Startap və KOB-ların maliyyələşməsi üçün yeni hüquqi mexanizm yaradılır

Startap və KOB-ların maliyyələşməsi üçün yeni hüquqi mexanizm yaradılır

RƏSMİ
232

Fins.az – Azərbaycanda startapların, mikro, kiçik və orta sahibkarların alternativ maliyyələşmə mənbələrinə çıxışını təmin etmək məqsədilə hazırlanan "Kraudfandinq haqqında" qanun layihəsi Milli Məclisin iclasında birinci oxunuşda müzakirə edilərək qəbul olunub.

Məlumata görə, qanun layihəsi ölkədə səhm və borc əsaslı kraudfandinq fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Sənəd kapital bazarının imkanlarından daha səmərəli istifadə olunmasına, biznes fəallığının artırılmasına və investorların hüquqlarının qorunmasına xidmət edəcək.

Layihəyə əsasən, kraudfandinq platformalarının operatorları yalnız məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla biləcək. Operatorların nizamnamə və məcmu kapitalı Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi minimum həddən az olmamalı, fəaliyyətə başlamazdan əvvəl isə Mərkəzi Bankın xüsusi reyestrinə daxil edilməlidirlər.

Qanun layihəsində platformalarda mühüm iştirak payına malik olmaq istəyən şəxslər üçün də xüsusi tələblər müəyyən edilib. Belə ki, nizamnamə kapitalının 10 faiz və ya daha çoxunu təşkil edən pay mühüm iştirak payı hesab olunur və onun əldə edilməsi yalnız Mərkəzi Bankın razılığı ilə mümkün olacaq. Payın 20, 33 və ya 50 faizə qədər artırılması ilə bağlı müraciətlərə isə Mərkəzi Bank 60 təqvim günü ərzində baxmalıdır.

Sənədə əsasən, operatorların rəhbər şəxsləri ali təhsilli və qüsursuz nüfuza malik olmalıdır. Rəhbər şəxslərdən ən azı biri maliyyə xidmətləri sahəsində minimum 3 il iş təcrübəsinə sahib olmalıdır. Prudensial tələblərin pozulmasına görə ləğv edilmiş və ya müflis olmuş maliyyə qurumlarının rəhbərləri isə 3 il müddətində operatorlarda rəhbər vəzifə tuta bilməyəcəklər.

Maraqlar münaqişəsinin qarşısının alınması məqsədilə operatorların fəaliyyətinə də məhdudiyyətlər tətbiq edilir. Belə ki, operator hər hansı layihəyə hədəflənmiş maliyyənin maksimum 20 faizi həcmində investisiya edə biləcək. Bundan başqa, operatorun əməkdaşları və mühüm iştirak payı sahibləri platformada yerləşdirilən layihələrin birbaşa sahibi ola bilməyəcəklər.

Qanun layihəsində fərdi investorların hüquqlarının müdafiəsi üçün 7 təqvim günlük "düşünmə dövrü" nəzərdə tutulur. Bu müddət ərzində investor heç bir səbəb göstərmədən və cərimə ödəmədən investisiya təklifini geri götürə biləcək.

Kraudfandinq kampaniyalarının müddəti əsas məlumat vərəqəsinin dərc edildiyi tarixdən başlayaraq maksimum 90 gün olacaq. Səhm əsaslı kraudfandinq üzrə layihə sahibi yalnız səhmdar cəmiyyəti ola biləcək və son 12 ay ərzində maksimum iki layihə həyata keçirə biləcək.

Borc əsaslı kraudfandinq isə yalnız istiqraz buraxılışı vasitəsilə həyata keçiriləcək. Bu istiqrazların tədavül müddəti 5 ildən artıq olmayacaq. Bu model üzrə də layihə sahibi son 12 ay ərzində maksimum iki kraudfandinq layihəsi həyata keçirə biləcək.

Kampaniya uğurla başa çatdıqdan sonra operator 3 iş günü ərzində qiymətli kağızların yerləşdirilməsi prosesinə başlamalı və bu proses maksimum 3 iş günü ərzində tamamlanmalıdır.

Qanun layihəsinə əsasən, kraudfandinq bazarına nəzarəti Azərbaycan Mərkəzi Bankı həyata keçirəcək. Sənəd rəsmi dərc edildikdən 6 ay sonra qüvvəyə minəcək və bu müddət ərzində bazar iştirakçılarının yeni tələblərə uyğunlaşması təmin olunacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Startap və KOB-ların maliyyələşməsi üçün yeni hüquqi mexanizm yaradılır — Fins.az — Fins.az