Zaur Salmanlı: “Azərbaycan bu sahədə qlobal miqyasda aparıcı ölkələrdən birinə çevrilə bilər”-MÜSAHİBƏ

Zaur Salmanlı: “Azərbaycan bu sahədə qlobal miqyasda aparıcı ölkələrdən birinə çevrilə bilər”-MÜSAHİBƏ

MÜSAHİBƏ
917

Fins.az "Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı ilə Azərbaycan balıqçılıq sektorunun mövcud vəziyyəti, əsas problemlər, dövlət dəstəyi mexanizmləri, idxal-asılılıq məsələləri və gələcək inkişaf perspektivləri barədə geniş müsahibə hazırlayıb.

Müsahibədə Zaur bəy sahənin son illərdə keçdiyi inkişaf yolu, yerli istehsalın azalmasına təsir edən amillər, statistik uçot və idarəetmə problemləri, həmçinin akvakultura sahəsində institusional dəyişikliklərin mümkün nəticələri barədə ətraflı fikirlərini bölüşür. Eyni zamanda o, geosiyasi proseslərin bazara təsiri, idxal məhsullarının qiymət üstünlüyü və bunun yerli istehsalçılara yaratdığı çağırışları da şərh edir.

Ekspert balıqçılıq sektorunun yalnız iqtisadi deyil, həm də ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayaraq, yaxın illər üçün əsas prioritetlərin sistemli islahatlar, istehsalın artırılması və insan kapitalının inkişafı olduğunu qeyd edir. Müsahibə sektorun hazırkı reallığını və gələcək inkişaf istiqamətlərini daha aydın təsəvvür etməyə imkan yaradır.

-Azərbaycan balıqçılıq sektorunun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

-Azərbaycanda balıqçılıq sektorunun mövcud vəziyyətini ümumilikdə ciddi çətinliklərlə üzləşən bir sahə kimi qiymətləndirirəm. Son 6–8 il ərzində yerli istehsalın davamlı şəkildə azalması bu sahədə əsas problemlərdən biridir. Eyni zamanda, balıq məhsullarının ixracı da nəzərəçarpacaq dərəcədə zəifləyib və hazırda minimum səviyyəyə yaxınlaşmışdır. Bunun fonunda idxalın artması isə daxili bazarın xarici məhsullardan asılılığını daha da gücləndirir.

Bu mənfi dinamikanın əsas səbəblərindən biri kimi qeyd etmək olar ki, son illərdə sahənin idarə olunması və dövlət tərəfindən tənzimlənməsi mexanizmləri kifayət qədər effektiv qurulmayıb. Xüsusilə də dəstək proqramlarının, subsidiya və təşviq alətlərinin zəifliyi balıqçılıq təsərrüfatlarının inkişafına mane olur. Bundan əlavə, sahəyə sistemli və strateji yanaşmanın olmaması, müəyyən dövrlərdə laqeyd münasibətin sərgilənməsi mövcud problemləri daha da dərinləşdirib.

Digər tərəfdən, müasir texnologiyaların tətbiqinin məhdud olması, balıq ehtiyatlarının qorunması və artırılması istiqamətində yetərli tədbirlərin görülməməsi də sektorda geriləməyə səbəb olan amillər sırasındadır. Halbuki düzgün idarəetmə və məqsədyönlü dövlət dəstəyi ilə balıqçılıq sektoru həm daxili tələbatın ödənilməsində, həm də ixrac potensialının artırılmasında mühüm rol oynaya bilər.

-Mövcud çətinliklərin kökündə hansı struktur problemlər dayanır?

- Hesab edirəm ki, bu sahənin inkişafı üçün institusional islahatlara, effektiv dövlət dəstəyinə və innovativ yanaşmalara ciddi ehtiyac var. Balıqçılıq sektorunda mövcud olan problemlərə ümumi yanaşdıqda demək olar ki, əsas çətinlik sistemli idarəetmənin uzun müddət formalaşmaması ilə bağlıdır. Yəni bu sahədə vahid, işlək və dayanıqlı bir sistemin olmaması bütün digər problemlərin əsasını təşkil edir.

Bununla yanaşı, ən ciddi problemlərdən biri statistik məlumat bazasının yetərli səviyyədə olmamasıdır. Bu gün Azərbaycanda hansı növ balıqdan nə qədər istehsal olunduğu, istehsalın hansı regionlarda cəmləşdiyi, istehsalçıların sayı, bazarın real həcmi və gələcək inkişaf proqnozları barədə dəqiq və sistemli məlumatlar mövcud deyil. Mövcud olan məlumatlar isə daha çox ekspert qiymətləndirmələrinə əsaslanır. Bu isə istənilən sahədə düzgün idarəetmənin qurulmasını xeyli çətinləşdirir. Çünki dəqiq məlumat olmadan planlama, strategiya və effektiv qərarların qəbulu mümkün deyil.

Digər mühüm problem isə dövlət dəstək mexanizmlərinin kifayət qədər inkişaf etməməsidir. Uzun illər ərzində balıqçılıq sahəsində fəaliyyət göstərən subyektlər üçün xüsusi vergi güzəştləri, subsidiyalar və ya təşviq proqramları geniş şəkildə tətbiq olunmayıb. Bu isə istehsalçıların maliyyə yükünü artırmaqla yanaşı, onların genişlənmə və investisiya imkanlarını da məhdudlaşdırıb.

Eyni zamanda, istehsalçıların qeydiyyatı və ilkin uçot sisteminin tam formalaşmaması da problemlər sırasındadır. Bu istiqamətdə son dövrlərdə müəyyən addımlar atılsa da, sistemin tam işlək vəziyyətə gətirilməsi üçün hələ də zamana ehtiyac var.

 -Yerli balıq istehsalının artırılması üçün hansı addımlar atılır və perspektivlər necədir?

-2024-cü ilin sonunda Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinin nəzdində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin yaradılması bu sahə üçün mühüm və ümidverici addım oldu. Uzun illər bu sektorda fəaliyyət göstərən insanlar üçün bu qərar sözün əsl mənasında “işıq” rolunu oynadı. Çünki ilk dəfə olaraq sahədə vahid tənzimləyici qurum- yəni regulator formalaşdı.

Hazırda həmin qurumun institusional quruculuq prosesi davam edir və yaxın dövrdə onun fəaliyyətinin daha da genişlənəcəyi gözlənilir. Bu istiqamətdə görülən işləri biz ümumilikdə müsbət qiymətləndiririk və təqdirəlayiq hesab edirik. Əlbəttə, nəzərə almaq lazımdır ki, bu qurum faktiki olaraq sıfırdan bir sistem qurur. Ona görə də bir və ya iki il ərzində ciddi və sürətli nəticələr gözləmək real yanaşma olmazdı. Lakin müşahidə olunan odur ki, sahədə müəyyən işlər görülür, konseptual yanaşmalar formalaşdırılır və inkişaf istiqamətləri müəyyən edilir.

-Yeli istehsalın artımı üçün hansı addımlar atılmalıdır?

-Yerli istehsalın artırılması üçün əsas şərtlərdən biri məhz qeyd etdiyimiz problemlərin aradan qaldırılmasıdır. İlk növbədə, dəqiq statistik baza yaradılmalı, sektor üzrə tam uçot sistemi qurulmalıdır. Bundan sonra isə dövlət dəstək mexanizmlərinin-subsidiya, güzəştli kreditlər, vergi təşviqləri və digər alətlərin tətbiqi genişləndirilməlidir.

Məlumatlara əsasən, bu istiqamətdə artıq müvafiq qurumlar tərəfindən işlər aparılır və dövlət dəstək mexanizmlərinin hazırlanması üzərində çalışılır. Gözləntilərə görə, bu mexanizmlərin 2026-cı ilin sonu -2027-ci ildən etibarən daha aktiv şəkildə tətbiqinə başlanıla bilər.

Ümumilikdə, mövcud vəziyyətin hazırda çətin olmasına baxmayaraq, görülən işlər gələcəyə müəyyən optimizm yaradır. Hesab edirəm ki, əgər başlanmış islahatlar ardıcıl şəkildə davam etdirilərsə, yaxın 5 il ərzində həm istehsalçılar, həm də istehlakçılar bu dəyişikliklərin müsbət nəticələrini hiss edəcəklər.

-Son dövrlərdə regionda baş verən geosiyasi hadisələrin balıq bazarına təsiri barədə nə deyə bilərsiniz?

-Son dövrlərdə regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər, xüsusilə İranda davam edən gərginlik və müharibə şəraiti balıq bazarına da birbaşa təsir göstərdi. Xüsusilə, İrandan Azərbaycana idxal olunan əlvan forel balığının tədarükündə yaranan qısamüddətli fasilə bazarda dərhal qiymət artımı ilə nəticələndi. Cəmi bir neçə günlük dayanma belə bazarda ciddi dalğalanma yaratdı.

Həmin dövrdə mətbuat orqanları da bu məsələ ilə bağlı mövqeyimizi öyrənmək üçün müraciət etmişdilər. Biz də o zaman vurğuladıq ki, bu cür hallar bir daha yerli istehsalın əhəmiyyətini və strateji vacibliyini açıq şəkildə göstərir.

Burada əsas məsələ ərzaq təhlükəsizliyidir. Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün milli prioritet olmalıdır. Bəli, hazırda idxal bərpa olunub və qiymətlər müəyyən qədər stabilləşib. Amma əgər həmin fasilə daha uzun müddət davam etsəydi, bu, Azərbaycan istehlakçısı üçün ciddi problemə çevrilə bilərdi. Hətta müəyyən dövrdə bazarda balıq məhsullarının kəskin çatışmazlığı belə yarana bilərdi.

Bu baxımdan yerli balıq istehsalının artırılması artıq alternativ deyil, zəruri bir istiqamətdir və prioritet kimi qəbul olunmalıdır. Sevindirici haldır ki, hazırda bu məsələ müvafiq dövlət qurumlarının, o cümlədən yeni yaradılmış tənzimləyici qurumun fəaliyyətində də prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

 -İrandan idxal olunan balıq niyə daha ucuz başa gəlir və bu, yerli istehsala necə təsir edir?

-İrandan idxal olunan balıq məhsullarının daha ucuz olmasının bir sıra obyektiv səbəbləri var. İlk növbədə, İranda balıqçılıq və akvakultura sahəsinə dövlət tərəfindən ciddi dəstək göstərilir. Məsələn, istehsalda istifadə olunan enerji resurslarına güzəştlər tətbiq olunur, yem təminatına subsidiyalar verilir, ixrac əməliyyatları stimullaşdırılır və ümumilikdə istehsalın özünə dövlət dəstəyi mövcuddur.

Bəzi hallarda isə idxal zamanı əlavə fiskal yükün minimal olması, hətta müəyyən məhsullar üzrə çox aşağı rüsumların tətbiqi nəticəsində həmin məhsullar Azərbaycan bazarına çox rəqabətli qiymətlərlə daxil olur. Bu isə faktiki olaraq həmin məhsulların bir regiondan digərinə satılması qədər asan və ucuz başa gəlməsinə səbəb olur.

Biz bu məsələləri son 5–6 il ərzində dəfələrlə gündəmə gətirmişik və yerli istehsalçıların qorunması baxımından daha balanslı yanaşmanın vacibliyini vurğulamışıq. Lakin uzun müddət bu istiqamətdə kifayət qədər diqqət ayrılmayıb və nəticədə bu gün bazarda idxaldan asılılıq formalaşıb.

-Bu asılılıq gələcək üçün hansı riskləri yaradır və yerli istehsalın artırılması nə qədər realdır?

-Əsas risk ondan ibarətdir ki, strateji əhəmiyyət daşıyan bir ərzaq məhsulu üzrə ölkə xarici bazarlardan asılı vəziyyətə düşür. Bu isə həm iqtisadi, həm də təhlükəsizlik baxımından arzuolunan deyil. Artıq bəzi digər məhsullar üzrə də oxşar asılılıqların formalaşdığını görürük.

Eyni zamanda nəzərə almaq lazımdır ki, balıqçılıq və xüsusilə forel istehsalı qısa müddətdə sürətlə artırıla bilən sahə deyil. Bu, 5–6 ay və ya 1 il ərzində ciddi nəticə verəcək bir sektor deyil. Burada düzgün ərazilərin seçilməsi, biznes planların hazırlanması, maliyyə resurslarının cəlb olunması, infrastrukturun qurulması və ixtisaslı kadrların formalaşdırılması kimi bir sıra mərhələlər tələb olunur. Yəni bu, zaman və sistemli yanaşma tələb edən bir prosesdir.

Məhz buna görə də yaxın 2–3 il ərzində əsas istehlak məhsullarından olan əlvan  forel və digər oxşar balıq növləri üzrə kəskin artım gözləmək real görünmür. Lakin uzunmüddətli perspektivdə, xüsusilə düzgün dövlət siyasəti və dəstək mexanizmləri tətbiq olunarsa, bu sahədə ciddi irəliləyiş əldə etmək mümkündür.

Ümumilikdə, bu gün yaşanan çətinliklər həm də bir siqnaldır ki, yerli istehsalın inkişafı gecikdirilməməli və strateji prioritet kimi davamlı şəkildə dəstəklənməlidir.

 -Balıqçılıq sektorunda ixrac potensialını necə qiymətləndirirsiniz?

-Azərbaycanın balıqçılıq sektorunda ixrac potensialını qiymətləndirərkən demək olar ki, bu sahə hazırda məhdud, lakin strateji baxımdan vacib istiqamətlərə malikdir. Ümumilikdə yetişdirilən balıq məhsullarının ixracı baxımından hazırda əsas və ən stabil məhsul kimi qara kürü (nərə balığından əldə olunan məhsul) göstərilə bilər. Bu sahə Azərbaycan üçün ənənəvi ixrac istiqamətlərindən biridir və beynəlxalq bazarda yüksək dəyərə malikdir.

Nərə balıqlarının yetişdirilməsi və qara kürünün istehsalı həm daxili bazarın qorunması, həm də ixrac potensialının formalaşması baxımından mühüm rol oynayır. Son illərdə daxili bazarda bu məhsula olan tələbatın sabit saxlanılması və qiymətlərin tənzimlənməsi yerli istehsalçıların stimullaşdırılmasına da müsbət təsir göstərib.

Hazırda görülən işlərin nəticəsi olaraq, yaxın 1–2 il ərzində Azərbaycan nərə balığı və qara kürü istehsalı sahəsində dünya bazarında daha güclü mövqeyə sahib olmağı, hətta potensial olaraq ilk beşlik ölkələr sırasına daxil olmağı hədəfləyə bilər. Bu, əlbəttə ki, sistemli yanaşma, investisiyaların artırılması və müasir akvakultura texnologiyalarının tətbiqi ilə mümkün ola bilər.

Digər tərəfdən, ixrac baxımından yalnız nərə balığı və qara kürü deyil, təbii balıq ehtiyatları da əhəmiyyət kəsb edir. Son 5 il ərzində Xəzər dənizində bəzi kilkə növlərinin təbii ehtiyatlarında artım müşahidə olunub. Bunun nəticəsi olaraq artıq bir neçə Azərbaycan şirkəti kilkə balığının ixracına başlayıb.

Bu istiqamətin gələcəkdə daha da inkişaf etdirilməsi, xüsusilə ilkin məhsul deyil, emal olunmuş -yəni dərin emaldan keçmiş balıq məhsullarının ixracı ölkə üçün daha yüksək əlavə dəyər yarada bilər. Gözləntilər ondan ibarətdir ki, yaxın illərdə Azərbaycan yalnız xammal deyil, emal olunmuş balıq məhsullarının da ixracını genişləndirə biləcək.

Ümumilikdə isə demək olar ki, balıqçılıq sektorunda ixrac potensialı məhduddur, lakin düzgün strategiya və investisiya ilə yüksək dəyərli niş məhsullar üzrə Azərbaycan beynəlxalq bazarda daha güclü mövqe qazana bilər.

-Yaxın 3–5 ildə balıqçılıq sektorunun inkişaf prioritetləri nələr olmalıdır?

-Yaxın 3–5 il ərzində Azərbaycan balıqçılıq sektorunun əsas inkişaf prioritetləri sistemli və kompleks yanaşma üzərində qurulmalıdır. Mənim fikrimcə, ilk növbədə yerli istehsalın ümumi həcminin artırılması əsas hədəf olmalıdır. Bu, həm akvakultura təsərrüfatlarının genişləndirilməsi, həm də mövcud təsərrüfatlarda məhsuldarlığın yüksəldilməsi hesabına həyata keçirilməlidir.

Xüsusilə hər hektar və ya kvadratmetr üzrə istehsal göstəricilərinin artırılması vacib istiqamətlərdən biridir. Yəni məqsəd yalnız sahələrin genişləndirilməsi deyil, eyni zamanda mövcud istehsal resurslarından daha səmərəli istifadə olunması olmalıdır. Bu, müasir texnologiyaların tətbiqi, yemləmə sistemlərinin təkmilləşdirilməsi və idarəetmədə effektivlik hesabına mümkün ola bilər.

İkinci mühüm prioritet insan kapitalının inkişafıdır. Bu sahədə ciddi kadr hazırlığına ehtiyac var. Balıqçılıq və akvakultura üzrə ixtisaslaşmış mütəxəssislərin hazırlanması, mövcud kadrların bilik və bacarıqlarının artırılması, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi sektorun dayanıqlı inkişafı üçün əsas şərtlərdəndir.

Bununla yanaşı, dövlət dəstəyi mexanizmləri də gücləndirilməlidir. Subsidiyalar, güzəştli kreditlər, vergi stimulları və investisiya təşviqləri daha sistemli və əlçatan şəkildə tətbiq olunmalıdır. Bu dəstək mexanizmləri istehsalçıların maliyyə yükünü azaldaraq sektora yeni investisiyaların cəlb olunmasına şərait yarada bilər.

Eyni zamanda təlim və tədris sahəsinə ayrılan vəsaitlərin artırılması da vacibdir. Praktiki yönümlü təlim proqramlarının genişləndirilməsi, sahə üzrə ixtisaslaşmış tədris mərkəzlərinin yaradılması və beynəlxalq təcrübə mübadiləsi bu istiqamətdə mühüm rol oynaya bilər.

Ümumilikdə hesab edirəm ki, sadalanan bu prioritetlər-yerli istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, kadr hazırlığının gücləndirilməsi və dövlət dəstəyinin sistemləşdirilməsi -yaxın 5 il ərzində Azərbaycan balıqçılıq sektorunun əsas inkişaf strategiyasını təşkil etməlidir. Bu yanaşma həyata keçirilərsə, sektor həm daxili tələbatın təmin olunmasında, həm də ixrac potensialının artmasında daha güclü mövqeyə sahib ola bilər.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Zaur Salmanlı: “Azərbaycan bu sahədə qlobal miqyasda aparıcı ölkələrdən birinə çevrilə bilər”-MÜSAHİBƏ — Fins.az — Fins.az