Azad olunmuş ərazilərdə yaşayanların sayı artıb
İşğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesinin davam etdiyi və əhali sayının artdığı açıqlanıb.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-fevral aylarını əhatə edən makroiqtisadi göstəricilərində məlumat yer alıb.
Məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi rəqəmlərə əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 01.03.2026-cı il tarixinədək 29 185 nəfər keçmiş məcburi köçkün doğma torpaqlarına geri qayıdıb.
Bildirilib ki, bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 77 906 nəfər təşkil edib.
Qeyd olunub ki, Böyük Qayıdış proqramı çərçivəsində məskunlaşma, sosial infrastrukturun qurulması və iqtisadi fəaliyyətin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.