Kənd iqtisadiyyatında yeni nəfəs,yerli məhsulların bazar potensialı-MÜSAHİBƏ

Kənd iqtisadiyyatında yeni nəfəs,yerli məhsulların bazar potensialı-MÜSAHİBƏ  

MÜSAHİBƏ
1,670

Fins.az Zaqatalanın Yuxarı Tala kəndində fəaliyyət göstərən  “Çinar Qadın Kooperativi”nin sədri Səadət Dibirova ilə müsahibə edib. Kooperativ modeli, kənd qadınlarının iqtisadi güclənməsi və yerli məhsulların bazara çıxarılması kimi mövzuların müzakirə olunduğu söhbətdə kənd təsərrüfatı və emal sahəsindəki imkanlar geniş şəkildə dəyərləndirilib. Səadət xanımın sözlərinə görə, birləşmiş resurslar və kooperativ yanaşması kiçik istehsalçıların bazara çıxışını asanlaşdırır, əlavə dəyər yaradır və kənddə iqtisadi aktivliyi artırır. Müsahibə həm kooperativ fəaliyyətinin üstünlüklərini, həm də qadın sahibkarlığının inkişaf perspektivlərini aydın şəkildə ortaya qoyur.

-Kooperativ modelinin kənd yerlərində üstünlüyü nədən ibarətdir?

-Kənd yerlərində bir çox qadın ev şəraitində mürəbbə, turşu və tutma kimi məhsullar hazırlayır. Lakin çox vaxt 20–30 banka məhsulu satışa çıxarmaq mümkün olmur, çünki bunun üçün qida təhlükəsizliyi sertifikatı və istehsal sexi kimi tələblər var. Kooperativ modeli bu problemi həll edir: qadınlar birləşərək resurslarını paylaşa bilirlər. Birinin istehsal sexi, digərinin texnikası, başqasının meyvə bağı və əl əməyi dəstəyi olur. Bu birləşmə sayəsində kiçik həcmdə istehsal da bazara çıxarıla bilir. Təkbaşına bu işi görmək üçün böyük maliyyə və texniki imkanlar tələb olunur, amma qadınlar birlikdə fəaliyyət göstərdikdə daha böyük nəticələr əldə edirlər.

– Kooperativlərin qadınların iqtisadi güclənməsində rolu nədir?

-Kooperativlər qadınların birlikdə işləməsi üçün çox effektiv modeldir. Onların əsas missiyası kənddə yeni iş yerləri yaratmaq, qadınların iqtisadi imkanlarını artırmaq və kəndin boşalmasının qarşısını almaqdır. Bu model sayəsində yerli məhsullar – meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsulları dəyər qazanır, satışdan daha çox gəlir əldə edilir. Nəticədə kənddə yaşayış səviyyəsi yüksəlir, insanlar öz doğma yerlərində qalmağa motivasiya olurlar.

-Kəndin əsas iqtisadi fəaliyyəti nədir?

-Bizim kənd əsasən fındıqçılıq və xurma istehsalı ilə məşğuldur. Bu iki sahə kəndin əsas gəlir mənbəyidir. Məqsədimiz təkcə xammal satışı deyil, həm də emal və əlavə dəyər yaratmaqdır ki, kənd təsərrüfatı məhsulları daha yüksək qiymətə bazara çıxa bilsin. Kooperativ modeli bu prosesdə mühüm rol oynayır, çünki birləşmiş resurslar sayəsində istehsal və satış imkanları genişlənir.

-Bəhməz istehsalınız necə həyata keçirilir? Ənənəvi üsullardan istifadə edirsinizmi?

– Bəhməz istehsalı bizim üçün həm ənənəvi, həm də müasir yanaşmanın sintezidir. Biz ənənəvi dadı qoruyub saxlamaqla, müasir texnologiyalardan istifadə edərək daha keyfiyyətli bəhməz istehsal edirik. Məqsədimiz həm orijinal dadı, həm də yüksək qida dəyərini təmin etməkdir.

-Xurmanın qurudulması necə həyata keçirilir?

Xurmanın qurudulması prosesi xüsusi avadanlıqlarla həyata keçirilir, çünki açıq havada qurutmaq mümkün olmur. Mövsüm dövründə hava soyuq və rütubətli olduğu üçün xurma təbii şəraitdə gec quruyur, keyfiyyəti və rəngi də istənilən səviyyədə alınmır. Əvvəllər ata-baba üsulu ilə xurma asılaraq qurudulurdu, amma bu metod çox vaxt aparırdı və məhsulun estetik görünüşü bugünkü standartlara cavab vermirdi. Müasir texnologiyalardan istifadə etməklə biz ənənəvi dadı qoruyuruq, eyni zamanda quruma prosesini daha sürətli və keyfiyyətli edirik.

– Məhsulların keyfiyyətinə necə nəzarət edirsiniz? Sertifikat məsələsi nə yerdədir?

– Biz istehsal prosesində keyfiyyətə yerli qaydada özümüz nəzarət edirik. Hər mərhələdə məhsulun təmizliyi, saxlanma şəraiti və emal qaydalarına diqqət yetiririk. Hazırda rəsmi qida sertifikatımız yoxdur, lakin bu istiqamətdə işlər aparılır. Sertifikatlaşma prosesini başa çatdırmağı planlaşdırırıq ki, məhsullarımız həm yerli, həm də potensial ixrac bazarları üçün tələb olunan standartlara cavab versin. Məhsulların yetişdirilməsinə də xüsusi diqqət yetirilir: vaxtında gübrələmə, düzgün qulluq və ekoloji təmiz yanaşma əsas prinsiplərimizdəndir. Xurma yetişdiyi dövrdə onu uzun müddət saxlamaq mümkün olmadığı üçün 20 gün ərzində emal edirik. Bu, məhsulun təravətini və keyfiyyətini qorumağa imkan verir.

– Fındıq məhsullarında aflatoksin riski ilə necə mübarizə aparırsınız?

– Fındıq istehsalında ən vacib məsələlərdən biri aflatoksin riskinin qarşısının alınmasıdır. Biz bu məqsədlə müvafiq nəzarət və mübarizə tədbirlərini həyata keçiririk. Böcəklərə qarşı profilaktik tədbirlər görür, məhsulun saxlanma şəraitinə xüsusi diqqət yetiririk. Aflatoksin kimi zərərli maddələrin yaranmaması üçün gigiyenik və texnoloji standartlara əməl edirik. Məqsədimiz istehlakçılara təhlükəsiz və keyfiyyətli məhsul təqdim etməkdir.

“Sadoş” brendinin fərqləndirici xüsusiyyəti nədir?

–Bu brend adı altında şirbiyyat məhsullarımız istehsal edilir. “Sadoş” brendinin əsas üstünlüyü məhsullarımızın tam təbii və qatqısız olmasıdır. Biz istehsalda heç bir süni əlavədən istifadə etmirik. Qurudulmuş xurma əsas məhsulumuzdur, eyni zamanda alma, zoğal və üzüm qurusu kimi məhsullar da istehsal edirik. Bəhməzə üyüdülmüş fındıq əlavə edirik ki, bu da məhsula həm dad, həm də qida dəyəri qatır. Ən mühüm fərqimiz odur ki, məhsullarımız tam təbiidir – heç bir kimyəvi qatqı yoxdur. Bu yanaşma istehlakçılar üçün sağlam və keyfiyyətli qida seçimi deməkdir.

Kooperativdə nə qədər insan çalışır və qadınların rolu necədir?

– Hazırda kooperativdə 12 qadın fəaliyyət göstərir. Bu xanımların hər biri öz qruplarını yaradaraq müxtəlif istehsal sahələrində çalışırlar. Bizdə sirkə istehsalı, mürəbbə, un məmulatları, bəhməz, quru meyvə, konfet və halva istehsalı kimi fərqli sahələr üzrə qruplar var. Bu model həm iş bölgüsünü səmərəli edir, həm də qadınların iqtisadi güclənməsinə töhfə verir. Qadınlar yalnız istehsalda deyil, həm də məhsulların bazara çıxarılması və brendin inkişafında fəal rol oynayırlar. Məqsədimiz kənd qadınlarının sahibkarlıq bacarıqlarını artırmaq və onlara iqtisadi imkanlar yaratmaqdır.

Zəncirotu məhsulları barədə nə deyə bilərsiniz? Bazar potensialı varmı?

– Zəncirotu məhsulları bizim üçün yeni, amma perspektivli bir sahədir. Bu məhsulları bir neçə sərgidə təqdim etmişik və alıcılar tərəfindən böyük maraq görmüşük. Qiymət baxımından da məhsullarımız rəqabətqabiliyyətlidir və alıcılar keyfiyyətdən məmnun qalırlar. Sertifikatlaşma prosesini tamamladıqdan sonra zəncirotu məhsullarını Azərbaycan bazarına geniş şəkildə çıxarmağı planlaşdırırıq. Zəncirotundan mürəbbə və iksirlər istehsal edirik – yarpağından, çiçəyindən və gövdəsindən istifadə olunur. Koronavirus dövründə bu məhsulu hazırlamağa başladıq və istifadə edənlər arasında ağır xəstəlik halları müşahidə olunmadı. Bu təcrübə məhsulun faydalılığına inamımızı artırdı və bazar potensialının yüksək olduğuna inanırıq.

– Zəncirotu mürəbbəsinin bazarda tələbatı olacaqmı?

– Düşünürəm ki, olacaq. Azərbaycan bazarında zəncirotu mürəbbəsi demək olar ki, geniş yayılmayıb, buna görə də yeni məhsul kimi maraq doğurur. İnsanlar getdikcə təbii və faydalı qidalara üstünlük verirlər. Biz də keyfiyyətli, sertifikatlı və dadlı məhsul təqdim edə bilsək, bazarda öz yerimizi tutacağımıza inanırıq. Məqsədimiz təkcə istehsal deyil, həm də sağlam qida mədəniyyətinin inkişafına töhfə verməkdir.

-Əsas boşluqlarınız nələrdir?

-Əsas boşluqlarımız marketinq və satış sahəsindədir. Qeyd etdiyim kimi bizim sertifikatımız olmadığı üçün biz marketlərə böyük mağazalara məhsullarımızı verə bilmirik. Ancaq sertifikat tələb olunur. Biz yeni-yeni başlayırıq. Bu da bizim çətinliyimizdir. Qablaşdırmamız düşündüyümüz qədər mükəmməl deyil. Üzərində işləyirik. Düşünürəm ki, bu da yaxın zamanlarda öz həllini tapacaq. Qarşılaşdığımız ən böyük çətinliklər bazardır və bazarın çətinliyidir. Gələcəkdə istehsalımızı böyütməyi düşünürük. Hazırda bizim bütün resurlarımız var ki, Azərbaycan bazarına daxil edə bilək. “Sadoş” şirniyyatlarının üzərində dayanırıq ki, istehsal etdiyimiz  bəhməz, quru meyvə fındığın- hər üçünün birləşməsindən gözəl  şirniyyatlar ortaya çıxaraq. Öz  məhsullarımıza dəyər qatacağıq. Bu gələcək üçün ən böyük planlarımızdan biridir.

-Kooperativ olaraq əldə etdiyiniz ən böyük uğur nədir və bu uğurun kəndin gələcəyinə təsiri nədən ibarətdir?

-Ən böyük uğurlarımızdan biri gəncləri öz sıralarımıza cəlb etməyi bacarmağımızdır. Bu, sadəcə statistik göstərici deyil, kəndin gələcəyinə olan inamın real təzahürüdür. Bu gün biz qürur hissi ilə deyə bilərik ki, paytaxtda daha rahat və yüksək maaşlı iş imkanları olduğu halda belə, gənc qızlarımız kənddə qalaraq fındıq bağlarına, kənd təsərrüfatına və emal sahəsinə öz maliyyə yatırımlarını etməyə üstünlük verirlər. Onlar risk edir, zəhmət çəkir, amma öz torpağına, öz kəndinə və öz potensialına inanırlar.

Bu, çox mühüm bir dönüş nöqtəsidir. Uzun illər kənddən şəhərə axın müşahidə olunurdusa, indi biz əks prosesin – kəndə qayıdışın ilk əlamətlərini görürük. Gənclər anlayır ki, kənd təsərrüfatı artıq yalnız ənənəvi zəhmət sahəsi deyil, həm də innovasiya, brendləşmə və ixrac potensialı olan gəlirli bir sektordur. Fındıqçılıq, emal məhsulları, aqroturizm və kooperativ modeli kənddə yeni iqtisadi imkanlar yaradır. Bu isə o deməkdir ki, kənd təsərrüfatına maraq artacaq, torpaq sahələri boş qalmayacaq və yerli istehsal güclənəcək.

Burada Azərbaycan Kənd Qadınları Assosiasiyasının rolunu xüsusi vurğulamaq lazımdır. Assosiasiya illərdir kənd qadınlarının iqtisadi fəallığının artırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mühüm işlər görür. Təlimlər, maarifləndirmə proqramları və şəbəkələşmə imkanları qadınların öz bizneslərini qurmasına və böyütməsinə real dəstək verir.

Eyni zamanda, Gülbəniz Qənbərovanın təşəbbüsləri və liderliyi bu prosesdə xüsusi əhəmiyyət daşıyır. Onun fəaliyyəti sayəsində kənd qadınları və gənclər daha inamlı olur, öz güclərinə daha çox inanırlar. Bu cür liderlik modeli göstərir ki, düzgün istiqamətləndirmə və dəstək olduqda kənd yerlərində böyük dəyişikliklər yaratmaq mümkündür.

Aynur Bayramova
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...