Sahibə Qafarova: “Azərbaycanın iqtisadi və hərbi gücü Heydər Əliyev strategiyasının nəticəsidir”

Sahibə Qafarova: “Azərbaycanın iqtisadi və hərbi gücü Heydər Əliyev strategiyasının nəticəsidir”

RƏSMİ
223

Milli tariximizin ən böyük şəxsiyyətlərindən biri olan Ümummilli Lider Heydər Əliyevin ömür yolu doğma torpağa və xalqa sədaqət nümunəsinə çevrilib.

Fins.az xəbər verir ki, bu fikirləri Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.

Spiker bildirib ki, 1969–1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyev-in strateji idarəçilik qabiliyyəti və uzaqgörən siyasəti nəticəsində ölkə böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanın gələcək müstəqil dövlət kimi formalaşması üçün güclü iqtisadi baza yaradılıb və bu illər həm də mədəni intibah dövrü kimi tarixə düşüb.

Sahibə Qafarova qeyd edib ki, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan ciddi çətinliklərlə üzləşib. Dövlət idarəçiliyindəki problemlər, iqtisadi böhran, Ermənistanın hərbi təcavüzü, separatizm meyilləri və vətəndaş müharibəsi təhlükəsi ölkənin sabitliyini ciddi şəkildə sarsıdıb.

Onun sözlərinə görə, məhz belə ağır şəraitdə xalqın tələbi ilə 1993-cü il iyunun 15-də Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına və destruktiv proseslərin qarşısının alınmasına imkan yaradıb. Qısa müddət sonra xalqın iradəsi ilə Prezident seçilməsi isə dövlətin inkişaf yolunu müəyyənləşdirib.

Spiker vurğulayıb ki, Ulu Öndərin rəhbərliyi ilə müasir milli dövlətçilik konsepsiyası formalaşdırılıb, Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib, strateji inkişaf xətti müəyyənləşdirilib və ölkə beynəlxalq arenada nüfuzlu dövlətə çevrilib.

Sahibə Qafarova əlavə edib ki, Heydər Əliyevin siyasi kursu hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 23 ildə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyi, güclü iqtisadi və hərbi potensial formalaşdırdığı bildirilib.

O qeyd edib ki, bu inkişaf 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında əldə edilən tarixi qələbələrlə nəticələnib. Bununla Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub və Ulu Öndərin müəyyən etdiyi dövlətçilik xətti uğurla başa çatdırılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sahibə Qafarova: “Azərbaycanın iqtisadi və hərbi gücü Heydər Əliyev strategiyasının nəticəsidir” — Fins.az — Fins.az