığı mübarizənin tərkib hissəsidir. Əlavə olunub ki, ölkədəki vəziyyətdən və dövlət səviyyəsində verilən qərarlardan asılı olaraq, çempionatın bərpası ən tez mümkün tarixə qədər saxlanılıb. Klubların durumu, maraqları, fikirlərinin PFL üçün çox önəmli olması və onlarla məsləhətləşmələr aparıldıqdan sonra qərar veriləcəyi diqqətə çatdırılıb.