Mübariz Şahbazlı: “Biznesin problemini həll etmədən startap uğur qazana bilməz”

Mübariz Şahbazlı: “Biznesin problemini həll etmədən startap uğur qazana bilməz” 

MÜSAHİBƏ
1,126

Fins.az yerli startap ekosistemində formalaşan innovativ layihələri diqqətdə saxlayaraq, bu dəfə oxucularını AI əsaslı HR Əməliyyat Sistemi əsasında fəaliyyət göstərən “Hirpo” startapı ilə tanış edir. Süni intellekt əsaslı yanaşması ilə insan resurslarının idarə olunmasına yeni baxış gətirən bu platforma xüsusilə orta və böyüyən bizneslər üçün daha əlçatan və effektiv həllər təqdim etməyi hədəfləyir.

Fins.az “Hirpo”nun təsisçisi Mübariz Şahbazlı ilə həmsöhbət olaraq startapın yaranma hekayəsi, bazarda gördüyü əsas problemlər, məhsulun fərqləndirici xüsusiyyətləri və gələcək inkişaf planları barədə ətraflı məlumat əldə edib. Müsahibədə həmçinin HR texnologiyalarının biznesə təsiri, startap quruculuğunun reallıqları və uğurlu layihə üçün vacib olan əsas prinsiplər də müzakirə olunub.

 -Startap ideyanız necə yaranıb? İlham mənbəniz nə olub? Bu ideyanı reallaşdırmaqda sizi ən çox motivasiya edən nə oldu?

-"Hirpo” ideyası mənim şəxsi peşəkar və akademik təcrübəmin kəsişməsində yaranıb. Azərbaycanda bir çox böyük holdinqlərdə çalışmışam və paralel olaraq orta və böyüyən bizneslər üçün HR konsultasiya layihələri həyata keçirmişik. Eyni zamanda İsraildə Tel Aviv Universitetində MBA təhsili aldığım dövrdə startap ekosistemini və texnologiya məhsullarının necə qurulduğunu çox yaxından öyrənmək imkanım oldu. Bu təcrübə mənə texnologiyanın biznes problemlərini necə sistemli və ölçülə bilən şəkildə həll etdiyini göstərdi. Bu iki istiqamət — real biznes və HR problemləri ilə texnologiya yanaşmasının — birləşməsi “Hirpo” ideyasını formalaşdırdı. Gördük ki, böyük şirkətlər HR sistemlərinə investisiya edə bilir, amma orta və böyüyən bizneslər üçün bu proses ya çox bahalı, ya da çox mürəkkəb olur:

-HR sistemlərinin qurulması aylarla çəkir

-Konsultasiya xərcləri yüksək olur

-Mövcud texnologiyalar bu seqment üçün əlçatan olmur

İlham mənbəyi məhz bu boşluq və eyni zamanda texnologiyanın bunu həll edə biləcəyi inam oldu.

Motivasiya isə çox aydındır: HR və texnologiyanı birləşdirərək, gələcəyin iş modellərinə uyğun, daha effektiv və əlçatan həllər yaratmaq. Hirpo ilə məqsədimiz HR funksiyasını daha sistemli, ölçülə bilən və biznesə real dəyər verən bir səviyyəyə çıxarmaqdır.

-Startapınızı başlatmazdan əvvəl hansı problemləri gördünüz və onları necə həll etməyi planlaşdırdınız?

-Böyük holdinqlərdə və konsultasiya layihələrində işləyərkən eyni problemi fərqli ölçüdə şirkətlərdə gördük:

HR sistemləri ya çox ağır və uzun implementasiya tələb edir

Ya da ümumiyyətlə qurulmur və Excel səviyyəsində qalır

Konsultasiya xidmətləri isə orta biznes üçün yüksək maliyyətlidir

Ən kritik problem isə bu idi: HR funksiyası böyüyən şirkətlərdə sistemsiz qalır və bu, biznesin inkişafını yavaşladır.

Biz bu problemi klassik yanaşma ilə deyil, məhsul yanaşması ilə həll etməyi planlaşdırdıq:

Hazır, tez quraşdırılan HR modulları

AI ilə dəstəklənmiş qərar mexanizmləri

Minimum konsultasiya ilə işləyən sistem

-Məhsulunuz və ya xidmətiniz digər rəqiblərdən nə ilə fərqlənir? Məhsulu inkişaf etdirməkdə hansı çətinliklərlə üzləşmisiniz?

-“Hirpo”nun fərqi ondadır ki, biz HR sistemini “enterprise layihə”dən çıxarıb əlçatan məhsula çevirmişik.

Bazarda iki ekstrem var:

Çox bahalı və kompleks enterprise sistemlər

Çox sadə, amma dərinliyi olmayan alətlər

"Hirpo" isə:

Kompleksliyi arxada saxlayır

İstifadəni sadələşdirir

AI ilə dəyər yaradır

Eyni zamanda biz texnologiya ilə konsultasiyanı birləşdiririk. Yəni şirkət yalnız alət almır-nəticə əldə edir.

Ən böyük çətinlik isə HR-ın kompleks məntiqini istifadəçi üçün maksimum sadə və sürətli təcrübəyə çevirmək olub.

-İstifadəçilərdən aldığınız ən önəmli geribildirim nə olub və onu necə tətbiq etdiniz?

-Ən vacib geribildirim bu idi:
“Biz sistemi qurmaq yox, işlətmək istəyirik.Bu səbəbdən “plug & play” yanaşmasını tətbiq etdik-yəni sistem uzun qurulum tələb etmir, hazır strukturlarla gəlir və istifadəçi qısa müddətdə birbaşa istifadə etməyə başlayır.

Nəticədə:

·         Qurulum müddəti azaldı

·         Adaptasiya sürətləndi

·         Sistem daha praktik və istifadəçi yönümlü oldu

Bu yanaşma Hirpo-nun əsas üstünlüklərindən birinə çevrildi.

-Startapınızın biznes modeli necədir? İlk maliyyələşməni necə tapdınız? Pul axınını idarə etməkdə hansı strategiyalardan istifadə edirsiniz?

-Hirpo”nun biznes modeli abunə əsaslı SaaS + xidmət yanaşması üzərində qurulub. Şirkətlər modullar və ya paketlər üzrə aylıq/illik ödəniş edir, əlavə olaraq isə yüngül implementasiya və konsultasiya dəstəyi təqdim olunur. İlk mərhələdə maliyyələşmə əsasən şəxsi vəsait və konsultasiya layihələrindən əldə olunan gəlirlər hesabına formalaşıb.

Bununla yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Star Venture akselerasiya proqramına seçilməyimiz və 50 min avro qrant qazanmağımız məhsulun inkişafı və böyümə istiqamətində bizə ciddi dəstək oldu.

Pul axını idarəsində isə əsas fokusumuz:

·         Davamlı (recurring) gəlir modeli qurmaq

·         Aşağı implementasiya xərcləri saxlamaq. Lazımsız xərclər qəti olmaz.

·         Sürətli müştəri adaptasiyası ilə gəliri optimallaşdırmaqdır

-Komandanızı necə qurmusunuz və hansı xüsusiyyətlərə önəm verirsiniz? Lider olaraq ən böyük çətinliyiniz nə olub?

-Komandanı qurarkən əsas prinsipim “işçi düşüncə tərzi” deyil, həll yönümlü, məsuliyyətli və sahibkar ruhlu insanlar üzərində fokuslanmaq olub. Startap mühitində hər kəs yalnız verilən işi yerinə yetirən yox, problemi görən və onu həll etməyə hazır olan biri olmalıdır.

Təbii ki, bununla yanaşı texniki güc də çox önəmlidir.

Bu baxımdan Cahanə xanımla yollarımızın kəsişməsi çox doğru qərar oldu. Mən onu UNEC Startup İnkubasiya Mərkəzinin rəhbəri olduğum dövrdə mentorluq prosesində tanımışdım. Daha sonra komandaya dəvət etdim və artıq 2 ildir ki, bu yolda birlikdə əmin addımlarla irəliləyirik. Hal-hazırda o da "Hirpo"nun həmtəsisçilərindən biridir.

Lider olaraq ən böyük çətinlik isə ilkin mərhələdə resursların məhdud olması səbəbilə komandanı qurmaq və effektiv idarə etmək olub. Startapın ilk dövrlərində doğru insanları tapmaq və onları eyni vizyon ətrafında toplamaq ciddi çağırışdır.

Digər bir çətinlik isə bazarın yanaşması ilə bağlıdır. Şirkətlərin yerli startapları, xüsusilə də HR texnologiyası sahəsində, ciddi təchizatçı kimi qəbul etməsi zaman alır.

Bundan əlavə, ekosistemdə maliyyələşmə imkanlarının məhdudluğu da əsas problemlərdən biridir. Bizim üçün üstünlük ondan ibarət olub ki, müsbət nağd dövriyyə ilə fəaliyyət göstərmişik və bu da startapın dayanıqlı şəkildə ayaqda qalmasına imkan verib.

-Startapınızın 1-3 il sonra hansı vəziyyətdə olmasını gözləyirsiniz? Bazar genişlənməsi və ya yeni bazarlara daxil olmaq üçün hansı strategiyanız var? Texnologiya və innovasiyalar sizin işinizi necə dəyişdirir?

-Yaxın 1-3 il üçün əsas məqsədimiz "Hirpo"nu regionda orta və böyüyən bizneslər üçün əsas AI əsaslı HR Əməliyyat Sisteminə çevirməkdir.

Hazırda artıq 15+ ödənişli müştərimiz var və növbəti 2 il ərzində bu rəqəmi 50+ səviyyəsinə çatdırmağı hədəfləyirik.

Bu istiqamətdə biz məhsul olaraq ciddi transformasiya mərhələsindəyik. İlk olaraq AI dəstəkli performans idarəetmə modeli ilə başladıq, daha sonra işə qəbul, sorğular, HR diaqnostika və digər modulları sistemə inteqrasiya etdik.

Hazırda isə növbəti mərhələyə keçirik:
"Hirpo"nu sadəcə HR modulları təqdim edən platformadan çıxarıb, AI agentlər, HR texnologiyaları və peşəkar konsultantları bir araya gətirən vahid HR Əməliyyat Sistemi modelinə çeviririk.

Bazar genişlənməsi strategiyamız:

·         Lokal bazarda güclü nəticələr və referanslar qurmaq

·         Regiona (Mərkəzi Asiya və MENA) çıxış etmək

·         Partnyor və reseller modeli ilə böyümək

2026-cı ildə artıq ilk xarici satışlarımızı həyata keçirməyi planlaşdırırıq.

Texnologiya və innovasiya isə bizim üçün əsas fərqləndirici gücdür. Xüsusilə AI və agent əsaslı yanaşma sayəsində əvvəllər yalnız böyük şirkətlər üçün mümkün olan HR imkanlarını indi daha geniş bizneslər üçün əlçatan edirik.

-Startap dünyasına yeni daxil olanlara nə məsləhət verərdiniz?

-Ən vacib məsləhətim odur ki, startapı “oyun sahəsi” kimi yox, real biznes kimi qəbul etsinlər.

Startap qurmaq sadəcə ideya ilə bağlı deyil. Bu, müştərinin real problemini həll etmək, dəyər yaratmaq və bunun qarşılığında pul qazanaraq böyüməkdir.

Düşüncə tərzi biznesmen yanaşması üzərində qurulmalıdır:

Müştəri problemi nədir?

Bu problemi necə həll edirəm?

Bu həllə görə kim və niyə pul ödəyəcək?

Əlbəttə, uğursuzluqlar mümkündür və bu, prosesin bir hissəsidir. Amma başlanğıcdan doğru məntiqlə hərəkət etmək uğur ehtimalını ciddi şəkildə artırır.

 -Sizcə, uğurlu startapın ən vacib 3 xüsusiyyəti hansılardır?

-Real və geniş yayılmış problemi həll etməsi

Sadə və istifadə edilə bilən məhsul

Davamlı və ölçülə bilən biznes modeli

-Özünüzü və startapınızı motivasiya saxlamaq üçün hansı üsullardan istifadə edirsiniz?

-Ən böyük motivasiya real təsirdir.

Bir şirkətin HR proseslərinin sadələşməsi və daha effektiv işləməsi bizim üçün əsas nəticədir.

Bundan əlavə:

Kiçik uğurları qeyd edirik

Komandada şəffaflıq saxlayırıq

Uzunmüddətli vizyonu daim ön planda tuturuq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mübariz Şahbazlı: “Biznesin problemini həll etmədən startap uğur qazana bilməz” — Fins.az — Fins.az