Dövlət büdcəsinin gəlirləri proqnozu 829 milyon manat üstələyib -  Azər Əmiraslanov

Dövlət büdcəsinin gəlirləri proqnozu 829 milyon manat üstələyib -  Azər Əmiraslanov

RƏSMİ
211

2025-ci ildə dövlət büdcəsinin icrasında müdafiə və təhlükəsizlik, əhalinin sosial müdafiəsi, eləcə də işğaldan azad edilmiş ərazilərin bərpası üzrə xərclərin maliyyələşdirilməsi əsas prioritet istiqamətlər kimi saxlanılıb.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov komitənin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Komitə sədrinin sözlərinə görə, 2025-ci ildə dövlət büdcəsinin icrası makroiqtisadi sabitlik şəraitində həyata keçirilib.

O qeyd edib ki, hesabat ilində iqtisadi artım 1,4 faiz, orta illik inflyasiya isə 5,6 faiz təşkil edib. Eyni zamanda, cari hesablar üzrə tədiyyə balansında 3,5 milyard ABŞ dolları həcmində müsbət saldo qeydə alınıb, strateji valyuta ehtiyatları isə 85,1 milyard ABŞ dollarına çatıb.

A.Əmiraslanov vurğulayıb ki, dövlət büdcəsinin gəlirləri üzrə faktiki göstəricilər proqnozu üstələyib. Belə ki, 2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat olmaqla proqnozdan 829 milyon manat və ya 2,2 faiz çox icra edilib.

Onun sözlərinə görə, dövlət büdcəsinin xərcləri üzrə təsdiq olunmuş göstərici 41,4 milyard manat təşkil etsə də, icra səviyyəsi proqnozun 93,2 faizi həcmində olmaqla 38,6 milyard manata bərabər olub.

Komitə sədri bildirib ki, dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard manat məbləğində təsdiqlənsə də, faktiki nəticədə 580 milyon manat həcmində büdcə artıqlığı formalaşıb.

A.Əmiraslanov qeyd edib ki, Milli Məclisdə 2025-ci ilin büdcə zərfi ölkənin iqtisadi inkişafına, əhalinin sosial rifahının yüksəldilməsinə və milli maraqların təmin olunmasına xidmət edən mühüm maliyyə sənədi kimi qiymətləndirilib.

Deputatın fikrincə, ötən ilin yekunları dövlət büdcəsinin icrasının qarşıya qoyulan məqsəd və meyarlara tam cavab verdiyini göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət büdcəsinin gəlirləri proqnozu 829 milyon manat üstələyib - Azər Əmiraslanov — Fins.az — Fins.az