Dövlət büdcəsində qeyri-neft gəlirlərinin payı artır - Sahil Babayev

Dövlət büdcəsində qeyri-neft gəlirlərinin payı artır - Sahil Babayev

RƏSMİ
329

Azərbaycanda qeyri-neft sektorunun iqtisadiyyatda payı artmaqda davam edir. 2025-ci ildə qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsul (ÜDM) 92,3 milyard manat təşkil edib ki, bu da ölkənin ümumi ÜDM-nin 71,5%-nə bərabərdir. Göstərici 2024-cü illə müqayisədə real ifadədə 2,7% artıb.

Fins.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, hesabat dövründə icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2%-ə, qeyri-neft vergilərinin payı isə 25%-ə yüksəlib. Bu göstəricilər əvvəlki illə müqayisədə müvafiq olaraq 2,8 faiz-bəndi və 2 faiz-bəndi artıb.

S.Babayev bildirib ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ümumi daxilolmalardakı xüsusi çəkisi son 5 ildə 43,3%-dən 52%-ə yüksəlib. Onun sözlərinə görə, 2026-cı ilin dövlət büdcəsində bu göstəricinin 57,4%-ə çatdırılması nəzərdə tutulur.

Nazir qeyd edib ki, hesabat dövründə cari xərclərin qeyri-neft gəlirləri hesabına örtülmə səviyyəsi 92% təşkil edib. Bu göstərici proqnozdan 7,5 faiz-bəndi, 2024-cü illə müqayisədə isə 0,2 faiz-bəndi yüksək olub.

Onun sözlərinə görə, hökumətin ortamüddətli məqsədi 2029-cu ilin sonunadək cari xərclərin qeyri-neft gəlirləri hesabına tam maliyyələşdirilməsini təmin etməkdir.

S.Babayev vurğulayıb ki, qeyri-neft sektorunun inkişafı və dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması hökumətin əsas prioritet istiqamətlərindən biridir. Bu məqsədlə qeyri-neft gəlirlərinin artırılması və gəlir mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Maliyyə naziri mənfəət vergisi üzrə proqnozun tam icra olunmamasına da aydınlıq gətirib. Onun sözlərinə görə, əsas səbəb vergi ödəyicilərinin hesablanmış mənfəət vergisini əlavə dəyər vergisi (ƏDV) üzrə artıq ödəmələrlə əvəzləşdirməsi olub.

Nazir bildirib ki, hesabat ilində qeyri-neft sektoru üzrə mənfəət vergisindən 4 milyard 123 milyon manat daxilolma proqnozlaşdırılıb. Bu məbləğ faktiki göstəricidən 219 milyon manat və ya 5,3% çox olub.

Eyni zamanda, qeyri-neft sektoru üzrə ƏDV daxilolmaları 4 milyard 202 milyon manat təşkil edib və təsdiqlənmiş proqnozu 639 milyon manat və ya 18% üstələyib.

S.Babayev qeyd edib ki, ƏDV və mənfəət vergisi üzrə nəticələr birlikdə qiymətləndirildikdə, ümumi faktiki icra proqnozu 5,5% üstələyib.

Nazir əlavə edib ki, dünyada geosiyasi gərginliklər, logistika zəncirlərində pozuntular, enerji və ərzaq bazarlarında dəyişkənlik davam etsə də, Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub.

Onun sözlərinə görə, bu nəticələr fiskal intizamın gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş siyasətin nəticəsidir.

S.Babayev bildirib ki, 2025-ci ildə dövlət və icmal büdcələrin vəsaitləri sosial təminat tədbirlərinin maliyyələşdirilməsinə, iqtisadi inkişafın dəstəklənməsinə, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsinə, həmçinin işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına yönəldilib. Onun sözlərinə görə, hökumət qarşısında qoyulan bütün vəzifələrin maliyyələşdirilməsi tam təmin olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət büdcəsində qeyri-neft gəlirlərinin payı artır - Sahil Babayev — Fins.az — Fins.az