Sevinc İsayeva: "Sadəcə bir hobbi kimi başladım, amma indi ciddi biznesim var"

Sevinc İsayeva: "Sadəcə bir hobbi kimi başladım, amma indi ciddi biznesim var"

MÜSAHİBƏ
1,316

Azərbaycanın dekorativ şam bazarında özünəməxsus üslubu ilə seçilən "Sabunella" brendi artıq bir neçə ildir ki, ölkədə diqqət çəkir.

Fins.az bu dəfə brendin yaradıcısı Sevinc İsayeva ilə görüşərək onun iş prinsipləri, ilham mənbələri və dekorativ şam sənayesindəki təcrübəsi barədə danışıb. Müsahibədə Sevinc xanım həm yaradıcı prosesdən, həm də bazarda uğur qazanmaq üçün izlədiyi strategiyalardan söhbət açır.

 -Brendiniz haqqında məlumat verə bilərsiniz? Fəaliyyətinizə nə zaman başlamısınız?

- “Sabunella” brendinin yaradıcısıyam. Sabun hazırlamağa başlamışdım və bu səbəbdən ad olaraq “Sabunella” seçdim. Bu ad mənim işimin başlanğıcını və məhsulların əsas ideyasını ifadə edir. İlk vaxtlar bu iş mənim üçün sadəcə bir hobbi idi. Evdə kiçik partiyalar hazırlayıb yaxın dostlarım və tanışlarıma təqdim edirdim. Zaman keçdikcə insanlar məhsullarımı bəyənməyə və sifariş verməyə başladılar. Bu, mənim üçün böyük motivasiya oldu. Hobbi kimi başlayan işim indi ciddi bir biznes potensialına sahib idi və mən onu inkişaf etdirməyə qərar verdim. Biznesi daha geniş auditoriyaya tanıtmaq üçün ilk addım olaraq “Instagram” səhifəsi açdım. Burada məhsullarımın şəkillərini paylaşmağa başladım və sifarişlərin böyük əksəriyyəti səhifə vasitəsilə gəlirdi. Müştərilərdən gələn rəylər mənim üçün çox dəyərli oldu. Hər bir sifarişdə keyfiyyət və detallara diqqət etməyə başladım, beləliklə məhsullarım daha da fərqli oldu. "Instagram" mənim üçün bir satış platforması, həm də yaradıcılığımı nümayiş etdirmək üçün bir vitrin rolunu oynadı. Mən artıq 7 ildir şam istehsalı ilə məşğulam. Bu müddət ərzində müxtəlif dizaynlarda, dekorativ və buket formalı şamlar hazırlamağa çalışıram. Məqsədim hər bir məhsulun gözəl və unikal olmasıdır. Şamları özümün düzəltdiyim gips qablarda təqdim edirəm, bu da məhsullara xüsusi görünüş verir. Müştərilər məhsullarımı həm estetik, həm də funksional baxımdan yüksək qiymətləndirirlər. Bu, mənim işimə daha çox sevgi və motivasiya qatır.

-Hazırda məhsullarınız əsasən hansı bazarlarda satılır?

-Hazırda məhsullarım əsasən daxili bazar üçün nəzərdə tutulub. Sifarişlər “Instagram” vasitəsilə qəbul olunur və hər bir müştəriyə fərdi yanaşma göstərilir.

-Brendi yaratmaqda məqsədiniz nə idi və bu yol sizə nə ifadə edir?

-“Sabunella” mənim yaradıcılığımın, səbrimin və iş sevgimin nəticəsidir. Hər bir məhsul, hər bir detal mənim üçün xüsusi önəm daşıyır. Sadəcə bir hobbi kimi başladığım bu yol zamanla mənim peşəkar fəaliyyətimə çevrildi və indi işimin hər mərhələsində kreativliyim, diqqətim və sevgi ilə çalışıram. Məqsədim yalnız gözəl məhsullar hazırlamaq deyil, həm də hər bir müştərinin həyatına kiçik bir xoşbəxtlik qatmaqdır. Hər şam, hər detal mənim üçün bir sənət əsəri kimidir və bu işdə keyfiyyət, estetik və fərqlilik əsas prinsiplərimdir.

-Hədəflərinizdə xarici bazarlara çıxmaq varmı?

-“Sabunella” brendini xarici bazarlara çıxmaq məqsədilə müxtəlif beynəlxalq satış və ticarət platformalarını diqqətlə araşdırıram. Məqsədim, bu saytlardan hər hansı birində uğurlu satış həyata keçirmək və məhsullarımı qlobal müştəri kütləsinə təqdim etməkdir. Eyni zamanda, bu proses mənə yalnız satış imkanları yaratmaqla kifayətlənməyəcək, həm də müştəri bazasını genişləndirmək, yeni beynəlxalq əlaqələr qurmaq, tərəfdaşlıqlar yaratmaq və brendimi dünya səviyyəsində tanıtmaq imkanı verəcək.

Beynəlxalq bazarlara çıxış, həm də biznes strategiyamın inkişaf etdirilməsi üçün vacib bir mərhələdir. Bu yolda qarşılaşacağım təcrübələr və öyrənəcəklərim gələcək fəaliyyətimdə qərarlarımı daha məqsədyönlü verməyə, riskləri daha düzgün qiymətləndirməyə və məhsullarımın keyfiyyətini və təqdimatını optimallaşdırmağa kömək edəcək. Nəticədə, bu proses yalnız satışın artmasına deyil, həm də biznesimin davamlı inkişafına və rəqabət qabiliyyətinin yüksəlməsinə xidmət edəcək.

-Şamlarınızı hazırlayarkən hansı materiallardan istifadə edirsiniz və məhsullarınızı fərqli edən xüsusiyyətlər nələrdir?

- Hazırda istehsalatda əsasən soya mumundan istifadə edirəm. Lakin sifariş zamanı müştəri istəyirsə və qiymət baxımından daha münasib bir seçim lazım olursa, parafindən də hazırlayıram. Beləliklə, mən həm soya mumundan, həm də parafindən şamlar istehsal edirəm. İstehsalatda istifadə olunan materiallar fərqlidir; həm mumlar, həm də fitillər müxtəlif növdədir. Fitillər üçün əsasən pambıq fitillərdən, bəzi hallarda isə parafinli fitillərdən istifadə edirəm.

Şamları yaratmaq üçün müxtəlif ətirlər, həm şam üçün xüsusi olan boyalar, həm də akril boyalar istifadə olunur. Şamların dizaynını fərqli və cəlbedici etmək üçün onlara xüsusi naxışlar verirəm. Hətta heyvan fiqurlu şamlar da hazırlayıram və onlara göz və qaş kimi detalları çəkmək üçün akril boyalardan istifadə edirəm.

Şam hazırlamağa başlamaq üçün ilk növbədə şamların materialını, fitilini və dizaynını müəyyən edirəm. Daha sonra mum əridilir, hazırlanmış qablara tökülür və istədiyim dizayn üzrə formalaşdırılır. Hazır şamlar isə əlavə bəzək və naxışlarla tamamlanır, beləliklə hər məhsul unikal və fərqli olur.

Şam hazırlanmasında əsas məqam şamın düzgün dərəcəsini tutmaqdır. Hər bir şamın öz ərimə temperaturu, ətri, boyası və tökmə dərəcəsi var. Bu parametrləri diqqətlə nəzarətdə saxlamaq vacibdir, yoxsa şam istədiyimiz kimi alınmaz və istədiyimiz görüntünü verməz. Şam üçün ən vacib amillər məhz bunlardır.

Xammalı seçərkən çalışıram ki, sertifikat təqdim edən və mənşəyini bildiyim etibarlı insanlardan alınsın. Əgər xammal təzədirsə, və ya içində boya, ətir kimi yeni materiallardan istifadə edirəmsə, şamı ilk dəfə özüm hazırlayıb yoxlayıram. Tam hazır olduqdan sonra şamın əriməsini, fitilin düzgünlüyünü, qəlibə uyğunluğunu və ətirin necə yayıldığını test edirəm. Yalnız bütün bu yoxlamalardan sonra şam satışa çıxarılır.

Gün ərzində hazırlaya biləcəyim şamların sayı, şamın formasına bağlıdır. Bəzən şamların quruma müddəti uzun ola bilər, bəzi şamlar qəlibdən gec çıxır və tam hazır olması üçün 20, 30, hətta 50 gün tələb oluna bilər. Buna görə də şamların daha səliqəli və gözəl görünməsi üçün onları bir neçə gün əvvəl hazırlamağa başlayıram. Müəyyən proseslərdə isə kiçik gecikmələr və problemlər yarana bilər, amma məqsədim şamı hər zaman vaxtında və keyfiyyətli şəkildə təqdim etməkdir.

 -Son illərdə hansı növ şamlara maraq var? 

-Son illərdə dekorativ şamlara maraq əhəmiyyətli dərəcədə artıb. İnsanlar bu şamları əsasən hədiyyə olaraq sifariş edirlər. Xüsusilə buket formasında və ya dəst şəklində şamlar daha çox tələb olunur. Bu tip şamlar həm estetik görünüşləri, həm də funksionallıqları ilə müxtəlif tədbirlər üçün ideal seçim hesab olunur.

Ən çox sifarişlər toylar, nişan mərasimləri, xına gecələri, həmçinin yeni doğulmuş körpələr üçün ad günü tədbirləri və digər özəl günlər üçün verilir. İnsanlar bu şamları həm ev dekorasiyası, həm də xüsusi günlərin yadigar hədiyyəsi kimi istifadə edirlər.

Mənim ən çox satdığım şam formaları gül formasındadır. Bu şamlar qiymət baxımından münasibdir, həmçinin dizaynı və görünüşü ilə hər kəsin xoşuna gəlir. Gül formalı şamlar həm romantik, həm də şən tədbirlər üçün əla seçimdir, buna görə də müştərilər onları daha çox sifariş edirlər. Belə özəl günlərdə insanlar şamları həm dekorativ, həm də paylama məqsədilə seçirlər. Mən hər zaman müştərilərim üçün fərqli və maraqlı dizaynlar yaratmağa çalışıram. Məsələn, gəlin formasında şamlar hazırlamışam və bu şamlar Rusiyadakı bir toya aparılıb. Bu cür yenilikçi və diqqətçəkən dizaynlar müştərilərin marağını artırır və brendin fərqlənməsinə kömək edir.

Beləliklə, dekorativ şamlar həm tədbirlər üçün estetik və funksional, həm də müxtəlif formalarda və qiymət aralığında mövcud olduğundan, müştərilər tərəfindən geniş şəkildə seçilir. Bu sahədə artan maraq isə mənim işimi daha da inkişaf etdirməyə və yeni dizaynlar yaratmağa həvəs verir.

 -Gələcək planlarınız nələrdir?

-“Sabunella” brendini daha geniş auditoriyaya tanıtmaq və məhsullarımı beynəlxalq səviyyədə satmaq istəyirəm. Bunun üçün 2026-cı ili biznesimi inkişaf etdirməyə həsr etməyi planlaşdırıram. Yeni əməkdaşlıqlar yaratmaq və bazar imkanlarını genişləndirmək məqsədilə müxtəlif təşkilatlar tərəfindən təşkil olunan səhər yeməklərinə qatılıram. Bu tədbirlərdə öz biznesim haqqında məlumat verir, potensial tərəfdaşlarla tanış olur və yeni təklifləri dəyərləndirirəm. Artıq bir neçə yeni tanışlıq əldə etmişəm və yaxın gələcəkdə bu əlaqələri biznesim üçün faydalı imkanlara çevirməyi hədəfləyirəm.

 

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sevinc İsayeva: "Sadəcə bir hobbi kimi başladım, amma indi ciddi biznesim var" — Fins.az — Fins.az