Azərbaycanda Yaşıl Kart sığortası üzrə yığımlar 3,1 milyon manatı ötüb

Azərbaycanda Yaşıl Kart sığortası üzrə yığımlar 3,1 milyon manatı ötüb

SIĞORTA
232

Fins.az - 2026-cı ilin yanvar-iyun aylarında “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) Yaşıl Kart Sistemi üzrə ixtisaslaşdırılmış təşkilat funksiyalarını uğurla davam etdirib.

Hesabat dövründə Yaşıl Kart Sistemi çərçivəsində 20379 Yaşıl Kart müqaviləsi rəsmiləşdirilib və ümumilikdə 3 136 239 manat sığorta haqqı toplanıb.

Bu müqavilələrin  13402 Azərbaycanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə rəsmiləşdirilib və 752 906 manat sığorta haqqı yığılıb. Xaricdə – Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə isə 6977  Yaşıl Kart müqaviləsi rəsmiləşdirilərək 2 383 333 manat sığorta haqqı toplanıb.

2026-cı ilin birinci yarımilliyində Azərbaycan Yaşıl Kart sahiblərinin təqsiri səbəbindən Türkiyə, Rumıniya, Polşa, Çexiya və digər ölkələrdə ümumilikdə 165 yol-nəqliyyat hadisəsi üzrə 716 164 manat sığorta ödənişi həyata keçirilib. Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi 4340 manat olub.

Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçən nəqliyyat vasitələrinin iştirakı ilə xarici ölkələrdə baş vermiş 69 hadisə üzrə 435 182 manat sığorta ödənişi həyata keçirilib. Bir hadisə üzrə orta sığorta ödənişi 6307 manat təşkil edib.

Yasil Kart sistemi üzv büroların qarşılıqlı zəmanəti əsasında, avtonəqliyyat vasitələri ilə xarici ölkələrə səfər edən sürücülərin mülki məsuliyyətini sığortalayan vahid təminat sistemidir.  Sistemin məqsədi xarici avtonəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərin tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq tənzimlənməsidir.

İSB 2016-cı ildə Beynəlxalq Bürolar Şurasına üzv seçilib və Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir. 2023-cü ilin yanvarın 1-dən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə də Azərbaycan Yaşıl Kartlarının satışı həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda Yaşıl Kart sığortası üzrə yığımlar 3,1 milyon manatı ötüb — Fins.az — Fins.az