Vüqar Bayramov: “Qeyri-neft məhsullarının ixracının diversifikasiyası əsas çağırışlardandır”

Vüqar Bayramov: “Qeyri-neft məhsullarının ixracının diversifikasiyası əsas çağırışlardandır”

MÜSAHİBƏ
683

Qlobal iqtisadi və geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə enerji təhlükəsizliyi, qeyri-neft sektorunun inkişafı və regionların iqtisadi aktivliyinin artırılması kimi məsələlər ölkələrin strateji prioritetlərinə çevrilib. Xüsusilə dünya enerji bazarlarında baş verən gərginliklər, yeni iqtisadi çağırışlar və rəqəmsal transformasiya prosesləri dövlətləri daha dayanıqlı və diversifikasiya olunmuş iqtisadi modelə keçidi sürətləndirməyə vadar edir.

Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi, özəl sektorun dəstəklənməsi və regionların investisiya cəlbediciliyinin artırılması istiqamətində strateji addımlar atıb və hazırda bu strateji xətt davam etdirilir. Eyni zamanda rəqəmsal iqtisadiyyat, startap ekosistemi və sənaye parklarının inkişafı yeni iqtisadi dəyər yaradan əsas sahələr kimi ön plana çıxır.

Mövzunun aktuallığını nəzərə alaraq, Fins.az millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramovla müsahibədə qlobal enerji bazarındakı risklərin təsiri, Azərbaycanın iqtisadi prioritetləri, qeyri-neft sektorunun inkişaf dinamikası, regionlara investisiya axını və özəl sektorun gələcək perspektivləri ətraflı şəkildə müzakirə aparıb.

 -Hörmüz boğazında yaranan gərginliyin qlobal enerji bazarına təsirini siz necə qiymətləndirirsiniz? Bu təsir daha çox qısamüddətli, yoxsa uzunmüddətli xarakter daşıyır?

- Hörmüz boğazı vasitəsilə dünya üzrə enerji məhsullarının təxminən 20%-i daşınır. Bu səbəbdən, boğazda yaranan hər hansı çətinlik birbaşa qlobal enerji bazarında təklifə təsir göstərir. Çünki bu marşrut enerji məhsullarının dünya bazarına çıxarılmasında əsas nəqliyyat arteriyalarından biridir və burada baş verən texniki və ya geosiyasi problemlər ciddi maneələr yaradır.

Hörmüz boğazından əsasən Körfəz ölkələri-xüsusilə neft ixrac edən dövlətlər geniş istifadə edirlər. Buna qarşılıq, Azərbaycan da daxil olmaqla bəzi enerji istehsalçısı ölkələr neft və qazlarını əsasən boru kəmərləri vasitəsilə dünya bazarına çıxarırlar.

Bu kontekstdə, Hörmüz boğazından Körfəz ölkələrinin daha intensiv istifadə etməsi onların enerji məhsullarının qlobal bazarlara çatdırılmasında bu marşrutun əhəmiyyətini artırır. Eyni zamanda, bu boğaz təkcə enerji məhsullarının deyil, müxtəlif digər yüklərin daşınmasında da mühüm rol oynayır. Buna görə də İran ətrafında yaranan hərbi-siyasi gərginlik təkcə enerji bazarına deyil, ümumilikdə qlobal ticarətə və digər məhsulların qiymətlərinə də təsir edir. Artıq dünya bazarlarında bir sıra məhsullar üzrə qiymət artımları müşahidə olunur. Hörmüz boğazı ilə bağlı yaranan əsas çətinlik qısa müddətdə alternativ marşrutların tapılması ilə bağlıdır. Çünki Körfəz ölkələri üçün enerji daşımalarının böyük hissəsi məhz bu boğazdan keçir və  qısa zamanda yeni boru kəmərlərinin çəkilməsi və ya alternativ yolların yaradılması zaman və böyük investisiya tələb edir. Bu isə bazarlarda psixoloji gərginliyi artırır.

Strateji baxımdan çıxış yolu bu marşrutdan asılılığın mərhələli şəkildə azaldılmasıdır. Lakin bu proses uzunmüddətli xarakter daşıyır. Məhz bu səbəbdən hazırda dünya bazarında neft qiymətlərində artım müşahidə olunur.

Son hadisələrə görə, Brent crude oil markalı neftin qiyməti  103 dolları ötmüşdü. Bu artım investorların Hörmüz boğazında mümkün risklərlə bağlı narahatlıqları ilə əlaqələndirilir və bu da qlobal bazarlarda qiymətlərə birbaşa təsir göstərir.

-Azərbaycanda qeyri-neft sektorunun inkişafı son illərdə hansı əsas faktorlar hesabına sürətlənib?

 -Qeyri-neft sektorunun inkişafı Azərbaycanda əsas prioritet istiqamətlərdən biri olaraq qalır. 2026-cı ilin ilk üç ayının nəticələrinə nəzər salsaq, ölkə iqtisadiyyatında bu istiqamətdə müsbət dinamika müşahidə olunur. Belə ki, ümumi daxili məhsulun (ÜDM) neft-qaz sektorunda təxminən 1,2% azalma qeydə alınsa da, qeyri-neft-qaz sektorunda 0,2% artım müşahidə edilib.

İlin əvvəlində iqtisadi göstəricilərə mövsümi amillərin təsiri də nəzərə alınmalıdır. Bu faktorlar həm iqtisadi aktivliyə, həm də qeyri-neft sektorundakı artım tempinə müəyyən dərəcədə təsir göstərir.

2025-ci ilin yekun nəticələrinə baxdıqda isə daha aydın mənzərə formalaşır. Həmin ildə Azərbaycanda qeyri-neft-qaz sektorunda 2,7% artım qeydə alınıb, neft-qaz sektorunda isə 1,6% azalma müşahidə olunub. Bu tendensiya iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların nəticəsi kimi qiymətləndirilə bilər.

Digər tərəfdən, dünya bazarlarında neft qiymətlərinin yüksək olması ölkəyə daxil olan valyuta axınını artırır. Bu isə öz növbəsində qeyri-neft sektoru ilə bağlı yeni layihələrin və proqramların maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır.

Bu kontekstdə, qlobal iqtisadi dəyişikliklər fonunda qeyri-neft sektorunun inkişafı daha da aktuallaşır.

Təbii ki, qeyd etdiyimiz kimi, qeyri-neft sektorunun həm ümumi daxili məhsulda (ÜDM), həm də büdcə gəlirlərində payı artmaqdadır. Gözləntilərə görə, 2026-cı ildə qeyri-neft sektorunun ÜDM-də payı 70%-ə yaxınlaşa bilər. Dövlət büdcəsinin gəlirlərində isə bu göstəricinin təxminən 57% olması proqnozlaşdırılır. Bu, fiskal göstəricilər baxımından rekord səviyyə hesab olunur.  Bu baxımdan, həm qeyri-neft sektorunun gəlirlərinin artması, həm də ÜDM-də payının yüksəlməsi iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan mühüm addımların nəticəsidir.

Lakin əsas çağırışlardan biri qeyri-neft sektorunun ümumi ixracdakı payının artırılmasıdır. Bu istiqamətdə xüsusilə qeyri-neft məhsullarının ixracının genişləndirilməsi böyük əhəmiyyət daşıyır. Hazırda Azərbaycanın qeyri-neft ixracının təxminən yarısının cəmi iki ölkənin payına düşməsi bazarların məhdud olduğunu göstərir.

Bu səbəbdən ixracın coğrafi diversifikasiyası zəruridir. Eyni zamanda məhsul çeşidinin artırılması da vacibdir. Xüsusilə daha çox emal olunmuş və yüksək əlavə dəyər yaradan sənaye məhsullarının ixracına üstünlük verilməlidir. Bu isə qeyri-neft ixracının dayanıqlığını təmin edə bilər.

Ümumilikdə, büdcə gəlirlərində və ÜDM-də qeyri-neft sektorunun payının artması müsbət hal kimi qiymətləndirilir.

Bununla yanaşı, əsas məqsədlərdən biri də ixracda qeyri-neft sektorunun payını artırmaqdır. Bu, ölkəyə daxil olan valyuta axınının dayanıqlılığı baxımından xüsusi əhəmiyyət kəsb edir və dövlətin iqtisadi strategiyasında əsas istiqamətlərdən biri kimi müəyyən edilib.

-Qeyri-neft sektorunda ən böyük “gizli potensial” hansı sahədədir? 

-Qeyri-neft sektorunun bir çox sahələrində müşahidə olunan potensial mövcuddur. Lakin xüsusilə müqayisəli üstünlüyə malik olan sahələrin müəyyənləşdirilməsi və onların daha məqsədyönlü şəkildə dəstəklənməsi vacibdir. Hazırda daha böyük və gizli potensial əsasən informasiya texnologiyaları, süni intellekt və rəqəmsal həllər kimi sahələrdə cəmləşib. Bu istiqamətlərdə daha çox dəyər yaratmaq və inkişafı sürətləndirmək mümkündür.

Bu səbəbdən, növbəti mərhələdə qeyri-neft sektorunda rəqəmsal inkişafın ön plana çıxacağı gözlənilir. Bu, həm də ölkəyə daha çox valyuta daxilolması imkanları yaradır. Nəzərə alsaq ki, Dördüncü Sənaye İnqilabı Mərkəzi Azərbaycanda fəaliyyət göstərir, bu mərkəzin əsas məqsədlərindən biri də rəqəmsal transformasiyanın dəstəklənməsidir. Ona görə də gizli və hədəflənən əsas potensial məhz rəqəmsal inkişaf istiqamətində cəmlənir.

- Regionlara investisiya axınının artırılması üçün hansı mexanizmlər daha effektlidir?

-Təbii ki, regionlarda artıq infrastruktur formalaşıb və onun real iqtisadi dəyərə çevrilməsi üçün daha çox sərmayənin cəlb edilməsinə ehtiyac var. Bu istiqamətdə müəyyən işlər görülsə də, əlavə addımların atılması vacibdir.

Lakin nəzərə alsaq ki, regionlar alıcılıq qabiliyyəti və istehlakçı sayı baxımından paytaxtla müqayisədə daha zəifdir, bu da bizneslərin regionlara yönəlməsində müəyyən çətinliklər yaradır. Paytaxtda isə həm alıcılıq qabiliyyəti yüksəkdir, həm də istehlakçı bazası daha genişdir.

Bu kontekstdə regionlara universitetlərin cəlb edilməsi mühüm həll yollarından biri ola bilər. Hətta bir neçə universitetin regionlara köçürülməsi də nəzərdən keçirilə bilər. Çünki beynəlxalq təcrübə, xüsusilə ABŞ modeli göstərir ki, universitetlərin kiçik şəhərlərdə və ya rayonlarda fəaliyyət göstərməsi həm tələbə sayına, həm də ümumi iqtisadi aktivliyə birbaşa müsbət təsir göstərir.

Ona görə də, artıq infrastrukturun mövcudluğu fonunda bu kimi alətlərdən istifadə edilməsi regionlara daha çox sərmayə cəlb olunmasına və onların iqtisadi inkişafına töhfə verə bilər.

 -Özəl sektor hazırkı çağırışlara necə uyğunlaşmalıdır?

-Özəl sektor çağırışlara reaksiya verir və verməlidir də, çünki həm milli, həm də qlobal çağırışları nəzərə alaraq öz fəaliyyətini qurur. Hazırda özəl sektorun dəstəklənməsi istiqamətində də ardıcıl addımlar atılır.

2026-cı ildən etibarən sadələşdirilmiş vergi dövriyyəsinin həddinin iki dəfə artırılaraq 400 min manata çatdırılması və “nağdsız dövriyyə” üzrə güzəştlərin genişləndirilməsi mikro sahibkarlığın dəstəklənməsi baxımından  vacib addımlardır. Eyni zamanda startapların dəstəklənməsi ilə bağlı da sistemli işlər aparılır.

Bununla yanaşı, dövlət tərəfindən biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində də tədbirlər gücləndirilir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarlara 10 il müddətinə vergi güzəştlərinin tətbiqi artıq praktik olaraq həyata keçirilir.

Sənaye parklarının inkişafı da özəl sektorun güzəştlərdən daha geniş şəkildə yararlanmasına imkan yaradır. Bu isə həm daxili istehsalın, həm də ixrac potensialının artmasına töhfə verir. İstehlakçı davranışının nəzərə alınması istehsal prosesində vacib amillərdən biridir.

Ona görə də özəl sektor daim sistemli şəkildə qlobal çağırışları nəzərə alaraq fəaliyyətini qurmalı və inkişaf etdirməlidir ki, xarici təsirlər onun fəaliyyətinə mənfi təsir göstərməsin.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vüqar Bayramov: “Qeyri-neft məhsullarının ixracının diversifikasiyası əsas çağırışlardandır” — Fins.az — Fins.az