
Azərbaycanın sığorta haqları 2022–2025-ci illərdə 55% artıb - Vüsal Qasımlı
Fins.az - Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qlobal sığorta sektorunda baş verən dəyişikliklər, Azərbaycanın sığorta bazarının inkişaf dinamikası və qarşıdakı dövr üçün hədəflər barədə fikirlərini bölüşüb.
V.Qasımlı bildirib ki, forum dünyanın müxtəlif ölkələrindən olan ekspertləri, tənzimləyici qurumların nümayəndələrini, sığorta və maliyyə sektoru peşəkarlarını bir araya gətirərək sığorta sənayesinin gələcəyinin müzakirəsi üçün mühüm platforma yaradır. Onun sözlərinə görə, forumun gündəliyində özəl pensiya sistemləri, təkrarsığorta və təbii fəlakət risklərinin idarə olunması, həyat və sağlamlıq sığortasının inkişafı, peşəkar təhsil və sığorta brokerliyində qlobal trendlər kimi strateji əhəmiyyət daşıyan mövzular yer alıb.
İcraçı direktor qeyd edib ki, müasir dövrdə geosiyasi gərginliklər, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya və demoqrafik dəyişikliklər sığorta sektorunun rolunu daha da artırıb. O vurğulayıb ki, sığorta artıq yalnız maliyyə itkilərinin kompensasiyası funksiyasını yerinə yetirmir, eyni zamanda iqtisadi dayanıqlılığın, sosial rifahın və davamlı inkişafın təmin edilməsində mühüm mexanizmə çevrilib.
V.Qasımlının sözlərinə görə, “Allianz Global Insurance Report 2026” hesabatı qlobal sığorta sektorunun 6,9 trilyon avroluq həcmə və 7,1 faizlik artım tempinə çatdığını göstərir. O bildirib ki, “BlackRock Global Insurance Report 2025” hesabatına əsasən, sığorta şirkətlərinin təxminən 30 faizi özəl bazarlara investisiyaları artırmağı planlaşdırır, 87 faizi hibrid aktivlərin idarə edilməsi modelinə keçir, 73 faizi isə süni intellekt və data analitikası kimi texnoloji həllərdən aktiv istifadə edir. Bununla yanaşı, şirkətlərin təxminən 70 faizi ESG və dayanıqlı investisiya strategiyalarını davam etdirir.
İcraçı direktor əlavə edib ki, “Global Insurance Market Index” hesabatına əsasən, qlobal sığorta bazarı 2022–2023-cü illərdəki yüksək artım mərhələsindən sonra 2024-cü ildə sabitləşmə mərhələsinə keçib, 2025–2026-cı illərdə isə yumşaq bazar mərhələsinə daxil olub. Onun fikrincə, bu proses sığorta məhsullarının əlçatanlığını artırmaqla yanaşı, risklərin daha çevik şəkildə təmin olunmasına şərait yaradır.
V.Qasımlı bildirib ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, xüsusilə “Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqi maliyyə sektorunun modernləşdirilməsi, rəqəmsallaşmanın sürətləndirilməsi və innovativ maliyyə həllərinin tətbiqi baxımından yeni imkanlar yaradıb.
O qeyd edib ki, son illər Azərbaycan sığorta bazarında əhəmiyyətli inkişaf müşahidə olunur. Belə ki, 2022–2025-ci illərdə ölkədə toplanmış sığorta haqları 971 milyon manatdan 1,5 milyard manata yüksələrək təxminən 55 faiz artıb. Həmin dövrdə sığorta ödənişlərinin həcmi 433 milyon manatdan 921 milyon manata çataraq iki dəfədən çox yüksəlib. Adambaşına düşən sığorta haqları isə 2022-ci ildəki 95 manatdan 2025-ci ildə 147 manata yüksəlib.
İcraçı direktorun sözlərinə görə, sığorta sektorunun iqtisadiyyatda rolunu əks etdirən penetrasiya səviyyəsi də artaraq 0,73 faizdən 1,17 faizə çatıb. Həyat sığorta şirkətlərində aktivlərin rentabelliyi (ROA) təxminən 8 faiz səviyyəsində sabit qaldığı halda, qeyri-həyat sığorta şirkətlərində bu göstərici 4 faizdən 7 faizə yüksəlib. O, həmçinin qeyd edib ki, 2025-ci ildə həyat və qeyri-həyat sığortası üzrə unikal sığorta müqaviləsi sahiblərinin yetkin əhali arasında payı 25 faiz təşkil edib və Dövlət Proqramı çərçivəsində bu göstəricinin 32 faizə çatdırılması hədəflənir.
V.Qasımlı çıxışında bildirib: "Qlobal miqyasda investisiya davranışlarının dəyişməsi, texnoloji həllərin geniş tətbiqi və risklərin idarə olunmasında daha çevik yanaşmaların formalaşması sektorun yeni inkişaf modelinə keçidini sürətləndirir. Eyni zamanda, ölkəmizdə həyata keçirilən institusional islahatlar və strateji dövlət proqramları sığorta bazarının modernləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün möhkəm baza yaradır. Bu kontekstdə, sığorta sektorunun gələcək inkişafı yalnız maliyyə itkilərinin kompensasiyası funksiyası ilə məhdudlaşmayaraq, həm də iqtisadi artımın dəstəklənməsi, investisiya resurslarının səfərbər edilməsi və cəmiyyətin risklərə dayanıqlılığının artırılması baxımından daha geniş bir missiya daşıyacaqdır."
İcraçı direktor sonda əminliyini ifadə edib ki, forum çərçivəsində aparılan müzakirələr, fikir mübadilələri və beynəlxalq əməkdaşlıq imkanları sığorta sektorunun daha dayanıqlı, innovativ və rəqabətqabiliyyətli inkişafına mühüm töhfə verəcək.