Ramil Məmmədov: "Aqrar sahədə rəqəmsallaşma artıq seçim deyil, zərurətdir və “Agro Dairy”də bu yanaşma əməliyyatların bütün mərhələlərinə inteqrasiya olunub"-MÜSAHİBƏ

Ramil Məmmədov: "Aqrar sahədə rəqəmsallaşma artıq seçim deyil, zərurətdir və “Agro Dairy”də bu yanaşma əməliyyatların bütün mərhələlərinə inteqrasiya olunub"-MÜSAHİBƏ

MÜSAHİBƏ
2,718

"Agro Dairy" Azərbaycanın aqrar-sənaye sektorunda lider mövqeyə sahib, ölkənin bərəkətli torpaqlarında yetişdirilən məhsulları ilə süfrələrimizi bəzəyən və uzun illərdir bu dəyərə sadiqliyini qoruyaraq istehsalat zəncirini formalaşdıran qabaqcıl şirkətlər qrupudur.

Fins.az “Agro Dairy” şirkətinin İdarə Heyətinin üzvü, Bitkiçilik istiqaməti üzrə icraçı direktoru Ramil Məmmədovdan müsahibə alıb.

Müsahibədə şirkətin fəaliyyət modeli, aqrar-sənaye zəncirində tutduğu mövqe və ölkənin ərzaq təhlükəsizliyinə verdiyi töhfələr əsas müzakirə mövzularından biri olub.

Eyni zamanda, “Agro Dairy”nin istifadəsiz torpaqların yenidən dövriyyəyə qaytarılması strategiyası, bu prosesdə tətbiq olunan müasir texnologiyalar və qarşıya çıxan çətinliklərə verilən həllər barədə ətraflı məlumat verilib. Şirkətin Azərbaycanın müxtəlif iqtisadi rayonlarında fəaliyyətini necə təşkil etdiyi və geniş coğrafiyada effektiv idarəetmə modelinin hansı prinsiplərə əsaslandığı da diqqətə çatdırılıb.

Müsahibədə 2025-ci il taxıl mövsümünün nəticələri, məhsuldarlıq göstəriciləri və əldə olunan rekord nəticələr xüsusi vurğulanıb. Bununla yanaşı, yerli buğdanın emalı, daxili bazarın təminatı və ixrac potensialı ilə bağlı planlar da açıqlanıb.

Söhbət zamanı aqrar sahədə rəqəmsallaşma, data əsaslı qərarvermə mexanizmləri, eləcə də texnoloji transformasiyanın əməliyyatlara təsiri geniş şəkildə izah olunub. Şirkətin rəqabət üstünlükləri, gələcək inkişaf strategiyası və qlobal aqrar çağırışlara hazırlıq istiqamətində atdığı addımlar da müsahibənin əsas mövzuları sırasında yer alıb.

 -“Agro Dairy” şirkəti hazırda hansı əsas fəaliyyət istiqamətləri üzrə xidmətlər göstərir? Şirkətin aqrar-sənaye zəncirində yer alan bu fəaliyyət sahələri hansı mərhələləri əhatə edir və bu model ölkənin ərzaq təhlükəsizliyinə necə töhfə verir?

-“Agro Dairy” Azərbaycanın aparıcı aqrar və qida şirkətlərindən biri olaraq bitkiçilik, toxumçuluq, heyvandarlıq, taxıl mail, həmçinin süd və ət məhsullarının istehsalı sahələrində fəaliyyət göstərir. Şirkətdə xammalın istehsalından emalına, logistikadan son məhsulun istehlakçıya çatdırılmasına qədər bütün mərhələləri əhatə edən aqrar-sənaye ekosistemi formalaşdırılıb. “Torpaqdan süfrəyədək” prinsipi əsasında qurulan dəyər zənciri məhsulun keyfiyyəti, təhlükəsizliyi və təchizatın davamlılığı üzərində etibarlı nəzarəti təmin edir.

Bu model “Agro Dairy”nin ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında strateji rolunu daha da gücləndirir. Yerli istehsalın inkişafı, idxaldan asılılığın azaldılması və aqrar sektorun dayanıqlı inkişafına uzunmüddətli töhfə vermək fəaliyyətimizin əsas prioritetlərindən biridir.

-Şirkətin “torpaqları yenidən dövriyyəyə qaytarmaq” strategiyası praktiki olaraq hansı mərhələlər üzrə həyata keçirilib? Bu prosesdə qarşılaşdığınız əsas çətinliklər və onları aradan qaldırmaq üçün tətbiq etdiyiniz həllər nələr olub?

-“Agro Dairy”nin strateji yanaşmalarından biri uzun illər istifadəsiz qalmış və yararsız hesab edilən torpaqların yenidən kənd təsərrüfatı dövriyyəsinə cəlb olunmasıdır. Bu proses mərhələli və elmi əsaslara söykənən yanaşma əsasında həyata keçirilir. İlkin mərhələdə torpaqların aqrokimyəvi analizi və xəritələndirilməsi aparılır, daha sonra meliorativ tədbirlər həyata keçirilir və müasir suvarma infrastrukturu qurulur. Xüsusilə pivot (dairəvi) suvarma sistemlərinin tətbiqi suya qənaət, məhsuldarlığın artırılması və sahələrin effektiv idarə olunması baxımından mühüm rol oynayır. Bu prosesdə dövlət dəstəyi həlledici amillərdən biri kimi çıxış edir. Aqrar subsidiyalar, güzəştli maliyyə mexanizmləri və infrastrukturun inkişafına yönəlmiş təşviq proqramları həyata keçirilən layihələrin miqyasının genişləndirilməsinə, texnologiyaların daha sürətli tətbiqinə və ümumilikdə aqrar sahədə modernizasiyanın sürətlənməsinə əhəmiyyətli töhfə verir. Növbəti mərhələdə torpaq becərmədə müasir yanaşmalar tətbiq olunur və əkin dövriyyəsi sistemi qurularaq torpağın münbitliyinin bərpası təmin edilir. Əsas çətinliklər torpağın aşağı münbitliyi, eroziya və su resurslarının məhdudluğu ilə bağlı olub. Bu problemlər müasir texnologiyaların tətbiqi və resursların səmərəli idarə olunması sayəsində aradan qaldırılıb. Nəticədə minlərlə hektar torpaq yenidən istehsala cəlb olunaraq qısa müddətdə yüksək məhsuldarlıq göstəricilərinə nail olmuşuq.

-Ölkənin 22 rayonunda fəaliyyət göstərmək genişmiqyaslı idarəetmə tələb edir. Bu coğrafiyada effektivliyi təmin etmək üçün hansı idarəetmə modeli tətbiq olunur?

-“Agro Dairy” fəaliyyətini mərkəzləşdirilmiş planlama və bölgələr üzrə icra modeli əsasında qurub. Mərkəzdə strateji qərarlar və ümumi planlama aparılır, bölgələrdə isə təsərrüfatlar yerli iqlim və torpaq xüsusiyyətlərinə uyğun gündəlik fəaliyyəti həyata keçirir. Bu yanaşma həm vahid standartların qorunmasına, həm də hər bir regionun potensialından səmərəli istifadə etməyə imkan verir. Eyni zamanda, fəaliyyətimizdə müasir texnologiyalardan və məlumatlara əsaslanan idarəetmədən istifadə olunur ki, bu da proseslərin daha dəqiq və operativ idarə olunmasına şərait yaradır. Nəticədə, geniş coğrafiyada fəaliyyətimizi çevik və səmərəli şəkildə idarə edə bilirik.

 -“Agro Dairy” 2025-ci il taxıl biçini mövsümünü hansı əsas nəticələrlə yekunlaşdırıb? Məhsuldarlıq, keyfiyyət və əməliyyat effektivliyi baxımından bu mövsümün fərqləndirici xüsusiyyətləri nələr olub?

-2025-ci il taxıl biçini mövsümü “Agro Dairy” üçün həm məhsuldarlıq, həm keyfiyyət, həm də əməliyyat effektivliyi baxımından uğurlu nəticələrlə yadda qaldı. Əsas təsərrüfatlarımızda buğda üzrə orta məhsuldarlıq 6.1 ton/ha səviyyəsində olub, ayrı-ayrı sahələrdə isə bu göstərici 8.3 ton/ha-ya çataraq rekord nəticə əldə edilib. Xüsusilə pivot suvarma tətbiq olunan sahələrdə yüksək nəticələr qeydə alınıb – Hacıqabul və Tovuz təsərrüfatları bu baxımdan seçilən regionlar olub. Ötən mövsümlərlə müqayisədə əsas fərq yüksək məhsuldarlıqla yanaşı keyfiyyət göstəricilərində sabitliyin təmin olunmasıdır. Bu isə istehsaldan emala qədər bütün mərhələlərdə əlavə dəyər yaradaraq səmərəliliyi artırıb. Ümumilikdə, 55 min tondan artıq yerli buğdanın emalı ilə daxili bazarın təminatında mühüm rol oynamışıq. Əldə olunan nəticələrin əsasında torpaqların bərpası, düzgün əkin dövriyyəsi, keyfiyyətli toxum materiallarından istifadə və müasir aqrotexnologiyaların kompleks tətbiqi dayanır. Eyni zamanda, rəqəmsal monitorinq və data əsaslı planlama əməliyyatların daha səmərəli və operativ idarə olunmasına imkan verir. Bununla yanaşı, qarğıdalı əkinlərində də ötən il yüksək göstəricilər əldə olunub. Yalama Aqroparkında pivot suvarma tətbiq edilən ayrı-ayrı sahələrdə hektardan 18.3 ton məhsuldarlıq əldə edilərək rekord nəticə qeydə alınıb. Göstəricilər yalnız bir mövsümü əks etdirmir, uzunmüddətli strategiyamızın və sistemli yanaşmamızın real nəticəsidir. Qarşıdakı dövrdə də bu dinamikanı qoruyaraq daha yüksək nəticələrə nail olmağı hədəfləyirik.

-Cari mövsüm üçün əsas gözləntiləriniz və əsas inkişaf proqnozlarınız nələrdir?

-Taxıl mövsümü yeni başlayıb və proseslər aktiv fazadadır. Bununla belə, ötən dövrlə müqayisədə yerli buğdanın emal həcmini artıraraq daxili bazarın təminatında rolumuzu daha da möhkəmləndirmişik. İlin sonuna qədər əsas hədəfimiz yerli buğdanın emal payını artırmaq, istehsal güclərimizi optimallaşdırmaq və həm daxili, həm də regional bazarlarda mövqeyimizi gücləndirməkdir. Eyni zamanda, ixrac yönümlü məhsulların həcminin artırılması strateji prioritetlərimizdən biri olaraq qalır. Bu istiqamətdə məqsədimiz ümumi həcmi genişləndirməklə yanaşı, keyfiyyətli, rəqabətqabiliyyətli və dayanıqlı emal modelini təmin etməkdir.

-Qlobal aqrar trendləri və bazar dəyişikliklərini nəzərə alsaq, “Agro Dairy”nin gələcək inkişaf strategiyası necə formalaşır? Yeni bazarlara genişlənmə, yoxsa mövcud resursların daha yüksək texnoloji və ixtisaslaşmış modelə transformasiyası sizin üçün prioritet istiqamətdir?

-Biz “Agro Dairy” olaraq inkişaf strategiyamızı uzunmüddətli perspektivdə dayanıqlı inkişaf modelinə əsasən qururuq. Qlobal aqrar sektorda artan rəqabət göstərir ki, uğurun əsas amili artıq istehsal həcmi deyil, inteqrasiya olunmuş idarəetmə, çeviklik və səmərəlilikdir. “Agro Dairy” bu gün 15 ixtisaslaşmış müəssisəni və 3000-dən çox əməkdaşı birləşdirən vahid struktur olaraq fəaliyyət göstərir. Artıq 11 illik təcrübəyə malik şirkət kimi formalaşmış sistemli idarəetmə modelinə sahibik. Əsas fokusumuz istehsaldan istehlakçıya qədər bütün dəyər zənciri üzrə mərkəzləşdirilmiş idarəetmənin tətbiqidir. İnkişaf strategiyamızı isə mərhələli şəkildə qururuq: ilk olaraq daxili səmərəliliyi və koordinasiyanı gücləndirir, bu möhkəm baza üzərində isə yeni bazarlara planlı şəkildə genişlənirik. Beləliklə, daxili bazarda güclənir, regional miqyasda isə davamlı şəkildə böyüməyi hədəfləyirik.

 -Aqrar sahədə rəqəmsallaşmanın sürətlə artdığı bir dövrdə, şirkətinizdə data əsaslı qərarvermə hansı səviyyədə tətbiq olunur və bu yanaşma əməliyyatlara necə təsir edir?

-Aqrar sahədə rəqəmsallaşma artıq seçim deyil, zərurətdir və “Agro Dairy”də bu yanaşma əməliyyatların bütün mərhələlərinə inteqrasiya olunub. Sahələrin idarə olunmasında peyk texnologiyaları və dronlardan aktiv istifadə edirik. Bu vasitələrlə əkin sahələrinin vəziyyətini real vaxtda izləyir, bitki sağlamlığını analiz edir və aqrotexniki qərarları daha dəqiq şəkildə formalaşdırırıq. Bununla yanaşı, texniki xidmət və təmir proseslərinin optimallaşdırılması və rəqəmsallaşması üçün R&M (Repair & Maintenance) planlama sistemi AgroVir platformasına inteqrasiya olunub. Bu sistem vasitəsilə avadanlıqlar üzrə planlı texniki xidmət qrafikləri, nasazlıqların izlənməsi və ehtiyat hissələrinin idarə olunması rəqəmsal mühitdə aparılır, eyni zamanda iş effektivliyi və texniki heyətin faktiki iş vaxtı göstəriciləri analiz olunur. Heyvandarlıq istiqamətində həyata keçirdiyimiz texnoloji transformasiya çərçivəsində əməliyyat modelimizi mərhələli şəkildə məlumatlara əsaslanan idarəetmə sisteminə keçiririk. Bu yanaşma çərçivəsində sürünün idarə olunması, yemləmə, süd istehsalı və logistika proseslərini əhatə edən məlumatlar mərkəzləşdirilərək vahid idarəetmə mühitində birləşdirilir və ERP sistemləri ilə inteqrasiya olunur. Risklərin əvvəlcədən müəyyən edilməsi və idarə olunması mümkün olur ki, bu da uzunmüddətli dayanıqlı inkişaf üçün mühüm əsas yaradır. Analitika və monitorinq alətləri vasitəsilə artıq qərarlar retrospektiv hesabatlara deyil, real vaxt göstəricilərinə əsaslanır. Bu yanaşma heyvanların məhsuldarlığını, yem sərfiyyatını və ümumi əməliyyat səmərəliliyini daha dəqiq idarə etməyə imkan verir. Data əsaslı qərarvermə əməliyyat itkilərinin azalmasına, planlaşdırmanın dəqiqliyinin artmasına və resurslardan daha səmərəli istifadəyə şərait yaradır. Dəyişikliklər yalnız texnologiya ilə məhdudlaşmır, idarəetmə yanaşmamıza da təsir edir. Qərarlarımız daha çox real göstəricilərə və konkret məlumatlara əsaslanır.

 -Yerli və regional bazarda “Agro Dairy”nin əsas rəqabət üstünlüyü nədədir? Bu üstünlüyü qorumaq və gücləndirmək üçün hansı strateji addımlar atılır?

-“Agro Dairy”nin əsas rəqabət üstünlüyü tam inteqrasiya olunmuş dəyər zənciri və texnologiya əsaslı istehsal modelidir. Biz xammalın istehsalından son məhsulun bazara çatdırılmasına qədər bütün mərhələləri vahid sistemdə idarə edirik ki, bu da keyfiyyətə nəzarəti, təchizatın sabitliyini və xərclərin optimallaşdırılmasını təmin edir. Eyni zamanda müasir aqrotexnologiyaların tətbiqi, resursların səmərəli idarə olunması və data əsaslı qərarvermə yanaşması məhsuldarlıq və əməliyyat effektivliyi baxımından bizə əlavə üstünlük qazandırır.

Bu üstünlüyü qorumaq və gücləndirmək üçün texnologiyaya davamlı investisiya qoyur, insan kapitalını inkişaf etdirir və istehsal proseslərini daim təkmilləşdiririk. Paralel olaraq məhsul keyfiyyətinin artırılması və bazar tələblərinə çevik uyğunlaşma əsas strateji prioritetlərimiz olaraq qalır.

-Sizin fikrinizcə, aqrar sahədə yaxın gələcəkdə ən böyük çağırışlar nələr olacaq və “Agro Dairy” bu çağırışlara hazırlaşmaq üçün hansı addımları atır?

-Yaxın gələcəkdə aqrar sahə çoxşaxəli transformasiya dövrünə daxil olur və əsas çağırışlar yalnız iqlim faktorları ilə məhdudlaşmayacaq. Resursların məhdudlaşması, qlobal təchizat zəncirlərində dəyişikliklər, qiymət volatilliyi və bazar tələblərinin sürətlə dəyişməsi sektor üçün əsas risklərdən olacaq. “Agro Dairy” olaraq bu mühitə adaptasiya üçün yanaşmamızı qabaqlayıcı və çevik qururuq. Əsas diqqətimiz resurslardan maksimum səmərə ilə istifadə edən, risklərə davamlı və çevik idarə olunan istehsal sisteminin formalaşdırılmasına yönəlib. Bu çərçivədə texnologiyaların tətbiqini genişləndirir, rəqəmsallaşmanı dərinləşdirir və qərarverməni daha çox data əsaslı modelə keçiririk. Paralel olaraq, torpaq və su resurslarının qorunması, istehsal proseslərinin optimallaşdırılması və məhsul portfelinin daha çevik idarə olunması istiqamətində ardıcıl addımlar atırıq. Məqsədimiz dəyişən şərtlərə uyğunlaşmaq deyil, onları qabaqlayan sistem qurmaqdır. Bu yanaşma ilə biz uzunmüddətli dayanıqlılığı təmin etməklə yanaşı, rəqabət qabiliyyətimizi davamlı şəkildə gücləndirməyi hədəfləyirik.

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ramil Məmmədov: "Aqrar sahədə rəqəmsallaşma artıq seçim deyil, zərurətdir və “Agro Dairy”də bu yanaşma əməliyyatların bütün mərhələlərinə inteqrasiya olunub"-MÜSAHİBƏ — Fins.az — Fins.az