
Ailə üzvləri üçün tibbi sığorta
Fins.az - “A-Qroup Sığorta Şirkəti” ailələr üçün nəzərdə tutulmuş “AİLƏ +” tibbi sığorta proqramını təqdim edib.
Məlumata görə, proqram 3 və daha çox nəfərdən ibarət ailələr üçün nəzərdə tutulub və ailə üzvlərinin böyük tibbi xərclərdən, eləcə də əlavə maliyyə yükündən qorunmasına xidmət edir.
Qeyd olunur ki, hər bir ailə üzvü üçün illik paketin qiyməti yaşdan asılı olaraq 449 AZN-dən başlayır. Hər bir sığortalı şəxs üçün illik sığorta təminatı isə 15 000 AZN təşkil edir.
Bildirilib ki, “AİLƏ +” proqramı çərçivəsində telesəhiyyə xidmətləri, təcili tibbi yardım, ambulator və stasionar müalicə, eləcə də ambulator müalicə zamanı dərman təminatı təqdim olunur.
Proqrama həmçinin təcili və planlı stomatoloji xidmətlər, təcili vaksinasiya, fizioterapiya və tibbi masaj prosedurları da daxildir.
Məlumata əsasən, “A-Group Mobile Concierge” mobil tətbiqində yerləşdirilən SOS düyməsi vasitəsilə sığorta şirkəti ilə operativ əlaqə yaratmaq mümkündür. Bu xidmət sayəsində çağrı mərkəzi operatorları müraciət edən şəxsin geolokasiyasını müəyyən edərək “MediClub” həkim briqadasını hadisə yerinə yönləndirə bilirlər.
Qeyd edilir ki, proqram çərçivəsində ailə üzvlərinə pulsuz check-up müayinələri də təqdim olunur. Buraya terapevt müayinəsi, EKQ, döş qəfəsinin rentgen müayinəsi, qanın və sidiyin ümumi analizləri, qarın boşluğu ultrasəs müayinəsi, xolesterin və şəkər göstəricilərinin yoxlanılması daxildir.
Bununla yanaşı, hepatit B və C müayinələri, nəcisdə gizli qan analizi, PSA (prostat xərçəngi) və CA-125 (yumurtalıq və uşaqlıq xərçəngi) üzrə onkoloji müayinələr də həyata keçirilir.
Şirkətdən bildirilib ki, “AİLƏ +” proqramı yaxınlarının sağlamlığının qorunmasına önəm verən ailələr üçün müasir və sərfəli sığorta həlli hesab olunur.