
Qarabağ və Şərqi Zəngəzurda layihələrin icrasına ayrılan vəsaitin 11%-i istifadə olunub
2026-cı ilin I rübündə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumilikdə 268 layihə icra edilib.
Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, layihələrin həyata keçirilməsi üçün ayrılmış 3,5 milyard manat vəsaitin 386,2 milyon manatı istifadə olunub ki, bu da ümumi ayırmaların 11%-ni təşkil edir.
Hesabat dövründə icra olunan layihələrin 41-i nəqliyyat, 15-i su təsərrüfatı və meliorasiya, 6-sı energetika və sənaye, 19-u müdafiə və hüquq-mühafizə, 171-i sosial, 16-sı isə digər istiqamətləri əhatə edib.
Açıqlanan rəqəmlərə görə, nəqliyyat layihələrinin icrasına 185 milyon manat sərf olunub və bu istiqamətdə icra səviyyəsi 18% təşkil edib. Sosial layihələr üzrə xərclər 153 milyon manat olub ki, bu da 9% icra səviyyəsinə uyğundur.
Eyni zamanda müdafiə və hüquq-mühafizə sahəsində layihələr üçün 26,3 milyon manat (18%), digər layihələr üzrə isə 21,9 milyon manat (9%) vəsait istifadə edilib.
Su təsərrüfatı və meliorasiya, eləcə də energetika və sənaye layihələri üzrə xərclərə dair detallı göstəricilər açıqlanmayıb.