
Hikmət Hacıyev dünya şöhrətli iqtisadçı Ceffri Saksla görüşüb
Fins.az – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iqtisadiyyat professoru Ceffri Saksla görüş keçirib.
Bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edib.
Məlumata görə, Bakıya səfəri çərçivəsində keçirilən görüşdə tərəflər dayanıqlı inkişaf, geosiyasət və geoiqtisadiyyat məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Bildirilib ki, görüş zamanı Böyük Xəzər regionu konsepsiyası, Azərbaycanın orta güc kimi artan rolu, ölkənin sülh gündəliyi və regional məsuliyyətin əhəmiyyəti də müzakirə olunub.
Hikmət Hacıyev paylaşımında Ceffri Saksın Şərq-Qərb marşrutu üzrə elektromobillərlə səyahəti nəzərdə tutan "Marco Polo – Drive of Peace" təşəbbüsünü də yüksək qiymətləndirib.
"Onun Şərq-Qərb marşrutu üzrə elektromobillərlə səyahəti nəzərdə tutan "Marco Polo – Drive of Peace" adlı təşəbbüsü dialoqun və qarşılıqlı əlaqələrin təşviqi baxımından ilhamverici nümunədir", – deyə paylaşımda qeyd olunub.
