“Böhran fürsətə çevrilir: sahibkarların hazır olmalı olduğu strategiyalar” -Elvin Dadaşsoy

“Böhran fürsətə çevrilir: sahibkarların hazır olmalı olduğu strategiyalar” -Elvin Dadaşsoy 

MÜSAHİBƏ
500

Uğurlu sahibkarlığın arxasında təsadüf dayanmır — hər şey planlı və məqsədyönlü həyat tərzindən qaynaqlanır. Bu dəfə həmsöhbətimiz “Panda School” brendinin və Ellin Peşə Mərkəzinin qurucusu, sahibkar Elvin Dadaşsoydur.

Müsahibədə o, gündəlik iş planlamasından risklərə yanaşmasına, böhran dövrlərində sahibkarların izləməli olduğu strategiyalardan gələcək hədəflərinə qədər bir çox maraqlı və faydalı məqamlara toxunur. Elvin Dadaşsoy həmçinin uğurlu sahibkar olmağın prinsiplərini, məhsuldarlığı artırmaq üçün tətbiq etdiyi metodları və bazarda rəqabətə hazırlıq yollarını bizimlə bölüşür.

Finss.az sahibkar Elvin Dadaşsoy ilə müsahibəni təqdim edir:

– Gününüzü adətən saat neçədə başlayırsınız və necə planlaşdırırsınız?

– Mən işi günlə yox, sistemlə idarə edirəm. Tez-tez soruşurlar ki, bu qədər işi necə çatdırırsınız, bir neçə biznesi eyni anda necə idarə etmək olar? Açıq deyim, bunun cavabı nə möcüzədir, nə də motivasiya cümləsi. Cavab sadədir, amma tətbiqi çətindir — sistem.

Plansız işləyə bilmirəm. Plan olmayanda insan hadisələrin arxasınca qaçır, hadisələri idarə etmir. Mənim üçün il dekabrın 25–30-u arası başlayır. Həmin günlərdə özümlə tək qalır və qarşıdakı ilin xəritəsini hazırlayıram.

Bu xəritədə aşağıdakılar yer alır:

• Hansı şirkətləri quracağıq

• Hansı şirkətləri bağlayacağıq

• Hansı sahələrə investisiya edəcəyik

• Hansı layihələrdən çıxacağıq

• İl ərzində neçə dəfə səyahət edəcəyəm

• Neçə kitab oxuyacağam

• İdman planım

Bu sadəcə plan deyil — ilimin konturudur. Daha sonra bu planı aylara, ayları həftələrə, həftələri isə günlərə bölürəm. Planın içində “toxunulmaz zonalar” var. Mən onlara “qablar” deyirəm: ailə vaxtı, istirahət günləri, planlaşdırılmış səfərlər. Bu vaxtlara iş daxil olmur. Çünki iş uğrunda ailəni itirmək uğur deyil.

– Gündəlik həyatınız necə keçir?

– İş günüm adətən saat 09:30-da başlayır. Yuxudan durduqdan sonra mütləq qısa da olsa idman edirəm — 10–15 dəqiqə. Bu, günün enerjisini dəyişir.

Sumqayıtda yaşayıram. İlk olaraq oradakı şirkətimizə baş çəkir, görüşlər keçirirəm. Daha sonra Bakıya gəlirəm. Bakıda peşə məktəblərimizdə iclaslar və görüşlər olur.

Həftədə 2–3 dəfə günün ortasında yenidən idman edirəm. Saat 18:00-da iş rejimi bitir və ailə rejimi başlayır. Şənbə-bazar günlərinin 90 faizini ailəmə ayırıram. Axşamlar işlə məşğul olmuram. Uşaqlarım saat 22:30-da yatır. Onlar yatdıqdan sonra 1–1,5 saat kitab oxuyuram. Saat 23:30–00:00 arası isə özüm yatıram. Bu ritm mənim balansımdır.

– İşləri necə idarə edirsiniz?

– Mənim üçün bütün işlər eyni dəyərdə deyil. İşləri iki kateqoriyaya bölürəm:

1. Strateji dəyər yaradan işlər

2. Gündəlik operativ işlər

Məsələn, valideyn dərs qrafiki ilə bağlı müraciət edirsə, bunu menecer həll edir. Amma böyük layihə təklifi və ya dövlət qurumu ilə görüş varsa, orada mən iştirak edirəm.

Səlahiyyət bölgüsü vacibdir. İcraçı direktor, menecer, resepsion — hər kəs öz məsuliyyət sahəsini bilir. Sahibkar hər işə özü qaçırsa, biznes böyüməz. Çünki o artıq sahibkar yox, operator olur.

– “Panda” ideyası necə yarandı?

– 2013-cü ildə ingilis və rus dili kursları ilə başladım. Zamanla gördüm ki, uşaqlar kurslara daha uzunmüddətli gəlir, valideynlər daha sadiqdir və nəticə daha dayanıqlıdır. Qərar verdik ki, böyüklər üçün kursları dayandıraq və uşaqlar üçün ayrıca brend yaradaq — “Panda School”.

Brendi sistemləşdirdik, franşiza mexanizmi qurduq və addım-addım böyüdük. Franşizaların sayı 20-ni keçdi. Zamanla “Panda School”un məzunları böyüdü və onlar üçün ayrıca bir mühitə ehtiyac yarandı. Beləliklə, “Dadaşsoy Business School” formalaşdı.

Burada əvvəlcə biznes yönümlü təlimlər keçirilirdi. Daha sonra qrafik dizayn, SMM, dərzilik, aşpazlıq və şirniyyatçılıq kimi ixtisaslar əlavə olundu. Bu istiqamət böyüyərək ayrıca peşə məktəbinə çevrildi. Hazırda isə bağçalar şəbəkəsi üzərində işləyirik. Qısa müddətdə 10 bağçadan ibarət şəbəkə qurmaq hədəfimizdir.

– Risk sizin üçün nədir?

– Riskdən qorxmayan sahibkar yoxdur. Mən də qorxuram. Fərq ondadır ki, qorxuya baxmayaraq hərəkət edirəm. Risk əzələ kimidir — kiçik risklərlə başlayırsan, təcrübə toplayırsan, mərhələli şəkildə böyüyürsən və dözümlülüyün artır.

Bir sahibkar üçün 100 milyon risk ola bilər, digəri üçün 100 min. Bu, təcrübə, sistem və psixoloji hazırlıqdan asılıdır. Mən risk edirəm, amma ölçərək edirəm.

– İnsanların pula yanaşması necə olmalıdır?

– Pul barədə inanclar uşaqlıqdan formalaşır. Əgər sənə “çox pul çox problemdir” və ya “pul insanı korlayır” deyiblərsə, bu düşüncələr səni böyüyəndə bloklaya bilər.

Çox pul qazanmaq bir bacarıqdır. Qazandığın pulu qorumaq və artırmaq isə tamam başqa bacarıqdır. Hər ikisi öyrənilə bilər — kitablarla, təcrübə ilə və doğru insanlarla ünsiyyət vasitəsilə.

– Niyə bizneslər bağlanır?

Bizneslər müxtəlif səbəblərdən bağlanır:

• Tələbat düzgün analiz edilmir

• Maliyyə düzgün idarə olunmur

• Komanda səhv seçilir

• Məhsul keyfiyyətsiz olur

• Rəqabət düzgün qiymətləndirilmir

Dünyada açılan bizneslərin 70%-dən çoxu ilk üç ildə bağlanır. Bu, normal statistikadır və Azərbaycan da istisna deyil.

– Sahibkarlığı necə təsvir edərdiniz?

– Sahibkarlıq sadəcə biznes qurmaq deyil. Sahibkarlıq plan qurmaq, sistem yaratmaq və risklərə baxmayaraq addım atmaq sənətidir.

Uğurlu sahibkar daim öyrənir. Çünki dünya dəyişir, bazar dəyişir, insanlar dəyişir. Əgər inkişaf etməsən, geridə qalacaqsan. Hər uğursuzluq və hər yeni təcrübə sahibkara daha güclü qərarlar verməyi öyrədir. Sahibkarlıq daimi hərəkət və öyrənmə prosesidir.

– Gözlənilən iqtisadi böhranla bağlı sahibkarlara tövsiyəniz nədir?

– Sahibkarlar üçün ən vacib qaydalardan biri nağd pul ehtiyatını qorumaqdır. Bu, sadəcə tövsiyə deyil — biznesin təhlükəsizlik yastığıdır.

2027–2028-ci illərdə dünyada, eləcə də Azərbaycanda iqtisadi çətinliklərin olacağı proqnozlaşdırılır. Qiymət artımları, bazar tənəzzülü və maliyyə sıxıntıları mümkündür.

Belə dövrlərdə likvid vəsaiti olan sahibkarlar böhranı daha az itki ilə keçə, hətta fürsətə çevirə bilərlər. Nağd pul sahibkarın təhlükəsizlik şəbəkəsi və böhrandan qorunma strategiyasıdır. Ona görə də likvidlik hər zaman prioritet olmalıdır.

Unutmaq olmaz: böhranlar qaçılmazdır. Amma hazırlıqlı olan sahibkar geridə qalmır — əksinə, irəli çıxır.

Aynur Bayramova
Finss.az

IMG_20251202_201659_927.jpg
IMG_20250411_164109_618.jpg.jpeg
IMG_20250411_164109_782.jpg.jpeg

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Böhran fürsətə çevrilir: sahibkarların hazır olmalı olduğu strategiyalar” -Elvin Dadaşsoy — Fins.az — Fins.az