16 iyun inqilabı: Sığorta bazarında 22 milyonluq yeni dövriyyəni kimlər idarə edəcək?

16 iyun inqilabı: Sığorta bazarında 22 milyonluq yeni dövriyyəni kimlər idarə edəcək?

SIĞORTA
289

Fins.az - Tanınmış sığorta mütəxəssisi, insure.az brendi ilə fəaliyyət göstərən "Profam" Sığorta Agentliyinin direktoru Nicat Əlibəylinin müəllifi olduğu bu təhlildə iyunun 16-dan tətbiq edilən yeni icbari avtomobil sığortası sisteminin sığorta bazarına təsirləri, risk əsaslı tarif mexanizminin iqtisadi nəticələri, sığorta şirkətlərinin maliyyə dayanıqlığı, sürücülərin davranışına psixoloji təsirləri və bazarda formalaşacaq yeni imkanlar ətraflı təhlil edilir.

Köhnə sistemdə 30–100 manatlıq sığorta haqları şirkətlər üçün maraqlı deyildi. İndi isə riskli sürücünün tarifi 400–600 manata qalxır, risksiz sürücü isə birbaşa xalis mənfəət gətirən ən qiymətli hədəfə çevrilir.

649229198_17998682501870316_4430293346333164738_n.jpg

Köhnə sistemdə nə idi?

N.Əlibəyli qeyd edir ki, əvvəlki mexanizmdəki boşluqlar səbəbindən riskli və intizamlı sürücülər eyni tarifi ödəyirdilər. Qəza törədən şəxslər avtomobili yaxınlarının adına sığortalayıb sükanı idarə etməklə yüksək tarifdən yayına bilirdilər. Əvvəl cəmi 100 manat sığorta haqqı olan sürücü də əslində çox ziyanlı və riskli bir profil ola bilirdi, ona görə də sığorta şirkətlərinə bu rəqəm maraqlı deyildi və münasibət də o dərəcədə fərqli deyildi. Nəticədə şirkətlər portfelin real riskini görə bilmir və idarəolunmaz zərərliliklə (loss ratio) üz-üzə qalırdılar.

Yeni sistemlə nə oldu?

Müəllifin fikrincə, yeni qaydalarla "etibarnamə boşluğu" tam qapandı; sistem artıq avtomatik olaraq müqavilədə adı keçən ən yüksək riskli şəxsin əmsalını əsas götürür. Hər yeni qəza sığorta haqqına təqribən 30% birbaşa əlavə olaraq yansıyır və İSB-nin mərkəzi sistemi vasitəsilə risk tarixçəsi real vaxt rejimində anında hesablanır.

Əvvəl 100 manat ödəyən riskli və ziyanlı sürücünün sığorta haqqı artıq qalxıb 400–600 manat olacaq. Deməli, bu dəfə sığorta şirkətinə də bu rəqəm olduqca maraqlı olmalıdır. Çünki əvvəlki sistemdə sığorta şirkəti riskli sürücüdən də, risksiz sürücüdən də eyni kiçik məbləği yığırdı və bu rəqəmlər böyük zərərləri qarşılamağa bəs etmirdi. İndi isə risk tərəziyə qoyulur: yüksək risk bərabərdir yüksək sığorta haqqı (400–600 AZN). Bu kəskin artım şirkətlərin daxil olan vəsait portfelini birbaşa böyüdür və onları zərərlilik riskindən sığortalayır.

N.Əlibəyli vurğulayır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi hesabatlarına əsasən, illik ümumi yığımın 140-150 milyon AZN civarında olduğunu nəzərə alsaq, bu risk mütənasibliyi bazar dövriyyəsində təxminən 22 milyon AZN-dən çox yeni və əlavə xalis vəsait deməkdir.

Bu sığorta şirkətlərinə necə təsir edir?

Sığorta mütəxəssisinin sözlərinə görə, qəzaların tamamilə sıfıra enməsi qeyri-mümkün olduğu üçün zərərlilik təbiətən yox ola bilməz. Lakin daxil olan bu əlavə kapital və yeni hesablama mexanizmi sayəsində sığorta şirkətlərinə daxil olan vəsait artır, sığorta şirkətlərinin illərdir əziyyət çəkdiyi zərərlilik faizi (loss ratio) minimuma enir və tam nəzarət altına alınır. Bu hallar bütövlükdə sığorta şirkətlərinin maliyyə durumunu əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, həmçinin ölkədə könüllü sığorta növlərinin (xüsusilə KASKO-nun) inkişafına da çox güclü zəmin yaradacaqdır.

Bu vəsait, hər il ölkə üzrə vətəndaşlara ödənilən təxminən 100-120 milyon manat həcmindəki ümumi zərər yükünü daha rahat kompensasiya etmək üçün şirkətlərə güclü bir maliyyə balansı yaradır. Nicat Əlibəylinin fikrincə, bu yeni dövrdə rəqəmsal və peşəkar onlayn platformalarla əməkdaşlıq sığorta şirkətlərinə həm daxili operativ xərcləri azaltmaq, həm də tam şəffaf və aşağı zərərlilik dərəcəsinə malik portfel idarəetməsi qurmaq üçün ən optimal çıxış yoludur.

Sistemin arxasındakı psixoloji fəlsəfə: Mükafat və "Emosional Risk"

N.Əlibəyli hesab edir ki, bu islahata həm də insan psixologiyası və sosial ədalət prizmasından baxmaq lazımdır. Sürücünün sığorta haqqının az olması — onun illərdir risksiz, tam təhlükəsiz idarəetmə nümayiş etdirdiyinin rəsmi təsdiqidir. Əgər əvvəlki sistemdə sığorta haqqının az olması (məsələn, 30 manatlıq minimal tariflər) sığorta şirkətlərinə kommersiya baxımından maraqlı deyildisə, yeni yanaşmada bu müştərilər şirkət üçün ən qiymətli hədəfə çevrilməlidir. Çünki sığorta haqqı az olan sürücü tam təhlükəsiz və risksiz sürücüdür — yəni şirkətə heç bir zərər (və ya xərc) yaratmadan təmiz mənfəət gətirən sadiq tərəfdaşdır. Şirkətin əsl strateji marağı məhz bu dürüst profilləri qorumaq olmalıdır. Bu hal intizamlı vətəndaşda daxili bir "mükafatlandırılma" (dopamin) effekti yaradır.

Əksinə, sığorta haqqının çox olması isə sürücüdə real bir "emosional risk", yəni şüuraltı rahatlıq yaradır. Sürücü yüksək məbləğ ödədiyi üçün daxilən riskləri sığortaladığını bilir və bu ona tam bir şüuraltı rahatlıq və arxayınlıq verir. Eyni zamanda bu emosional risk birbaşa sürücünü daha məsuliyyətli olmağa sövq edir, çünki hər dəfə ciddi bir sığorta haqqının üstünə 30% gəlməsi onu sükan arxasında daha nizamlı və intizamlı olmağa məcbur edir. Bütün bu zəncirvari halın nəticəsi ümumilikdə tam ədalətli bir yanaşmanı bərqərar edir.

Yekun nəticə nə olur?

Müəllifin qənaətinə görə, burada artıq vətəndaş məmnuniyyəti də tam ön planda olacaq. Risk dərəcəsinə görə daha çox ödəyən müştərinin xidmət gözləntisi təbii olaraq böyüyür; qəza zamanı operativlik, rəqəmsal xidmət və minimum bürokratiya şirkətlərin reputasiyası üçün həlledici olacaq.

Yeni dövrün təqdim etdiyi bu maliyyə və şəffaflıq imkanından maksimum faydalanmaq əsasən rəqəmsal platformalarla inteqrasiya olunmuş, çevik və müştəriyönümlü idarəetmə yanaşması ilə mümkündür. Nicat Əlibəylinin fikrincə, məhz peşəkar onlayn platformalar (insure.az) sığorta şirkətlərinə kağızsız iş mexanizmi, İSB sistemləri ilə saniyələr daxilində tam inteqrasiya olunmuş sürətli satış infrastrukturu və operativ müştəri xidməti təqdim edərək menecmentin ən güclü strateji dayağına çevriləcəkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
16 iyun inqilabı: Sığorta bazarında 22 milyonluq yeni dövriyyəni kimlər idarə edəcək? — Fins.az — Fins.az