Nigar Kərimova: “İdeyanı idealizə etməyin- tez test edin və real istifadəçi rəyi toplayın”

Nigar Kərimova: “İdeyanı idealizə etməyin- tez test edin və real istifadəçi rəyi toplayın”

MÜSAHİBƏ
537

Fins.az yerli startap ekosistemində formalaşan yeni və innovativ təşəbbüsləri diqqətdə saxlayaraq, oxucularını fərqli bir layihə ilə tanış edir. Son dövrlərdə kitab oxuma vərdişlərinə yeni nəfəs gətirməyi hədəfləyən “Booku” startapı öz qeyri-adi yanaşması ilə seçilir. Ənənəvi kitab seçim modelini dəyişən bu layihə oxuculara sürpriz və emosional təcrübə təqdim etməyi məqsəd qoyub.

Startapın yaranma hekayəsi, qarşılaşdığı çətinliklər, bazarda fərqlənmə strategiyası və gələcək planları ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün “Booku”nun təsisçisi Nigar Kərimova ilə söhbətləşdik. Müsahibədə həmçinin startap dünyasına yeni addım atanlar üçün faydalı tövsiyələr də yer alır.

-Startap ideyanız necə yaranıb? İlham mənbəniz nə olub?Bu ideyanı reallaşdırmaqda sizi ən çox motivasiya edən nə oldu?

-Startap ideyamız ADA Universitetində dərs zamanı yaranıb. Tapşırıq çərçivəsində bazarda fərqli və maraqlı bir şey yaratmaq istəyirdik və kitablarla bağlı ideya üzərində dayandıq. İlham mənbəyimiz insanların kitablara marağını daha interaktiv və emosional hala gətirmək idi. Məhsulumuz- kitabların adını və müəllifini gizlədərək yalnız təsvirlərini təqdim edən bir platformadır. Bu yanaşma istifadəçilərə kitab seçimini daha maraqlı və emosional edir, həmçinin sürpriz effekti yaradır. Məqsədimiz insanları klassik və yeni kitablarla tanış etmək, oxumağı əyləncəli və fərqli bir təcrübəyə çevirməkdir. “Booku” startapını inkişaf etdirərkən təsvirlərin cəlbedici və doğru olmasına xüsusi diqqət yetiririk, beləliklə istifadəçilər həqiqətən maraqlana bilirlər.

-Startapınızı başlatmazdan əvvəl hansı problemləri gördünüz və onları necə həll etməyi planlaşdırdınız?

 -Ən böyük problemlərdən biri kitabların təchizatı ilə bağlı idi. Böyük kitab şəbəkələri bizim kimi qeyri-standart konseptlə əməkdaşlığa maraq göstərmirdi. Bu da bizi alternativ yollar axtarmağa məcbur etdi. Nəticədə daha müstəqil şəkildə fəaliyyət göstərməyə qərar verdik — kitabları özümüz tapmaq, təchizat prosesini ayrıca qurmaq. Gələcəkdə kitab mağazaları ilə əməkdaşlıq edə bilərik.

-Məhsulunuz və ya xidmətiniz digər rəqiblərdən nə ilə fərqlənir?

-“Booku” startapının əsas fərqi ondadır ki, biz kitabın adını və müəllifini gizlədərək yalnız təsvir təqdim edirik. Bu, istifadəçidə maraq yaradır və seçim prosesini daha emosional edir

-İstifadəçilərdən aldığınız ən önəmli geribildirim nə olub və onu necə tətbiq etdiniz?

 -İstifadəçilərdən aldığımız ən önəmli geribildirim o oldu ki, insanlar bu formatı həm maraqlı, həm də riskli hesab edirlər. Biz də bunu nəzərə alaraq təsvirləri daha dəqiq və cəlbedici etməyə başladıq

-Startapınızın biznes modeli necədir?

-Biznes modelimiz əsasən kitab satışına əsaslanır. İlk mərhələdə layihəni şəxsi resurslarımızla başladıq. Pul axınını idarə edərkən isə daha çox minimal xərclə işləməyə və tələbatı test etməyə fokuslanırıq

-Komandanızı necə qurduğunuz və hansı xüsusiyyətlərə önəm verdiyiniz barədə danışa bilərsiniz?

-Biz komandamızı özü-özümüz topladıq və hamımız bir məqsəd uğrunda işləməyə qərar verdik. Hər kəs motivasiyalıdır, amma komanda ilə işləməyən və aktiv iştirak etməyən üzvlərlə yollarımızı ayırdıq. Ən böyük çətinlikimiz isə zaman idarəçiliyidir, çünki həm oxuyuruq, həm də layihəni inkişaf etdiririk

-Startapınızın 1-3 il sonra hansı vəziyyətdə olmasını gözləyirsiniz?

- “Booku” startapının daha geniş auditoriyaya çatmasını və bəlkə də yeni bazarlara çıxmasını istəyirik. Gələcəkdə texnologiyadan istifadə edərək bu prosesi daha fərdiləşdirilmiş hala gətirməyi planlaşdırırıq

-Startap dünyasına yeni daxil olanlara nə məsləhət verərdiniz?

 -İdeyanı çox idealizə etməsinlər-tez test etsinlər və real feedback toplasınlar.

Sizcə, uğurlu startapın ən vacib 3 xüsusiyyəti hansılardır?

 -Uğurlu startapın ən vacib 3 xüsusiyyəti: düzgün problem seçimi, davamlılıq və istifadəçi ehtiyacını anlamaqdır. Motivasiyanı qorumaq üçün isə kiçik nəticələri qeyd etmək və istifadəçilərin reaksiyasını görmək ən çox kömək edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nigar Kərimova: “İdeyanı idealizə etməyin- tez test edin və real istifadəçi rəyi toplayın” — Fins.az — Fins.az