Bakı Limanı yükaşırmanı 27% artırıb

Bakı Limanı yükaşırmanı 27% artırıb

SOSİUM
493

Bütün dünyada COVID-19 pandemiyası ilə bağlı olaraq yaranmış vəziyyətə baxmayaraq bu ilin ilk 6 ayı ərzində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC (Bakı Limanı)  üzrə yükaşırmaların göstəricisində ciddi artım qeydə alınıb.

Bakı Limanından  verilən məlumata görə, ümumilikdə cari ilin 6 ayı ərzində yükaşırmanın həcmi 2 524,8 min ton təşkil edib, bu da 2019-cu ilin müvafiq göstəricisindən (1 981,2 min ton) 27% çoxdur.

Məlumata əsasən, ümumi yükaşırmanın 87%-i və ya 2 192,8 min tonu tranzit yüklərin payına düşüb.

2020-ci ilin I yarım ili ərzində ən ciddi artım quru yüklərin aşırılmasında qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə quru yüklərin aşırılmasında 5 dəfə artım olub və 401 min ton təşkil edib.

"Eyni dövürdə iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 14,4% artaraq 17 173 ədəd olub. Bunlardan 11 776 ədədi (68,6%) Bakı-Türkmənbaşı-Bakı, 5 397 ədədi isə (31,4%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib", - məlumatda qeyd edilir.

Konteynerlərin aşırılmasında da artım müşahidə edilib. Belə ki, TEU ekvivalentində 18 547 sayda konteyner aşırılmışdır ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 22% artım deməkdir (2019-cu ilin I yarım ilində 15 210 TEU).

COVID-19 pandemiyasına görə ölkə sərhədlərinin bağlanması səbəbindən Bakı Limanının xidmətlərindən istifadə edən sərnişinlərin sayında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 31% azalma qeydə alınıb və 13 776 nəfər təşkil edib.

Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə cari ilin mart ayının əvvəllərindən etibarən Liman ərazisində və "Qırmızı-Körpü" sərhəd-keçid məntəqəsində sürücülər COVID-19 testindən keçərək yaradılmış karantin-profilaktik (steril və neytral) zonalara yerləşdirilir.

Görülmüş tədbirlər nəticəsində COVID-19 pandemiyası dövründə Orta Dəhlizin və onun tərkib hissəsi olan Bakı Limanının məhdudiyyətsiz, stabil və etibarlı formada işləməsi yükaşırmanın artmasını şərtləndirən əsas səbəblərdən biri olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı Limanı yükaşırmanı 27% artırıb — Fins.az — Fins.az