
Ləğv olunan 19 bank üzrə əmanətlərin həcmi 2,36 milyard manatı ötüb
Fins.az – Azərbaycanda ləğv prosesində olan 19 bank üzrə əmanətlərin ümumi məbləği 2 milyard 364 milyon 255 min manat təşkil edib.
Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Maliyyə departamentinin direktor müavini Aygün Balıyeva Milli Mətbuat Gününün 151 illiyi münasibətilə Şamaxıda keçirilən Dialoq və Əməkdaşlıq Forumunda məlumat verib.
Onun sözlərinə görə, ləğv prosesində olan 19 bank üzrə ümumilikdə 651 768 əmanətçi qeydə alınıb.
A.Balıyeva bildirib ki, həmin əmanətlərin 1 milyard 761 milyon 564 min manatı qorunan, yəni sığortalanan və kompensasiya olunan əmanətlərdir.
Kompensasiya olunan əmanətlərin 98%-i ödənilib
ƏSF rəsmisinin sözlərinə görə, sığortalanan əmanətlərin 1 milyard 729 milyon 887 min manatı artıq əmanətçilərə ödənilib.
Bu, ümumi kompensasiya məbləğinin 98%-nə bərabərdir.
Hesabat dövrünədək ümumilikdə 63 888 əmanətçiyə kompensasiya ödənilib.
518 min əmanətçinin hesabında 1 manat və ya daha az vəsait qalıb
A.Balıyeva qeyd edib ki, əmanətçilərin ümumi sayının yüksək görünməsinin əsas səbəbi hesablarında çox kiçik məbləğ qalan müştərilərlə bağlıdır.
Onun sözlərinə görə, 518 min əmanətçinin hesabında qalıq 1 manat və ya ondan az olub.