Sosial sığorta xidmətlərində yeni identifikasiya qaydası qüvvəyə minib

Sosial sığorta xidmətlərində yeni identifikasiya qaydası qüvvəyə minib

RƏSMİ
381

Fins.az – Bu gündən etibarən Azərbaycanda sığortaolunanların sığortaçıda uçotu yalnız fərdi identifikasiya nömrəsi (FİN) vasitəsilə aparılacaq.

Bu dəyişiklik Prezident İlham Əliyevin təsdiqlədiyi "Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanuna əsasən tətbiq olunur.

Fevralın 27-də qəbul edilən qanun iyulun 1-dən qüvvəyə minib.

Qanuna əsasən, dövlət sosial sığorta sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi məqsədilə sığortaolunanların uçotu yalnız FİN əsasında aparılacaq.

Bildirilib ki, sosial sığorta nömrəsi (SSN) verilərkən həmin nömrə elektron sistemlərdə şəxsin FİN-i ilə əlaqələndirilir. Buna baxmayaraq, indiyədək sığortaedənlər muzdlu işlə bağlı vahid rüblük bəyannamələri təqdim edərkən həm SSN, həm də FİN məlumatlarını daxil etməli olurdular ki, bu da əlavə iş yükü yaradır və məlumat bazasının yüklənməsinə səbəb olurdu.

Qeyd olunub ki, əksər dövlət orqanlarında da məlumatların uçotu artıq FİN üzərindən aparılır.

Bu səbəbdən "Azərbaycan Respublikasının Əmək Məcəlləsində", "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun qəbul olunaraq sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN vasitəsilə aparılması təsbit edilib.

Yeni qaydaların sosial sığorta sistemində məlumatların idarə olunmasında vahidliyin təmin edilməsinə, dövlət qurumları arasında məlumat mübadiləsinin sadələşdirilməsinə və elektron sistemlərin inteqrasiyasının sürətləndirilməsinə xidmət edəcəyi bildirilir.

Dəyişikliklər nəticəsində işə qəbul zamanı sosial sığorta nömrəsi olan şəxslərdən SSN-in təqdim edilməsi və ya bu nömrənin ayrıca müəyyənləşdirilməsi zərurəti də aradan qalxacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 10-da imzaladığı qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman da iyulun 1-dən qüvvəyə minib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sosial sığorta xidmətlərində yeni identifikasiya qaydası qüvvəyə minib — Fins.az — Fins.az