İDMAN

06 Fevral

"Neftçi"dən Ramil Şeydayev açıqlaması

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını "Neftçi"də davam etdirə bilər.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın "sport24.ru" saytı məlumat yayıb. Öz növbəsində paytaxt təmsilçisinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev  məsələyə münasibət bildirib. 

"Klubumuz Şeydayev kimi futbolçunu öz heyətində görmək istəyərdi. Biz hücumçu mövqeyinə futbolçu transfer etməyi planlaşdırırdıq. Bu, yerli olsa idi, çox yaxşı olardı. Amma hazırkı durumda Şeydayevlə bağlı heç bir müzakirə getmir və o, gündəmimizdə deyil. Hazırda onunla danışıq aparmırıq" deyə o,  açıqlamasında vurğulayıb.

Qeyd edək ki, Ramil Şeydayev son olaraq Rusiyanın "Dinamo" (Moskva) komandasında çıxış edib. Moskva təmsilçisi onunla müqaviləni ləğv etdiyi üçün Rusiya Futbol İttifaqının (RFS) Mübahisələrin Həlli Palatası tərəfindən cəzalandırılıb. "Dinamo" isə məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini bildirib. 

© Report