
Abşeronda 7 əsas kanalizasiya kollektorunun tikintisi nəzərdə tutulur
Fins.az - Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrində tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması məqsədilə kanalizasiya sistemlərinin yenidən qurulması üzrə layihə hazırlanıb.
Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında bu layihənin həyata keçirilməsi mərhələləri barədə məlumat verilib.
Layihəyə əsasən, yeni yaşayış massivlərində mərkəzləşdirilmiş kanalizasiya sisteminin yaradılması üçün ilkin mərhələdə daşıyıcı kanalizasiya kollektorlarının, növbəti mərhələdə isə kanalizasiya şəbəkəsinin inşası planlaşdırılır.
Hesabatda qeyd olunur ki, ilkin mərhələdə Abşeron yarımadasında formalaşan tullantı sularının idarə olunması üçün 7 əsas daşıyıcı kollektorun tikintisi məqsədəuyğun hesab edilib. Bu kollektorlar aşağıdakılardır:
Dərnəgül–Bakıxanov–Qaraçuxur–Hövsan kanalizasiya kollektoru
Zığ–Hövsan kanalizasiya kollektoru
Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı su təmizləyici qurğu
Sahil kollektorunun yenidən qurulması
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı su təmizləyici qurğu
Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı su təmizləyici qurğu
Pirşağı tullantı su təmizləyici qurğusunun gətirici kanalizasiya kollektorları
Hazırda magistral kanalizasiya kollektorlarının ilkin mərhələsi üzrə tikinti-quraşdırma işlərinə başlanılması üçün hazırlıq tədbirləri görülür. Layihəyə uyğun olaraq, magistral kollektorların tikintisi başa çatdıqdan və mənsəb nöqtəsi yaradıldıqdan sonra qəsəbələrdə toplayıcı kanalizasiya şəbəkələrinin mərhələli şəkildə inşası Dövlət İnvestisiya Proqramı çərçivəsində həyata keçiriləcək.