Azərbaycanda frilanserlər və rəqəmsal səyyahlar vergi uçotuna alınacaq

Azərbaycanda frilanserlər və rəqəmsal səyyahlar vergi uçotuna alınacaq

RƏSMİ
170

Fins.az – Azərbaycanda frilanserlər və rəqəmsal səyyahların vergi orqanında qeydiyyata alınması nəzərdə tutulur.

Bu, Milli Məclisin dünənki iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, frilanserlər və rəqəmsal səyyahlar vergi orqanında qeydiyyata (uçota) alındıqdan, sənaye və ya texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçərək müvafiq qeydiyyat şəhadətnaməsini əldə etdikdən sonra ölkə ərazisində fəaliyyət göstərə, xarici mənbələrdən gəlir əldə edə, həmçinin Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştləri və azadolmalarından yararlana biləcəklər.

Layihədə "frilanser" anlayışına da hüquqi tərif verilir. Belə ki, frilanser muzdlu işçi cəlb etmədən, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində mülki-hüquqi müqavilə əsasında müstəqil şəkildə ödənişli xidmət göstərən və ya iş yerinə yetirən, sənaye və ya texnologiyalar parkının rezidenti olan fiziki şəxs hesab ediləcək.

Eyni zamanda, "rəqəmsal səyyah" dedikdə rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində fəaliyyətini informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə distant formada həyata keçirən, gəlirlərini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs nəzərdə tutulur.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda frilanserlər və rəqəmsal səyyahlar vergi uçotuna alınacaq — Fins.az — Fins.az