
Naxçıvanda idarəetmə modelində yeni mərhələ: Prezident nümayəndəliyinin statusu yüksəldilir
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.
Fins.az-ın məlumatına görə, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və nümayəndəliyə rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.
Təklif edilən digər dəyişikliklərə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinləri vəzifələri inzibati vəzifələr təsnifatından çıxarılacaq, nümayəndəliyin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil ediləcək.
Dəyişiklikdən sonra “Dövlət qulluğu haqqında” Qanun Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinlərinə şamil olunmayacaq.
Qanun layihəsinin qəbul edilməsi nəzərdə tutulduğu halda dəyişikliklərin 2026-cı il iyulun 1-dən qüvvəyə minəcəyi bildirilir.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.