
Görmə problemlərinin ilkin əlamətlərinə diqqət yetirmək tövsiyə olunur
Fins.az – Batı Göz Klinika vətəndaşları göz sağlamlığına diqqətlə yanaşmağa və görmə ilə bağlı yaranan ilkin əlamətləri vaxtında qiymətləndirməyə çağırır.
Klinikanın məlumatına görə, gözlər sağlamlıq vəziyyəti ilə bağlı mühüm siqnallar verir. Görmənin bulanıqlaşması, ani işıq çaxmaları, üzən qara nöqtələrin artması, göz ağrısı, qızartı, sulanma, ikiqat görmə və ya görmə sahəsində yaranan dəyişikliklər diqqətdən kənarda qalmamalıdır.
Bildirilir ki, bu əlamətlər sadə refraksiya qüsurlarından başlayaraq retina (torlu qişa) problemləri, qlaukoma, katarakta və digər göz xəstəliklərinə qədər müxtəlif səbəblərlə əlaqəli ola bilər. Problemin dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün ətraflı oftalmoloji müayinənin aparılması vacibdir.
Batı Göz Klinika qeyd edir ki, bir çox göz xəstəlikləri ilkin mərhələdə nəzərəçarpacaq şikayətlər olmadan inkişaf edir. Bu səbəbdən yalnız narahatlıq yarandıqda deyil, görmə sağlamlığının qorunması məqsədilə mütəmadi olaraq göz müayinəsindən keçmək tövsiyə olunur.
Klinika vurğulayır ki, gözlər hər hansı bir siqnal verdikdə bunu görməzlikdən gəlmək olmaz. Vaxtında aparılan diaqnostika və düzgün müalicə görmənin qorunması üçün ən vacib addımlardan biridir.