
Hesablama Palatası bu ilin audit planını açıqlayıb
Fins.az - Hesablama Palatası 2026-cı il üçün dövlət maliyyə nəzarəti planını açıqlayıb. Məlumata görə, il ərzində ümumilikdə 45 auditin həyata keçirilməsi nəzərdə tutulur.
Bu barədə Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən iclasda bildirib.
Plan üzrə auditlərin əsas istiqamətləri aşağıdakı sahələri əhatə edəcək:
Təhsil və səhiyyə müəssisələri
Qarabağ regionunda investisiya layihələri
Su təsərrüfatı üzrə investisiya xərcləri
Dövlət satınalmaları
Məqsədli büdcə fondları
Dövlət Sosial Müdafiə Fondu (DSMF) və İşsizlikdən Sığorta Fondu (İSF)
Bəzi beynəlxalq tədbirlərə ayrılan vəsaitlər
Eyni zamanda, Palata rəqəmsallaşma və audit sisteminin modernləşdirilməsi istiqamətində yeni fəaliyyət planlarını da təqdim edib. Bildirilib ki, artıq rəqəmsal audit sisteminin qurulmasına başlanılıb.
Yeni sistemin məqsədi məlumatların vahid platformada toplanması, analitik emalı və risk əsaslı qiymətləndirmə mexanizmlərinin tətbiqidir. Sistem dövlət qurumları arasında məlumat mübadiləsini sürətləndirməklə audit prosesini daha effektiv və şəffaf etməyi hədəfləyir.
Planlaşdırılan yeniliklər arasında:
120-dən çox meyar əsasında risk/analitik qiymətləndirmə
Dövlət informasiya sistemlərinin inteqrasiyası
Vahid elektron audit platforması
Elektron imza və “hökumət buludu” infrastrukturu
Audit nəticələrinin avtomatlaşdırılmış analizi
Gələcək mərhələdə isə süni intellekt əsaslı audit yanaşmalarının tətbiqi nəzərdə tutulur. Bu yanaşma audit proseslərinin daha çox rəqəmsal mühitə keçməsini və fiziki sənəd dövriyyəsinin minimuma endirilməsini hədəfləyir.