
Musa Abbasov Kliniki Tibbi Mərkəzə direktor təyin edilib
Əməkdar həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Musa Abbasov Kliniki Tibbi Mərkəzə direktor təyin edilib.
Məlumata görə, Musa Abbasov 1996-2003-cü illərdə Azərbaycan və Ukraynada müxtəlif xəstəxanalarda həkim kimi fəaliyyət göstərib.
O, 2003-2014-cü illərdə Mərkəzi Klinik Xəstəxanada çalışaraq baş həkim, baş direktor və direktorlar şurasının üzvü kimi rəhbər vəzifələr tutub. Həmin dövrdə Mərkəzi Klinikanın Gəncə diaqnostika və klinik xəstəxanalarında da baş həkim və baş direktor vəzifələrində fəaliyyət göstərib.
2014–2020-ci illərdə Bona Dea Beynəlxalq Hospitalında baş direktorun müavini və baş həkim vəzifələrini icra edən Musa Abbasov, 2020-ci ildən son təyinatadək Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
Bildirilib ki, o, ABŞ, Almaniya, Belçika və Türkiyə kimi ölkələrdə xəstəxana idarəetmə sistemi (HIS) üzrə keçirilən beynəlxalq konfranslarda iştirak edib.
Qeyd edək ki, Musa Abbasov 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb. O, I Qarabağ müharibəsinin iştirakçısı və müharibə veteranıdır. 2020-ci ildə Vətən müharibəsi zamanı rəhbərlik etdiyi tibbi heyətlə birlikdə yüzlərlə yaralı hərbçinin əməliyyat və müalicəsinin təşkilində mühüm rol oynayıb.