Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib

RƏSMİ
272

2026-cı ilin yanvar–may aylarında dövlət büdcəsinin icrası və xəzinə əməliyyatlarının idarə olunması sahəsində yüksək göstəricilər qeydə alınıb.

Fins.az-ın Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, hesabat dövründə xəzinə əməliyyatları üzrə müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, operativ və xətasız icrası təmin edilib. Bu müddət ərzində xəzinədarlıq orqanları tərəfindən 501,0 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə yerinə yetirilib.

Məlumata əsasən, cari ilin yanvar–may aylarında dövlət büdcəsinin gəlirləri 16 365,7 milyon manat təşkil edib. Bu göstərici proqnozdan 265,0 milyon manat və ya 1,6 faiz çox olub.

Dövlət büdcəsinin gəlirlərində Dövlət Vergi Xidməti xətti ilə daxilolmalar 7 825,3 milyon manat təşkil edib ki, bu da proqnozu 130,3 milyon manat və ya 1,7 faiz üstələyib.

Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 534,0 milyon manat olub. Bu göstərici proqnozdan 10,0 milyon manat və ya 0,4 faiz çoxdur.

Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 22,2 milyon manat təşkil edib və proqnozu 2,6 milyon manat və ya 13,3 faiz üstələyib.

Sair daxilolmalar 352,4 milyon manat olmaqla proqnozdan 227,4 milyon manat və ya 181,8 faiz çox icra olunub.

Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 5 350,0 milyon manat təşkil edib və bu istiqamət üzrə proqnoz 100 faiz yerinə yetirilib.

Hesabat dövründə dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 281,8 milyon manat olub ki, bu da proqnozun 72,8 faizinə bərabərdir.

Yanvar–may aylarında dövlət büdcəsinin xərcləri 13 852,7 milyon manat proqnoza qarşı 13 375,2 milyon manat məbləğində icra olunub. Beləliklə, xərclərin icra səviyyəsi 96,6 faiz təşkil edib.

Maliyyə Nazirliyinin məlumatına görə, 2026-cı ilin ilk beş ayında icmal büdcənin gəlirləri 19 865,3 milyon manat, xərcləri isə 15 611,5 milyon manat həcmində icra edilib.

Beləliklə, hesabat dövründə icmal büdcədə 4 253,8 milyon manat, dövlət büdcəsində isə 2 990,5 milyon manat həcmində profisit formalaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib — Fins.az — Fins.az