“Zəncir düzgün qurularsa, turizm gəlirləri davamlı və artan xarakter daşıya bilər”-MÜSAHİBƏ

“Zəncir düzgün qurularsa, turizm gəlirləri davamlı və artan xarakter daşıya bilər”-MÜSAHİBƏ

MÜSAHİBƏ
1,060

Fins. az “Flydubai”, “Pegasus” Hava Yolları, “Jazeera Airways”-həmçinin beynəlxalq tur operator olan “Voyager Group” un Azərbaycanda rəsmi tərəfdaşı və nümayəndəliyi olan “Aviapartner” şirkətinin sədri Zöhrab Əliyev ilə aviasiya və turizm sektorunun mövcud vəziyyəti, bazardakı əsas problemlər və inkişaf perspektivləri barədə müsahibə edib.

Söhbət zamanı daxili bazarda rəqabət mühiti, turizm agentliklərinin üzləşdiyi çətinliklər, beynəlxalq tərəfdaşlıq imkanları və Azərbaycanın regional aviasiya mərkəzinə çevrilməsi potensialı müzakirə olundu. Həmçinin şirkətin beynəlxalq brendlərlə əməkdaşlığı, B2B satış mexanizmləri və bazarın daha şəffaf və dayanıqlı inkişafı üçün atılmalı addımlar barədə fikirlər səsləndirilib.

Müsahibədə turizm sektorunda struktur problemlər, qiymət rəqabəti, xidmət keyfiyyəti və rəsmi agentlik statusunun əhəmiyyəti kimi aktual məsələlərə də toxunuldu.

 -Hazırda Azərbaycanın aviasiya və turizm sektorundakı vəziyyəti necə dəyərləndirirsiniz?

-Azərbaycanda turizm sektorunda ciddi struktur problemlər mövcuddur. Hazırda ölkədə 4 mindən çox rəsmi və qeyri-rəsmi fəaliyyət göstərən turizm agentliyi var. Lakin bu sahədə lisenziya verən ayrıca dövlət qurumu yoxdur. Nəticədə bazarda qeyri-bərabər rəqabət mühiti formalaşıb.

– Turizm bazarında qeyri-bərabər rəqabət konkret olaraq nədən qaynaqlanır?

-Məsələn, bir sahibkar rəsmi şəkildə turizm agentliyi açır, ofis icarəyə götürür, işçilərə maaş verir, vergilər və hesabatlar ödəyir. Digər tərəfdən isə bəzi şəxslər sadəcə şirkət qeydiyyatdan keçirib, ofissiz və faktiki xərclər olmadan fəaliyyət göstərir. Onlar hazır turizm məhsulunu satır, üzərinə komissiya əlavə edir və xidmət haqqı qazanırlar. Məsələn, bir aviabilet üçün 50 manat xidmət haqqı tətbiq edilir, digəri isə 10 manat əlavə etməklə bazarda qiymətləri aşağı salır. Bu isə nəticə etibarilə böyük və rəsmi fəaliyyət göstərən şirkətlərin bazardan sıxışdırılmasına səbəb olur.

Belə qeyri-sağlam rəqabət mühiti turizm bazarının inkişafına mənfi təsir göstərir. Rəqəmlərdə artım göstərilsə də, real inkişaf müşahidə olunmur. Məsələn, statistikaya görə Rusiyadan yarım milyona yaxın ziyarətçi gəlib. Lakin onların hamısını turist hesab etmək düzgün deyil. Bir hissəsi qohum ziyarəti, iş və ya digər məqsədlərlə gələn şəxslərdir. Şişirdilmiş statistik göstəricilər turizmin real inkişafını əks etdirmir.

– Azərbaycana gələn turistlərin strukturunda hansı ölkələr üstünlük təşkil edir və bunun səbəbi nədir?

-Azərbaycana gələnlər arasında hindistanlı vətəndaşlar üstünlük təşkil edir. Bunun əsas səbəbi Hindistanın əhalisinin 1,5 milyarddan çox olmasıdır. Bu qədər böyük əhalinin hətta kiçik faizi belə səfər etdikdə, statistik olaraq böyük rəqəmlər ortaya çıxır. Lakin əsas məsələ gələnlərin ölkə iqtisadiyyatına real töhfə verib-verməməsidir.

– Sizin fikrinizcə, “turist” anlayışı necə müəyyənləşdirilməlidir?

-Ölkəyə gələn turistlərin sayında şişirdilmiş statistik rəqəmlər olmamalıdır. Turist anlayışı yalnız ölkəyə daxil olan şəxs demək deyil. Turist 360 dərəcəli xidmət paketindən istifadə etməlidir- hotel, transfer, restoran, əyləncə və digər xidmətlərə xərcləmə etməlidir ki, ölkəyə real gəlir gətirsin. Əks halda, sadəcə giriş-çıxış statistikası turizm gəliri demək deyil.

– Aviaşirkətlərin fəaliyyəti turizm gəlirlərinə necə təsir göstərir?

Qeyri-neft sektorunda turizm aparıcı sahələrdən biri hesab olunur. Lakin hazırkı vəziyyət bu sektorun gerilədiyini göstərir. Dövlət qurumları ilə özəl sektor arasında koordinasiya müəyyən qədər zəifdir. Məsələn, bəzi şirkətlər ölkədə fəaliyyət göstərən bir neçə hava yolunun və tur operatorun rəsmi nümayəndəsi olmasına baxmayaraq, indiyədək dövlət turizm qurumu tərəfindən birgə əməkdaşlıq mexanizmi üzrə müzakirəyə dəvət olunmayıblar.

 

Məsələn, Flydubai gündə üç dəfə Bakı–Dubay marşrutu üzrə uçuş həyata keçirir və təyyarələrin doluluq faizi təxminən 80 faizdir. Hər reysdə orta hesabla 30–40 nəfər Azərbaycan vətəndaşı olur, qalan hissə isə xarici turistlərdir. Bu isə ay ərzində təxminən 8 500–9 000 turist deməkdir. Bu turistlər hava limanına, taksi xidmətlərinə, hotellərə və digər sahələrə gəlir gətirir. Nəticədə dövlət büdcəsinə də vergi daxilolmaları artır.

– Turizmin inkişafı üçün hansı mexanizmlər tətbiq edilməlidir?

-Turizmin inkişafı üçün aydın və şəffaf dövlət proqramı, qanunlar, konkret strategiya və məsuliyyət bölgüsü olmalıdır. Ölkənin turizm konsepsiyası hazırlanmalı, hədəflər müəyyənləşdirilməli və hər bir tərəfin — dövlətin, hava yollarının, tur operatorların və hotellərin üzərinə düşən vəzifələr dəqiq göstərilməlidir. Məsələn, Azərbaycan bazarına daxil olmaq istəyən hava yolları üçün konkret hədəflər müəyyən edilə bilər: müəyyən sayda turist gətirmək öhdəliyi, ilkin mərhələdə sınaq dövrü, nəticələrə əsaslanan kvota mexanizmi və s. Əgər aviaşirkət real turist axını yaradırsa, ona əlavə uçuş kvotası verilə bilər. Bu isə sistemli yanaşma və strateji planlaşdırma tələb edir.

Strategiya yalnız Azərbaycanın xaricdə tanıdılması ilə bitməməlidir. Daxili mexanizmlər, qanunvericilik bazası, kvota sistemi və nəzarət mexanizmi daha da gücləndirilməlidir.

Turizm sektorunun real inkişafı üçün rəqabət mühiti sağlamlaşdırılmalı, dövlət–özəl sektor əməkdaşlığı gücləndirilməli və uzunmüddətli, nəticəyönümlü strategiya hazırlanmalıdır. Əks halda, statistik artım real iqtisadi inkişafa çevrilməyəcək.

 

– Sizcə Azərbaycan turizm sektorunda hansı modeli əsas götürməlidir?

– Məncə, Azərbaycan üçün maraqlı nümunələrdən biri Səudiyyə Ərəbistan modelidir. Səudiyyə Ərəbistan idman vasitəsilə ölkə brendini formalaşdırdı. Məsələn, Cristiano Ronaldo kimi dünya ulduzlarının regiona cəlb edilməsi təkcə idman hadisəsi deyil, strateji investisiyadır. Bu gün qoyulan sərmayə sabah turizm və xidmət sektorunda gəlirə çevrilir.

– Futbol doğrudan da iqtisadi alətə çevrilə bilərmi?

– Bəli, futbol artıq sadəcə idman deyil, böyük iqtisadi platformadır. Azərbaycan üçün bunun ən real nümunəsi Qarabağ FK-dır. Klubun Avropa oyunları ölkənin tanıdılmasına və xarici azarkeş axınına ciddi təsir göstərir.

-Konkret rəqəmlərlə desək, bunun iqtisadi effekti necə hesablanır?

– Məsələn, Newcastle United F.C. ilə keçirilən oyun zamanı təxminən 2 min azarkeş Azərbaycana gəlib. Əgər hər biri orta hesabla minimum 500 ABŞ dolları xərcləyibsə, bu, bir oyun çərçivəsində təxminən 1 milyon dollarlıq dövriyyə deməkdir. Bu vəsait hotellərə, restoranlara, nəqliyyata və digər xidmət sahələrinə bölünür. Yəni bir klub faktiki olaraq bütöv iqtisadi zənciri hərəkətə gətirir.

 – Dövlət bu prosesi necə sistemləşdirə bilər?

– Bunun üçün konsepsiya lazımdır. Məsələn, Əbu-Dabi və Qətər müəyyən təşviq mexanizmləri tətbiq edir. Ölkəyə gətirilən turist axınına görə tur operatorlara və ya tərəfdaşlara dəstək verilir. Məqsəd odur ki, ölkəyə daxil olan vəsait ölkə daxilində qalsın və dövriyyə artsın.

– Region ölkələri ilə müqayisədə vəziyyət necədir?

– Qazaxıstan-ın əhalisi təxminən 20 milyondur, Azərbaycanın isə 10 milyon. Amma uçuş sayı və turist axını baxımından Qazaxıstan bizdən irəlidədir. Bu, onların aviasiya və tranzit siyasətinin nəticəsidir.

Eyni zamanda Özbəkistan dövlət proqramları vasitəsilə tur operatorlara dəstək verir və müəyyən istiqamətlər üzrə turlar təşkil olunur.

– Aviasiya sektoru burada hansı rol oynayır?

– Çox böyük rol oynayır. Birləşmiş Ərəb Əmirlikləri ərazi baxımından kiçik olsa da, bir neçə güclü hava yolu şirkətinə malikdir. Bu isə onların strateji planlamasının nəticəsidir.

Sağlam rəqabət artdıqca həm qiymətlər optimallaşır, həm də turist axını genişlənir.

-Yekun olaraq, Azərbaycanın əsas prioriteti nə olmalıdır?

-Azərbaycan turizmi sistemli yanaşmaya keçməlidir və şəffaf toxunuşlu sistem lazımdır. İdman, aviasiya, hotelçilik və xidmət sektoru vahid konsepsiya əsasında işləməlidir. Futbol klubu təkcə idman komandası deyil, ölkə brendidir. Əgər bu zəncir düzgün qurularsa, turizm gəlirləri davamlı və artan xarakter daşıya bilər.

Aynur Bayramova

Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...