Ramil Tağıyev: “Texnologiya ilə qida və biznesi birləşdiririk, faydanı isə istifadəçi görür”-MÜSAHİBƏ

Ramil Tağıyev: “Texnologiya ilə qida və biznesi birləşdiririk, faydanı isə istifadəçi görür”-MÜSAHİBƏ

MÜSAHİBƏ
661

Fins.az qida israfının azaldılması və istifadəçilərə sərfəli təkliflər təqdim edən innovativ “SnackPack” startapı barədə layihənin təsisçisi və direktoru Ramil Tağıyevlə müsahibə hazırlayıb. Müsahibədə startapın yaranma ideyası, fəaliyyət istiqamətləri, biznes modeli, əldə olunan nailiyyətlər, cəlb edilən qrant və investisiyalar, eləcə də gələcək inkişaf planları haqqında ətraflı danışılır. Ramil Tağıyev həmçinin startapın bazarda hansı problemi həll etdiyini, tərəfdaş şəbəkəsinin necə formalaşdığını və layihənin gələcəkdə hansı bazarlara çıxmağı planlaşdırdığını da izah edir.

 -Startapınız haqqında ətraflı məlumat verərdiniz? Startap nə vaxt yaradılıb, əsas fəaliyyət istiqamətləri hansılardır və hazırda bazarda hansı mövqedədir?

-Mən SnackPack-in CEO-su və mobil tətbiq developerəm. SnackPack mobil tətbiqdir və onun vasitəsilə istifadəçilər müəyyən saatlarda müxtəlif kafelər, otellər və restoranların endirimli təkliflərindən yararlana bilirlər ki, qida israfının qarşısı alınsın. Biz Marriott şəbəkəsinə aid hotellər, Hilton Baku, eləcə də yerli məkanlarla tərəfdaşlıq edirik. Startapın yaranma ideyası mənim İT sahəsinə marağım və sosial layihələr yaratmaq istəyimin birləşməsindən doğdu. Mən hər zaman yalnız biznes deyil, cəmiyyətə real fayda verən bir layihə qurmaq istəmişəm. İlk addımları 2022-ci ildə böyük qardaşım Emil ilə birlikdə atdıq. Onlarla müsahibə keçirdik, həm istifadəçilərlə, həm də məkan sahibləri ilə ünsiyyət qurduq. Bizim üçün real vəziyyəti anlamaq vacib idi, sadəcə fərziyyələrə əsaslanmaq yox.

-Bu startap ideyası necə formalaşdı? Bazarda hansı boşluğu və ya problemi müşahidə etdiniz ki, bu təşəbbüsü reallaşdırmağa qərar verdiniz?

-Araşdırma zamanı artıq mövcud olan “axşam bazarı” formatını xatırladıq. Bu, qidanın israf olmaması üçün axşam saatlarında endirimli satış deməkdir. Gördük ki, ideya aktualdır, lakin onlayn formada və miqyaslı şəkildə tətbiq olunmur. Məhz o zaman bu modeli mobil tətbiq formatına uyğunlaşdırmaq fikri yarandı.Beləliklə, SnackPack yarandı.

–-SnackPack-in işə salınması necə oldu, ilk dövrlərdə inkişaf prosesi və komandanın formalaşması barədə məlumat verərdiniz?

-SnackPack mənim müəyyən bir səviyyəyə çatan ilk startapımdır və səmimi desəm, bu yolda edilə biləcək demək olar ki, bütün səhvləri etmişəm. Məhsul perfeksionizmi var idi, buraxılışdan əvvəl ideal versiyanı hazırlamaq istəyirdim, “ideal zaman”ı gözləmə düşüncəsi mövcud idi. Komandanın formalaşdırılması və rolların düzgün bölgüsü ilə bağlı çətinliklər yaşadıq. Amma məhz bu səhvlər vasitəsilə həqiqi sahibkarlıq düşüncəsi formalaşır. Bu təcrübəni gənc yaşımda qazandığım üçün şadam. Başlanğıcda hər şey yavaş inkişaf edirdi. Bizi heç kim tanımırdı. Məkanlarla danışıqlar çox vaxt aparırdı - konsepti izah etmək, inandırmaq və etibar qurmaq lazım idi. Paralel olaraq tətbiqi inkişaf etdirmək, hipotezləri test etmək, sosial şəbəkələri idarə etmək və istifadəçilərlə işləmək tələb olunurdu.

Zamanla komanda böyüməyə başladı. Cavidan Bayramlı vizual mövqelənmə və sosial şəbəkə paylaşımlarının inkişafı üçün komandamızın yeni üzvü oldu. Ataxan Əhmədov platformaya yeni məkanların cəlb edilməsi və qoşulmasına cavabdeh oldu. Daha sonra Aydın Təhməsəbi komandamıza qoşuldu  o da məkanlarla işləməyə başladı, tərəfdaşlıq istiqamətini gücləndirdi və danışıqlar ilə operativ işlərdə komandaya əlavə güc qatdı. Birlikdə SnackPack-i effektiv şəkildə inkişaf etdirir, tərəfdaş şəbəkəsini genişləndirir və hədəflərimizi reallaşdırırıq. Yavaş başlanğıca baxmayaraq, biz yavaş, amma doğru istiqamətdə irəlilədik. Bir neçə pivot etdik - modeli dəyişdik, mövqelənməni korrektə etdik, monetizasiya yanaşmasını yenidən nəzərdən keçirdik. Hər pivot bizi daha güclü və dayanıqlı modelə daha yaxın etdi. Tədricən struktur formalaşdı, məsuliyyət zonaları, prioritetlər və strateji fokus daha aydın oldu. Mən anlayıram ki, məhz o çətin və yavaş başlanğıc indiki inkişafın möhkəm təməlini qoydu.

-Biznes modeliniz necə qurulub? Gəlir mənbələriniz və monetizasiya strategiyanız barədə məlumat verərdinizmi?

-İlkin mərhələdə biznes modelimiz komissiya prinsipinə əsaslanırdı. Bu, marketpleysllər üçün klassik modeldir. Lakin fəaliyyət prosesində bu modelin zəif tərəflərini gördük. Məkanlar üçün komissiya əlavə yükə çevrilirdi, bu isə endirimlərin dərinliyini məhdudlaşdırır və miqyaslanmanı çətinləşdirirdi. Anladıq ki, uzunmüddətli və dayanıqlı ekosistem qurmaq istəyiriksə, model ilk növbədə rahat olmalıdır.

Nəticədə məkanlardan komissiyanı tamamilə ləğv etdik. Bunun əvəzində həmin məkanlarla razılaşdıq ki, məhsul və təkliflər üzrə endirim faizləri daha da böyük olsunlar. Bu dəyişiklik məhsulu istifadəçilər üçün daha cəlbedici etdi və dəyər təklifini gücləndirdi.

Hazırda monetizasiya modelimiz abunəlik prinsipi üzərində qurulub. İstifadəçilər müxtəlif məkanlarda endirimlərə çıxış əldə etmək üçün abunə əldə edirlər. Tarifdən asılı olaraq aylıq qiymət təxminən 3–5 manat arasında dəyişir.

Beləliklə, məkanlar komissiyasız müştəri qazanır, istifadəçilər sərfəli təkliflər əldə edir

-Startap kimlər üçün faydalıdır, insanlara necə kömək edir, kimlər istifadə edir, nə qədər insan – müştəri və tərəfdaş – artıq istifadə edir?

-Bizim hədəf auditoriyamız aktiv həyat tərzi sürən, kafe və restoranlara getməyi sevən, amma bunu həm sərfəli, həm də şüurlu şəkildə etmək istəyən insanlardır. İlk növbədə bunlar tələbələr, gənc mütəxəssislər və ailələrdir. Onlar keyfiyyətli məkanları seçirlər, və eyni zamanda təcrübədən imtina etmədən qənaət etmək istəyirlər.

SnackPack istifadəçilərə sevdikləri məkanlarda real endirimlər əldə etmək imkanı yaradır. Nəticədə müştəri qənaət edir və şəhərdə daha tez-tez vaxt keçirmək üçün əlavə motivasiya qazanır.

Digər tərəfdən, bizim tərəfdaşlarımız kafe və restoranlardır. Onlar üçün biz yeni qonaqların cəlb edilməsi platformasıyıq. Məkanlar müştəri axınını artırır, brend tanınmasını gücləndirir və resurslardan daha səmərəli istifadə edərək itkiləri azaldırlar. Eyni zamanda, məkan sosial və ekoloji məsuliyyətli biznes kimi mövqelənir.

Üçüncü vacib istiqamət isə ekologiy özüdür. Biz qida israfının azalmasına töhfə veririk. Satılmaya biləcək qida öz istehlakçısını tapır. Bu isə dayanıqlı istehlaka və ətraf mühitin qorunmasına real töhfədir.

-Bu günə qədər hansı maliyyələşmə mərhələlərindən keçmisiniz? İnvestisiya cəlb etmisinizmi?

-Mənim startap ekosistemində yolum 2022-ci ildə Azərbaycanın innovasiya mərkəzi olan SABAH.HUB ilə başladı. Məhz orada ilk dəfə startap terminləri ilə tanış oldum: MVP, Ideal Customer Persona, unit-iqtisadiyyat, MRR və s. Bu biliklər bizə developerdən daha çox sahibkar kimi düşünməyi öyrətdi və möhkəm təməl rolunu oynadı.

İlkin mərhələdə SnackPack şəxsi vəsaitlər hesabına maliyyələşirdi. MVP-nin hazırlanmasına və hipotezlərin test edilməsinə öz vaxtımızı və pulumuzu yatırdıq. Daha sonra layihə qrant maliyyəsi cəlb etməyə başladı.

İlk qrantı 2024-cü ilin aprel ayında qazandıq  Heydər Əliyev Fondu və RIIB tərəfindən birlikdə keçirilən “Azad Mirzacanzadə İnkişaf proqramı” çərçivəsində. “Sosial layihə” nominasiyasında qalib olduq və 3000 ABŞ dolları məbləğində qrant əldə etdik.

Daha sonra Mədəniyyət Nazirliyi və ICESCO tərəfindən təşkil olunan beynəlxalq müsabiqədə iştirak etdik. 11 ölkədən startapların qatıldığı bu müsabiqədə 10 000 ABŞ dolları məbləğində qrant qazandıq.

2024-cü ilin dekabr ayında isə KOBIA tərəfindən 10 000 ABŞ dolları məbləğində daha bir qrant əldə etdik. Eyni zamanda KOBIA-dan startap sertifikatı aldıq ki, bu da layihəni 3 il müddətinə mənfəət vergisindən azad edir. Bu, yeni başlayan startaplar üçün çox vacib və faydalı təşəbbüsdür.

2025-ci ilin əvvəlində Avropanın aparıcı akseleratorlarından biri olan Startup Wise Guys proqramına qəbul olunduq. Proqram çərçivəsində ilk termsheet-imizi imzaladıq.

Bundan əlavə, 2025-ci ilin dekabr ayında IT Park Uzbekistan çərçivəsində keçirilən Digital Startup Awards proqramında inkubasiyadan keçdik və 10 000 ABŞ dolları investisiya əldə etdik.

Hazırda isə SABAH.HUB-un flaqman proqramı olan “Startups Support Program”un iştirakçısıyıq. Bu proqramın formatı unikaldır - ümumi sessiyalar yoxdur, hər startapla fərdi şəkildə işlənilir. Komanda mövcud hədəfləri, problemləri və metrikaları analiz edir, inkişaf strategiyasının qurulmasına dəstək olur. Proqramın əsas məqsədi traction-u artırmaq və startapı investisiya mərhələsinə hazırlamaqdır.

– Startapın inkişafı prosesində hansı əsas çətinliklərlə qarşılaşmısınız? Bu maneələri necə aşmısınız və yeni başlayan sahibkarlara hansı tövsiyələri verərdiniz?

-Çətinliklərdən danışsaq, onların sayı kifayət qədər olub və bu, hər bir startap üçün təbiidir.

İlk çətinliklərdən biri etibar məsələsi idi. Gənc təsisçi olaraq böyük məkanlara yeni model ilə müraciət etdikdə, təbii olaraq ehtiyatla yanaşırlar. Sadəcə məhsulu təqdim etmək kifayət etmirdi  bu modelin niyə işləyə biləcəyini əsaslandırmaq lazım idi. İlk tərəfdaşlıqlar hər zaman ən çətin əldə olunanlardır.

İkinci ciddi çətinlik məhdud resurslar idi. Erkən mərhələdə eyni anda həm təsisçi, həm developer, həm marketoloq, həm də satış meneceri olursan. Tətbiqi inkişaf etdirmək, danışıqlar aparmaq, sosial şəbəkələri idarə etmək, istifadəçilərə dəstək vermək bütün bunları paralel şəkildə həyata keçirmək böyük zaman və enerji tələb edirdi.

Həmçinin elə məqamlar olub ki, hipotezlər özünü doğrultmayıb. Modeldə bir neçə dəyişiklik etdik, monetizasiya yanaşmalarını test etdik. Hər şey ilk cəhddə alınmırdı. Amma hər belə təcrübə bizə bazarı daha dərindən anlamağa kömək etdi.

Bununla yanaşı, çox müsbət bir məqamı da qeyd etmək istəyirəm  insanlar tərəfindən real dəstəyi hiss edirik. Xüsusilə layihəyə lokal startap kimi yanaşma bizi sevindirir. Bir çox insan maraq göstərir, paylaşır və dəstək olur. Bu isə əlavə motivasiya yaradır.

Başlanğıc mərhələdə olan sahibkarlara tövsiyəm sadədir: ideal zamanı gözləməyin. Məhsulun minimal versiyası ilə başlayın, mümkün qədər tez bazara çıxın və müştərilərlə danışın. Bazar hər zaman daxili inanclardan daha obyektivdir.

-Rəqiblərlə müqayisədə sizi fərqləndirən əsas üstünlüklər nələrdir?

Birincisi, biz Azərbaycanda “axşam bazarı” konseptini sistemli şəkildə rəqəmsallaşdıran və qida israfını azalmasına yönəlmiş ilk və yeganə mobil tətbiqik. Biz sadəcə endirim təqdim etmirik, konkret sosial və ekoloji problemi həll edirik.

İkincisi, modelimiz bütün tərəflər üçün sərfəlidir: istifadəçilər, məkanlar və ekosistem. Biz tərəfdaşlardan komissiyanı ləğv etdik, bu isə onlara daha dərin endirimlər təklif etməyə və bizimlə uzunmüddətli işləməyə imkan verir. Bu, davamlı rəqabət üstünlüyü yaradır.

Üçüncüsü, komanda. Biz gəncik və tətbiqin əsas auditoriyasının davranışlarını yaxşı başa düşürük. İstifadəçilərlə ünsiyyət qurmaq, eyni dildə danışmaq, trendləri hiss etmək və dəyişikliklərə tez uyğunlaşmaq bizim üçün asandır.

Bütün bunlar birlikdə bizə sadəcə məhsul yox, bazarda sosial yönümlü və texnoloji həll kimi güclü mövqe qazandırır.

 -Məhsulunuzu inkişaf etdirərkən hansı texnoloji həllərdən istifadə edirsiniz?

SnackPack müasir mobil inkişaf texnologiyalarına əsaslanır. Tətbiq krosplatform üslub ilə hazırlanıb, bu da bizə iOS və Android üçün yeniləmələri eyni vaxtda tez buraxmağa və vahid keyfiyyətli istifadəçi təcrübəsini təmin etməyə imkan verir.

Backend üçün bulud həllərindən istifadə edirik, bu da məkanlar, kuponlar və istifadəçilərlə bağlı məlumatların etibarlı, miqyaslana bilən və sürətli işlənməsini təmin edir. Beləliklə, yeni funksiyaları əlavə etmək zamanı ciddi fasilələr olmadan çevik işləmək mümkündür.

Ümumilikdə, texnologiyamız sabitliyi, miqyaslana bilməyi və yeni funksiyaların sürətlə tətbiqini birləşdirir ki, bu da tez böyüyən və müxtəlif hipotezləri sınayan startap üçün xüsusilə vacibdir

⁠-Əsas naliyyətləriniz nə olub?

-Nailiyyətlərdən danışsaq, onları bir neçə istiqamət üzrə bölərdim. Birincisi, məhsul nailiyyətləri. Biz sadəcə tətbiq yaratmaqla kifayətlənmədik, onu bazara çıxarıb modelin işlək olduğunu sübut etdik. Bu gün SnackPack-in 11 000-dən çox istifadəçisi və onlarla tərəfdaşı var, o cümlədən beynəlxalq brendlər və yerli məkanlar. Bu, məhsulun bazar üçün real ehtiyac olduğunu göstərən əsas göstəricidir.

İkincisi, institusional nailiyyətlər. Biz SABAH.HUB-un rezidenti olduq, beynəlxalq akselerasiya proqramlarını keçdik, o cümlədən Startup Wise Guys və IT Park Uzbekistan. Dövlət və beynəlxalq təşkilatlardan bir neçə qrant qazandıq. Həmçinin KOBIA tərəfindən verilən startap sertifikatını əldə etdik ki, bu da layihənin innovativliyini dövlət səviyyəsində təsdiqləyir.

Üçüncüsü, strateji nailiyyətlər. Biz biznes modelini dəyişməyi, müxtəlif hipotezləri test etməyi və bazara uyğunlaşmağı bacardıq. Yol boyu bir neçə pivot etdik və hər biri bizi daha dayanıqlı modelə yaxınlaşdırdı.

Və bəlkə də ən vacib nailiyyət  formalaşmış komanda və tərəfdaşların etimadıdır.

Biz hələ yolun başlanğıcındayıq, amma artıq sübut etmişik ki, dayanıqlı, sosial əhəmiyyətli və miqyaslana bilən məhsul qurmaq gücündəyik.

 -⁠ ⁠Qarşıdakı dövr üçün əsas hədəfləriniz və inkişaf planlarınız nədən ibarətdir? Xarici bazarlara çıxış planınız varmı?

-Bu il üçün bir neçə əsas hədəf formalaşdırmışıq. Birinci istiqamət  ölkə daxilində miqyaslanma. Biz tərəfdaş məkanların sayını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırırıq  təkcə Bakıda deyil, Azərbaycanın digər şəhərlərində də. Məqsədimiz odur ki, istənilən şəxs tətbiqdə sərfəli təklifdən yararlanaraq qida tullantılarının azalmasına töhfə verə bilsin.

İkinci hədəf  tərəfdaş kataloqunun gücləndirilməsi. Auditoriya arasında yüksək tələbat olan iri beynəlxalq şəbəkələrlə əməkdaşlığı artırmağı planlaşdırırıq. Bu, platformaya olan etibarı yüksəldəcək və istifadəçilər üçün məhsulun dəyərini artıracaq.

Üçüncü istiqamət  kateqoriyaların genişləndirilməsi. Kataloqa supermarketləri əlavə etməyi planlaşdırırıq. Çünki israf problemi yalnız restoranlardakı hazır yeməklərlə məhdudlaşmır  vaxtında realizə olunmayan pərakəndə məhsullar da bu problemin bir hissəsidir. Bu addım missiyamızın miqyaslanması baxımından məntiqli və strateji addımdır.

Strateji baxış olaraq, istifadəçi və tərəfdaş artımı üzrə hədəf KPI-lara çatdıqdan sonra investisiya cəlb etməyi planlaşdırırıq. Məqsədimiz Mərkəzi Asiya bazarına çıxışdır. Bu regionda da qida tullantıları problemi və qiymət həssaslığı aktual olaraq qalır və modelimizin orada da miqyaslana biləcəyini görürük.

Bizim əsas məqsədimiz yalnız kəmiyyətcə böyümək deyil, şüurlu istehlak ekosistemi formalaşdırmaqdır.

Aynur Bayramova
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ramil Tağıyev: “Texnologiya ilə qida və biznesi birləşdiririk, faydanı isə istifadəçi görür”-MÜSAHİBƏ — Fins.az — Fins.az