Şahin Mustafayev: Azad edilmiş ərazilərdə 1 400 km-dən çox yol tikilib

Şahin Mustafayev: Azad edilmiş ərazilərdə 1 400 km-dən çox yol tikilib

RƏSMİ
400

Bu gün Zəngilan şəhərində Azərbaycan–Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclası keçirilir.

Fins.az-ın məlumatına görə, iclasa Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın Baş nazir müavini Aleksey Overçuk həmsədrlik edir. Tədbirdə hər iki ölkənin aidiyyəti dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak edirlər.

Görüş zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli formatda ticarət-iqtisadi, nəqliyyat, investisiya, eləcə də mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur. Tərəflərin əvvəlki iclaslarda əldə olunmuş razılaşmaların icra vəziyyətini də nəzərdən keçirməsi, regional əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparması gözlənilir.

İclas çərçivəsində çıxış edən Ş. Mustafayev bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində indiyədək 1 400 km-dən çox avtomobil yolu tikilib. Onun sözlərinə görə, artıq üç beynəlxalq hava limanı istifadəyə verilib, 120 km-dən çox dəmir yolu xətti çəkilib, 7 tunelin tikintisi tam başa çatdırılıb, daha 31 tuneldə qazma işləri yekunlaşdırılıb və ümumilikdə 392 körpü inşa edilib.

O qeyd edib ki, həmin ərazilərdə yaşayış məntəqələri, kəndlər, məktəblər və xəstəxanalar fəal şəkildə tikilir, müasir energetika, su təchizatı, rabitə və digər zəruri infrastruktur obyektləri yaradılır.

Ş. Mustafayev çıxışında Azərbaycan ilə Rusiya münasibətlərinə də toxunaraq bildirib ki, Azərbaycan bu münasibətlərdə yaxşı qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir. O vurğulayıb ki, hər iki ölkənin prezidentləri strateji kursu müəyyən edir və bütün sahələr üzrə qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə təkan verirlər.

Baş nazirin müavini əlavə edib ki, münasibətlər bundan sonra da 2022-ci il Bəyannaməsinə uyğun olaraq dostluq, qarşılıqlı etibar və müttəfiqlik ruhunda inkişaf edəcək.

Zəngilanda keçirilən görüş Azərbaycan–Rusiya münasibətlərinin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Şahin Mustafayev: Azad edilmiş ərazilərdə 1 400 km-dən çox yol tikilib — Fins.az — Fins.az