
Taksi qəzalarının çoxluğu sığorta əmsalını artırıb - Vüsal Qurbanov
Azərbaycan Mərkəzi Bankı taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəblərini açıqlayıb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, taksilərin icbari sığortası üzrə əmsalın 50% artırılması bu nəqliyyat vasitələri üzrə zərər əmsalının yüksək olması ilə bağlıdır.
AMB rəsmisi bildirib ki, digər avtomobillərlə müqayisədə taksi kimi istifadə olunan nəqliyyat vasitələri daha çox məsafə qət edir. Bu isə qəza riskinin artmasına və nəticə etibarilə bu seqmentdə qəza sıxlığının yüksək olmasına səbəb olur.
Qeyd olunub ki, əmsalların artırılması sığorta şirkətlərinin zərərliliyini qismən kompensasiya etsə də, bu artım mövcud zərərlilik səviyyəsini tam şəkildə qarşılamır.
Məlumata görə, 2025-ci il üzrə icbari avtosığorta bazarında zərərlilik göstəricisi 74%-dən 85%-ə yüksəlib ki, bu da sektorda risklərin artdığını göstərir.