Emin Əliyev: "Azərbaycanda KOB-lar üçün bu sahədə sistemli və işlək mexanizm hələ formalaşmayıb" - MÜSAHİBƏ

Emin Əliyev: "Azərbaycanda KOB-lar üçün bu sahədə sistemli və işlək mexanizm hələ formalaşmayıb" - MÜSAHİBƏ

MÜSAHİBƏ
664

“Azərbaycan Menecment və İnvestisiya Korporasiyası” QSC-nin İdarə Heyətinin sədri, eyni zamanda Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədr müavini Emin Əliyev Fins.az-a geniş müsahibə verib.

E.Əliyev müsahibəsində KOB-ların mövcud vəziyyəti, onların qarşılaşdığı əsas çətinliklər və inkişaf perspektivləri ilə yanaşı, ümumilikdə biznes mühitində baş verən dəyişikliklərə və aqrar sektorun strateji əhəmiyyətinə də toxunub.

-Müasir iqtisadi mühitdə biznes anlayışının dəyişməsi kiçik və orta sahibkarlığa necə təsir edir?
-Hazırda biznes anlayışı ciddi transformasiyaya məruz qalıb. Lakin bu dəyişikliklər cəmiyyət daxilində hələ tam mənimsənilməyib və bir çox hallarda köhnə yanaşmalar üstünlük təşkil edir. Ən böyük yanlış təsəvvürlərdən biri strategiya və planlamanın yalnız iri bizneslər üçün zəruri hesab edilməsidir. Halbuki, məhdud resurslara malik kiçik və orta bizneslər üçün strateji yanaşma daha həyati əhəmiyyət daşıyır. Bu bizneslər üçün hər qərar kritikdir. Çünki səhv etmək imkanları məhduddur.

Bu vəziyyətin əsas səbəblərindən biri sahibkarlıq mədəniyyətidir. Bir çox hallarda biznes qərarları planlı yanaşmadan çox, situativ şəkildə qəbul olunur. Sahibkarlar bazarda müəyyən trend görəndə həmin istiqamətə yönəlirlər. Qısa müddətdə bu yanaşma nəticə versə də, uzunmüddətli perspektivdə davamlı olmur. Çünki bazar dinamikdir və yalnız analizə əsaslanan bizneslər dəyişikliklərə uyğunlaşa bilir.

Digər tərəfdən, cəmiyyətdə uğur anlayışının təqdim olunması da sahibkarların davranışına təsir edir. Daha çox iri bizneslərin nəticələri ön plana çıxarılır, lakin bu nəticələrə aparan proseslər, risklər və uğursuzluqlar diqqətdən kənarda qalır. Bu isə yeni başlayan sahibkarlarda gözləntilər yaradır və motivasiya itkisinə səbəb olur. Halbuki biznes uzunmüddətli prosesdir və uğur davamlı səylərin nəticəsidir.

-KOB-ların qarşılaşdığı əsas çətinliklər nədir?
-Kiçik və orta bizneslərin əsas problemi resurs məhdudiyyətidir. Bu, yalnız maliyyə ilə məhdudlaşmır. Eyni zamanda bilik, təcrübə, insan kapitalı və əlaqələr baxımından da çatışmazlıqlar mövcuddur. Böyük şirkətlər bu sahələrdə daha üstün imkanlara malik olduqları üçün bazarda daha stabil mövqe tuturlar. Böyük şirkətlərdən söz düşmüşkən onu da deyim ki KOB-ların inkişafında iri sahibkarlar daha çox rol oynamalıdırlar. Dünyada belədir. Bizdə iri sahibkarlar KOB-lara az etibar edir və geniş resurslarından istifadə edərək KOB-lardan ala biləcəkləri xidmət və məhsulları özləri yaradır və ya istehsal edir. Nəticədə KOB-ların inkişaf məsuliyyəti yenidən dövlətin üzərinə düşür. Bu tendensiya yaradılmadıqca KOB-ların ciddi inkişafından söhbət gedə bilməz.

Kiçik bizneslər isə bu çatışmazlıqları yalnız düzgün idarəetmə və strateji yanaşma ilə kompensasiya edə bilər. Bu baxımdan təlim və məsləhət xidmətlərinin rolu xüsusilə önəmlidir. Lakin mövcud təcrübə göstərir ki, bu sahədə təqdim olunan proqramlar çox vaxt iri biznes modellərinə əsaslanır və kiçik sahibkarlar üçün praktik baxımdan effektiv olmur.

Dövlət dəstəyi sahəsində də müəyyən irəliləyişlər var. Kreditlər və subsidiyalar sahibkarların inkişafına dəstək verir. Lakin maliyyə təkbaşına kifayət etmir. Bu resursların effektiv istifadəsi üçün sahibkarların bilik və bacarıqları da inkişaf etdirilməlidir. Əks halda, ayrılan vəsait gözlənilən effekti vermir.

Daha effektiv yanaşma kompleks dəstək modelidir. Yəni sahibkara yalnız maliyyə deyil, eyni zamanda mentorluq və praktiki məsləhət də verilməlidir. Bu, bizneslərin davamlılığını artırır və onların iqtisadiyyata töhfəsini gücləndirir.

Azərbaycan sahibkarı çox vaxt eyni anda bir neçə problemi həll etməyə çalışır: biznes qurmaq, maliyyə tapmaq, bazarda mövqe tutmaq və riskləri idarə etmək. Bu isə resursların parçalanmasına gətirib çıxarır və nəticələrin effektivliyini azaldır.

Bazarda tez-tez müşahidə olunan digər problem isə eyni tip bizneslərin sürətlə artmasıdır. Müəyyən dövrlərdə konkret sahələr populyarlaşır və çox sayda sahibkar həmin istiqamətə yönəlir. Nəticədə bazar doyur və rəqabət kəskinləşir. Bu şəraitdə yalnız fərqlənən və planlı fəaliyyət göstərən bizneslər bazarda qalır.

Bütün bu çətinliklərə baxmayaraq, KOB-ların rolu getdikcə artır. Qeyri-neft sektorunun inkişafı, regionlarda iqtisadi aktivliyin artırılması və yeni iş yerlərinin yaradılması baxımından bu sektor strateji əhəmiyyət daşıyır. Lakin bu potensialın reallaşması üçün sahibkarların yanaşması dəyişməlidir. Onlar biznesə sistemli fəaliyyət kimi baxmalı, planlama və analizə üstünlük verməlidirlər.

Cəmiyyətdə də uğura yanaşma dəyişməlidir. Uğur yalnız nəticə ilə deyil, proseslə də qiymətləndirilməlidir. Bu, daha sağlam sahibkarlıq mühitinin formalaşmasına kömək edər.

Siz həm də aqrar sahə üzrə mütəxəssissiniz. Siz bu sahənin mövcud vəziyyətini və əsas problemlərini necə qiymətləndirirsiniz?
– Son illərdə aqrar sahədə ciddi irəliləyişlər müşahidə olunur. Dövlət dəstəyi artıb, müxtəlif proqramlar həyata keçirilir və yeni texnologiyaların tətbiqi təşviq olunur. Lakin buna baxmayaraq, fundamental problemlər hələ də qalır.

Əsas problemlərdən biri xarici asılılıqdır. Toxum, ting və gübrə kimi əsas aqrar resursların böyük hissəsi idxal olunur. Bu isə sektorun dayanıqlılığı baxımından risk yaradır. Bu problemi qısa müddətdə həll etmək mümkün deyil. Burada uzunmüddətli strategiya, elmi baza və kadr potensialının inkişafı vacibdir.

Eyni zamanda Azərbaycan torpaq potensialına görə üstün mövqedədir. Ölkədə geniş və məhsuldar ərazilər mövcuddur. Dünyada daha çətin şəraitə malik ölkələrin belə aqrar sahədə böyük uğurlar əldə etdiyini nəzərə alsaq, Azərbaycanın imkanları daha genişdir. Əsas məsələ bu resurslardan səmərəli istifadə etməkdir.

-Aqrar sahəyə daxil olan investor hansı sektora önəm verməlidir?
-Bu sahəyə daxil olmaq istəyənlər üçün ən vacib addım düzgün istiqamət seçməkdir. Bunun üçün bazar araşdırması aparılmalı və idxaldan asılı olan məhsullar müəyyən edilməlidir. Məhz bu sahələrdə fəaliyyət göstərmək daha perspektivlidir .Kartof istehsalı buna nümunədir. Azərbaycan bu məhsul üzrə idxaldan asılıdır, halbuki daxildə istehsal üçün kifayət qədər imkan var. Problem isə sistemli yanaşmanın və texnologiyaların yetərli səviyyədə tətbiq olunmamasıdır. Eyni vəziyyət digər məhsullar üzrə də mövcuddur. Bəzi sahələr potensialına uyğun inkişaf etməyib. Halbuki bu sahələr həm daxili bazar, həm də ixrac üçün imkanlar yarada bilər.

Burada sahibkarların yanaşması həlledici rol oynayır. Çox vaxt qərarlar analizə deyil, qısa müddətli trendlərə əsaslanır. Bunun nəticəsi kimi bazarda “bum” effektləri yaranır.

Məsələn, bir dövrdə sarımsağın qiymətinin artması kütləvi marağa səbəb oldu. Çox sayda sahibkar bu sahəyə daxil oldu, lakin nəticədə təklif artdı və qiymətlər kəskin şəkildə aşağı düşdü. Bu isə bir çox sahibkarın zərər etməsi ilə nəticələndi.

Bu, klassik tələb-təklif qanunudur. Bazara plansız daxilolmalar qiymətlərin düşməsinə səbəb olur. Buna görə də hər qərar analiz edilməli və risklər nəzərə alınmalıdır.

Ümumilikdə aqrar sahədə uğur qazanmaq üçün əsas prinsip sadədir: bazarı öyrənmək, ehtiyacı müəyyən etmək və planlı şəkildə fəaliyyət göstərmək. Qısa müddətli qazanc mümkün olsa da, davamlı uğur yalnız strateji yanaşma ilə əldə olunur.

Sonda qeyd etmək olar ki, Azərbaycanın aqrar sektoru böyük potensiala malikdir. Bu potensialın reallaşması üçün isə sistemli yanaşma, düzgün istiqamətləndirmə və yerli istehsalın gücləndirilməsi əsas şərtlərdir. Bu halda aqrar sektor ölkə iqtisadiyyatının aparıcı dayaqlarından birinə çevrilə bilər.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Emin Əliyev: "Azərbaycanda KOB-lar üçün bu sahədə sistemli və işlək mexanizm hələ formalaşmayıb" - MÜSAHİBƏ — Fins.az — Fins.az