
Azərbaycanda qadınların pensiyaya çıxma yaş həddi artırıldı
Fins.az – Bu gündən etibarən Azərbaycanda qadınların pensiyaya çıxma yaş həddi 6 ay artırılaraq 65 yaşa çatdırılıb.
“Əmək pensiyaları haqqında” Qanuna əsasən, qadınların pensiya yaşı 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək, kişilərin pensiya yaşı isə 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılıb.
Bununla da 2026-cı il iyulun 1-dən qadınlar üçün pensiya yaşı 65 il müəyyən edilib və bu göstərici kişilərlə eyni səviyyəyə çatdırılıb.
Qadınlar üzrə pensiya yaşının artım qrafiki
Dövr | Qadınlar üzrə pensiya yaşı |
1 iyul 2017 – 30 iyun 2018 | 60 il 6 ay |
1 iyul 2018 – 30 iyun 2019 | 61 il |
1 iyul 2019 – 30 iyun 2020 | 61 il 6 ay |
1 iyul 2020 – 30 iyun 2021 | 62 il |
1 iyul 2021 – 30 iyun 2022 | 62 il 6 ay |
1 iyul 2022 – 30 iyun 2023 | 63 il |
1 iyul 2023 – 30 iyun 2024 | 63 il 6 ay |
1 iyul 2024 – 30 iyun 2025 | 64 il |
1 iyul 2025 – 30 iyun 2026 | 64 il 6 ay |
1 iyul 2026 və sonra | 65 il |
Pensiya hüququ üçün hansı şərtlər tələb olunur?
Qanuna əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, həmin şəxs sığorta stajından asılı olmayaraq yaşa görə əmək pensiyası ala bilər.
Əgər pensiya kapitalı minimum pensiya təminatına imkan vermirsə, bu halda şəxsin azı 25 il sığorta stajı olmalıdır. Bu tələb 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslərə şamil edilmir.
Pensiya hüququ yaranmayan şəxslər üçün sosial müavinət
Əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ qazanmayan şəxslər “Sosial müavinətlər haqqında” Qanuna əsasən yaşa görə sosial müavinət ala bilərlər.
Hazırda bu müavinətin məbləği 220 manat təşkil edir və əmək qabiliyyəti olmayan, işləməyən şəxslərə ödənilir.
Minimum pensiya məbləği nə qədərdir?
Mövcud qaydalara əsasən, fərdi hesabda toplanmış pensiya kapitalına uyğun olaraq pensiyanın məbləği müəyyən edilir.
Hazırda Azərbaycanda minimum əmək pensiyasının məbləği 320 manatdır. Yaşa görə əmək pensiyası isə ömürlük təyin edilir.
Qeyd edək ki, qadınların pensiya yaşı sonuncu dəfə 2025-ci il iyulun 1-dən 6 ay artırılaraq 64 il 6 ay edilmişdi və bu göstərici 30 iyun 2026-cı ilədək qüvvədə idi.