Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub

RƏSMİ
213

Fins.az - İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, səfər çərçivəsində Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verib, daha sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Mərasim zamanı fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Ardınca Azərbaycan nümayəndə heyətinin üzvləri Sərdar Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunublar.

Rəsmi qarşılanma mərasiminin sonunda dövlət başçıları birgə foto çəkdiriblər.

Səfər çərçivəsində həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək görüşü də keçirilib.

Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...