İcbari sığorta ödənişlərinin hesablanma qaydası dəyişir

İcbari sığorta ödənişlərinin hesablanma qaydası dəyişir

SIĞORTA
206

Fins.az – Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı birdəfəlik sığorta ödənişlərinin hesablanma qaydasının dəyişdirilməsi nəzərdə tutulur.

Bu məsələ Milli Məclisin dünənki iclasında müzakirə olunan "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi sığorta olunanın sığorta hadisəsi baş verməzdən əvvəl malik olduğu peşə əmək qabiliyyətini davamlı şəkildə nə qədər itirdiyini faiz ifadəsində əks etdirəcək.

Dəyişikliklə sığorta hadisəsinə görə birdəfəlik sığorta ödənişinin verilməsi üçün əsas meyar sığortaolunanın əlilliyinin müəyyən edilməsi deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi olacaq. Bununla sığorta ödənişlərinin vahid meyar əsasında qiymətləndirilməsi təmin ediləcək.

Qanun layihəsinə görə, birdəfəlik sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş şəxsin peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə həyata keçiriləcək.

Sənəddə qeyd olunur ki, peşə əmək qabiliyyətinin itirilməsi anlayışı eyni zamanda əlilliyin müəyyən edilməsini, yəni orqanizm funksiyalarının itirilməsini də özündə ehtiva edir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İcbari sığorta ödənişlərinin hesablanma qaydası dəyişir — Fins.az — Fins.az