
Azərbaycanda təkrarsığorta haqları 12% azalıb
2025-ci il ərzində Azərbaycanda təkrarsığortaya ötürülən müqavilələr üzrə hesablanmış təkrarsığorta haqları (TSH) azalma göstərib.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə təkrarsığorta haqları 12% və ya 19 milyon manat azalaraq 135 milyon manat təşkil edib.
Qeyd olunub ki, təkrarsığortaya ötürülən haqların sığorta haqlarında payı 8,4% səviyyəsində qalıb. Bu göstərici sığorta bazarında təkrarsığortanın nisbətən aşağı çəkidə olduğunu göstərir.
Bölüşdürməyə əsasən, ötürülən təkrarsığorta haqlarının 4,7%-i (6,3 milyon manat) həyat sığortası siniflərinin, 95,3%-i (128,8 milyon manat) isə qeyri-həyat sığorta siniflərinin payına düşüb.
Həyat sığortası üzrə ötürülən təkrarsığorta haqları həmin sahədə yığılmış sığorta haqlarının 0,97%-ni təşkil edib. Qeyri-həyat sığortası üzrə isə bu göstərici 15,1% səviyyəsində qeydə alınıb.