Elşən Fərzəliyev:“Biz tələbəni sıfırdan iş mühitinə qədər müşayiət edirik”-İDTech klassik tədris modelindən fərqlənir” MÜSAHİBƏ

Elşən Fərzəliyev:“Biz tələbəni sıfırdan iş mühitinə qədər müşayiət edirik”-İDTech klassik tədris modelindən fərqlənir” MÜSAHİBƏ

MÜSAHİBƏ
670

Fins.az informasiya texnologiyaları və təhsil istiqamətində uzun müddətli təcrübəyə malik, Avicom şirkətinin direktor müavini, İDTech şirkətinin direktoru Elşən Fərzəliyevdən müsahibə alıb.

-İDTech-in bazara daxil olduğu dövrdə qarşıya qoyulan əsas strateji hədəflər nə idi və bu gün həmin hədəflərin reallaşma səviyyəsini necə qiymətləndirirsiniz?

-İDTech olaraq bazara daxil olarkən əsas məqsədimiz sadəcə tədris mərkəzi yaratmaq deyildi. Bizim strateji hədəfimiz Azərbaycanda texnologiya təhsilinə yanaşmanı dəyişmək, insanlara yalnız bilik deyil, real karyera nəticəsi vermək, sənaye, universitet və təhsil mərkəzi əlaqəsini gücləndirmək idi.  Bu istiqamətdə üç əsas fokusumuz var idi: praktik yönümlü tədris modeli qurmaq, tələbələri real əmək bazarına hazırlamaq və beynəlxalq standartlara uyğun təlim ekosistemi yaratmaq.

Bu gün geriyə baxdıqda deyə bilərik ki, bu hədəflərin böyük hissəsi artıq reallaşıb. Məzunlarımızın işə yerləşməsi, beynəlxalq sertifikatlara yönləndirmə, tələbələrin real layihələr üzərində işləməsi, universitetlər, dövlət və özəl orqanlarla layihələr bizim modelin effektivliyini göstərir. Amma biz bunu yekun nəticə kimi yox, davam edən bir proses kimi görürük.

-Sizi klassik tədris mərkəzlərindən fərqləndirən əsas dəyər təklifi konkret olaraq nədən ibarətdir?

-Əsas fərqimiz ondan ibarətdir ki, biz kurs satmırıq, biz karyera qururuq. Klassik tədris mərkəzləri adətən nəzəri bilik ötürür. Biz isə tələbəni sıfırdan başlayaraq əmək bazarına çıxana qədər müşayiət edirik. Tədris prosesində real ssenarilər, praktiki tapşırıqlar və layihə əsaslı yanaşma tətbiq olunur. Tələbə bizə müraciət etdiyi andan etibarən ona ödənişsiz konsultasiya vasitəsilə düzgün istiqamətlənməsini təmin edirik. Bundan sonra tədris müddətində təlimlə yanaşı müxtəlif mütəxəssislərlə görüşlər təmin edirik. Sonda isə CV və müsahibə dəstəyi ilə tələbəni real iş mühitinə hazır edirik.

Bundan əlavə, biz tələbələrin yalnız texniki biliklərini deyil, eyni zamanda problem həll etmə, analitik düşüncə və komanda işi kimi bacarıqlarını da inkişaf etdiririk. Bu isə onları bazarda fərqləndirən əsas amilə çevrilir.

-Bugünkü əmək bazarında IT mütəxəssislərinə olan tələbatı necə qiymətləndirirsiniz və bu tələb hansı istiqamətlər üzrə daha yüksəkdir?

-Hazırda IT sahəsində tələb çox yüksəkdir və bu trend yaxın illərdə də davam edəcək. Xüsusilə DevOps, kibertəhlükəsizlik, süni intellect, elektronika mühəndisliyi, data analitika və bulud texnologiyaları sahələrində ciddi kadr çatışmazlığı müşahidə olunur. Eyni zamanda, giriş səviyyədə iş imkanlarına rəqabət artsa da, keyfiyyətli və praktiki bacarıqlara malik mütəxəssislərə olan ehtiyac hələ də yüksəkdir.

Əmək bazarında əsas problem say yox, keyfiyyətdir. Şirkətlər artıq sadəcə sertifikat yox, real bacarıq tələb edir.

-Təlim keyfiyyətinin ölçülməsi üçün hansı KPI-lardan istifadə edirsiniz?

-Bizim üçün təlim keyfiyyətinin əsas göstəricisi tələbənin nəticəsidir. Bu səbəbdən bir neçə əsas KPI üzərində fokuslanırıq: məzunların işə yerləşmə faizi, kursu uğurla bitirmə göstəricisi, tələbə məmnunluğu və beynəlxalq sertifikat əldə edənlərin sayı. Lakin tədris prosesində tələbələrə aylıq geridönüş formları göndərilir, alınan nəticələr təhlil edilir, əməkdaşların inkişafı üçün təlimlər təşkil olunur.Bundan əlavə, tələbələrin real layihələrdə iştirakı və praktiki tapşırıqları yerinə yetirmə səviyyəsi də bizim üçün vacib ölçü meyarıdır. Biz nəticələri yalnız daxili deyil, bazar reaksiyası ilə də qiymətləndiririk.

 -Instruktor heyətinin seçimi və inkişafı üzrə tətbiq etdiyiniz yanaşma nədən ibarətdir?

-Bizim üçün yaxşı müəllim yalnız bilikli olan deyil, öyrədə bilən insandır. Instruktor seçimində əsas kriteriyalarımız real iş təcrübəsi, texniki dərinlik və kommunikasiya bacarıqlarıdır. Seçim prosesində müəllimlərimizin ən azı 4 illik texniki təcrübəsinin olmasına nəzər yetirir, pedoqoji təcrübəsinə isə üstünlük veririk. Lakin seçimdən sonra proses bitmir — biz müəllimlərin davamlı inkişafına xüsusi diqqət yetiririk.

Daxili təlimlər, metodologiya sessiyaları və tədris keyfiyyətinin monitorinqi vasitəsilə instrukturların inkişafını təmin edirik. Məqsədimiz hər müəllimi sadəcə ekspert yox, mentor səviyyəsinə çatdırmaqdır.

-Texnologiyanın sürətli inkişafı fonunda tələbələrin “future-proof” bacarıqlar əldə etməsi üçün hansı modellərdən istifadə edirsiniz?

-Bu gün texnologiya çox sürətlə dəyişir və konkret alətlərdən daha vacibi düşüncə tərzidir. Biz hal-hazırda bir neçə universitetlə müxtəlif beynəlxalq təlimlər istiqamətində layihələr icra edirik. Həmin layihələr sənaye ilə razılaşdırılmış tədris proqramları və istiqamətlər üzrə aparılır. Həmçinin AR Daxili İşlər Nazirliyi ilə birgə təşkil etdiyimiz “Rəqəmsal Gənclər” təqaüd proqramında tədris bu və digər təşkilatların istəklərinə uyğun hazırlanmış formada aparılıb. Həmçinin, “Qadınların İnkişafı Proqramı” kimi tamamilə ödənişsiz nəzərdə tutulan layihəmiz də xanımlarımızın gələcək yönümlü iş mühitinə hazırlığını nəzərdə tutur. Biz tədrisdə yalnız texnologiyanı yox, öyrənmə bacarığını öyrədirik. Yəni tələbə konkret bir aləti yox, yeni texnologiyanı necə mənimsəməli olduğunu başa düşür. Bunun üçün layihə əsaslı öyrənmə, problem yönümlü tapşırıqlar və real ssenarilərdən istifadə edirik. Məqsədimiz tələbənin dəyişən bazara uyğunlaşa bilən, çevik mütəxəssis kimi formalaşmasıdır.

 - Qeyd etdiniz ki, Türkiyədə Olimpiyadada iştirak edirsiniz, bununla bağlı məlumat verərdiniz.

-Hazırda İDTech Tədris Mərkəzinin 8–16 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş mərkəzi olan İDSchool bir neçə komanda ilə Türkiyənin Antalya şəhərində 22–25 aprel tarixlərində keçirilən Fibonaççi Avrasiya Robot Olimpiadasında ölkəmizi təmsil edir. Bu iştirak bizim üçün xüsusi əhəmiyyət daşıyır, çünki bu komandalar həmin yarışa Bakı mərhələsində qazandıqları uğurlarla vəsiqə qazanıblar. Beləki 7-8 mart tarixlərində keçirilən beynəlxalq olimpiyadada 7 komandamızın 6-sı qaliblər sırasında oldu. Şagirdlərimizin beynəlxalq səviyyədə çıxış etməsi onların erkən yaşdan texnologiya sahəsində inkişafının real göstəricisidir. İDSchool olaraq potensiallı şagirdləri üzə çıxarmaq üçün “Yarat” təqaüd proqramı da elan edirik. Təqaüd çərçivəsində 8-16 yaşlı uşaqlar ödənişin tamamından və ya böyük hissəsindən azad olurlar.

Bu cür platformalar uşaqlarda həm texniki bacarıqları, həm də özünə inamı formalaşdırır. Bizim məqsədimiz isə bu potensialı erkən yaşdan inkişaf etdirərək gələcəyin mütəxəssislərini yetişdirməkdir.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Elşən Fərzəliyev:“Biz tələbəni sıfırdan iş mühitinə qədər müşayiət edirik”-İDTech klassik tədris modelindən fərqlənir” MÜSAHİBƏ — Fins.az — Fins.az